Əsas Səhifə > Ölkə > POLİS RƏİSLƏRİ MÜSABİQƏ YOLU İLƏ SEÇİLİR
POLİS RƏİSLƏRİ MÜSABİQƏ YOLU İLƏ SEÇİLİR31-10-2011, 15:43 |
İMTAHANA YAŞI 30-DAN ÇOX, BOYU 165 SM-DƏN AZ OLMAYAN NAMİZƏDLƏR QATILA BİLƏR Azərbaycan Daxili İşlər Nazirliyi polis orqanlarında vakant olan orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib. «APA-ECONOMICS»in məlumatına görə, müsabiqəyə cinayət-axtarış üzrə əməliyyat müvəkkili, təhqiqatçı, polis sahə inspektoru, yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifələri çıxarılıb. Sonuncu vəzifəni müəllimlər, qalanlarını isə hüquqşünaslar tuta bilər. Bu vəzifələri tutmaq üçün müsabiqə TQDK tərəfindən təşkil olunan test imtahanı və müsahibədən ibarətdir. İmtahanda suallar daxili işlər orqanlarının fəaliyyətinə aid qanunvericiliyə, insan hüquq və azadlıqlarına dair beynəlxalq aktlara, eləcə də məntiqi məsələlərə aid olacaq. İmtahana yaşı 30-dan çox, boyu 165 sm-dən (qadınlar üçün 160 sm-dən) az olmayan namizədlər qatıla bilər. Sadalanan vəzifələr Astara, Ağsu, Ağdam, Cəlilabad, Gədəbəy, Qobustan, Lerik, Masallı, Şəki, Zaqatala, Zərdab, Biləsuvar, Nizami (Gəncə), Xaçmaz, Qax, Lerik, Sabirabad, Kürdəmir, Qusar, Lənkəran Laçın, Şabran, Yardımlı, Zəngilan şəhər və rayonları üçün nəzərdə tutulub. Yeri gəlmişkən, müsabiqəyə çıxarılan vəzifələr arasında Bakı şəhərinin polis orqanları yoxdur. Həmçinin elanda da bildirilir ki, müsabiqə qalibləri göstərilən vəzifələri tutandan sonra onların xidməti iş yerləri Bakı, Sumqayıt və Xırdalana dəyişdirilməyəcək. Müsabiqəyə qatılmaq istəyənlər rayonlarda polis şöbələrinə, Bakıda isə DİN-ə müraciət etməlidirlər. Namizədlərin fiziki hazırlığı daxili işlər orqanı əməkdaşları üçün nəzərdə tutulan normalara cavab verməlidir. Daha ətraflı məlumatı www.mia.gov.az saytından almaq olar. Geri qayıt |