Əsas Səhifə > Gündəm, Manşet > BİLƏCƏRİDƏ İŞIQ ZÜLMÜ

BİLƏCƏRİDƏ İŞIQ ZÜLMÜ


31-10-2011, 13:02
BİLƏCƏRİDƏ İŞIQ ZÜLMÜ

BİR QRUP SAKİN YERLİ İDARƏ RƏİSİNİ KORRUPSİYADA İTTİHAM EDİR

DİA.AZ: - Binəqədi rayon, Biləcəri enerji təsisat şöbəsinin rəisi Adil Rəfiyevlə bağlı redaksiyamıza şikayət daxil olub. Bu barədə «Dünya» İnformasiya agentliyinə (dia.az) müraciət edən narazı sakinlərin sözlərindən belə məlum olur ki, Adil Rəfiyev Biləcəri, Sulutəpə və Xocəsən qəsəbəsində abunəçilərə gün verib işıq vermir. Onun bu işdə əsas ortağı, daha doğrusu, qara işlərinin icraçısı isə Süleyman adlı mühəndisdir.

Bu barədə redaksiyamıza ünvanlanan şikayət məktubunda deyilir: «Qeyri-qanuni yollarla vətəndaşları və sahibkarları incidərək, onlardan rüşvət tələb edən bu şəxslərin kimə işlədikləri, hansı mərama qulluq etdikləri məlum deyil. Əgər onlar bu yolla hansısa məmurun etimadını qazanmağa çalışırlarsa, minlərlə ailəni də eyni zamanda bu hakimiyyətə qarşı narazı salırlar.

Sakinlərin sözlərindən məlum olur ki, Adil Rəfiyev vətəndaşlardan əlavə pul qopara bilməsi üçün davamlı olaraq müxtəlif bəhanələr altında işıqları kəsir. Sonradan məlum olur ki, işıqlar səbəbsiz yerə kəsilib. Sadəcə olaraq Adil Rəfiyevə və onun kassirinə çevrilmiş Süleymana pul verilməlidir.

Buna etiraz etdikdə isə Adil Rəfiyev də özünün bir kimsə olmadığını yığdıqlarını yuxarıya - Bakı Elektrik Şəbəkə ASC-nin rəhbəri Baba Rzayevə verdiyini söyləyib. Bu barədə daxil olan məlumatda bildirilir ki, Adil Rəfiyev hətta narazı sakinləri borclu çıxarır da: «Sakinlərə deyir ki, «siz heç bilirsinizmi ki, mən hər ay yuxarılara nə qədər haqq verirəm, bu pulu cibimdən qoyası deyiləm ki, sizdən çıxarmalıyam da».»

Onu da bildirək ki, redaksiyamıza daxil olan şikayət məktubu eyni zamanda prezident İlham Əiyevə, baş prokuror Zakir Qaralova və daxili işlər naziri Ramil Usubova da ünvanlanıb. Məktubu imzalayan Biləcəri sakinləri dövlətdən yardım istəyirlər: «İnanırıq ki, dövlətimizin rəhbərliyi yerlərdə olan bu məmur özbaşınlığından və məmurların çirkin əməllərindən xəbərsizdir. Amma ümidvarıq ki, çox yaxın bir zaman ərzində bu korrupsioner, dələduz məmurlar layiqli formada cəzalandırılacaqlar».


Geri qayıt