Əsas Səhifə > Ölkə, Manşet > FHN ŞEFİNİN ADAMLARINDAN ŞOK SEÇKİ TƏDARÜKÜ

FHN ŞEFİNİN ADAMLARINDAN ŞOK SEÇKİ TƏDARÜKÜ


10-09-2012, 13:33
FHN ŞEFİNİN ADAMLARINDAN ŞOK SEÇKİ TƏDARÜKÜ

KƏMALƏDDİN HEYDƏROV PARTİYA YARADIR

DİA.AZ: - Hələ il yarım əvvəl yerli mətbuatda belə bir informasiya yer almışdı ki, artıq özünü iqtisadi müstəvidə fövqəlgüc hesab edən Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu qüdrətini siyasət meydanında da hiss etdirmək niyyətindədir. Əslində Kəmaləddin Heydərov bu gün müqayisəolunmaz media imkanlarına görə, həm də siyasi güc kimi önə çıxır, amma onun ayrıca olaraq partiya yaratmaq ideyasından çıxış etməsi barədə yayılan xəbərlərdə vurğulanırdı ki, FHN şefi iqtidar düşərgəsinin ikinci hakimiyyət partiyasını yaratmaq niyyətindədir.

Əslində 2013-cü il prezident seçkilərində gərginliklərin müşahidə olunacağı indidən bəllidir. Həm ölkə daxilində baş verənlər və həm də kənar qüvvələrin Azərbaycandakı maraq dairələrini genişləndirmə təşəbbüsləri, bu yöndəki xüsusi fəallıqları belə deməyə əsas yaradır ki, gözlənilən prezident seçkiləri ərəfəsində ciddi dəyişikliklər müşahidə olunacaq.

Təbii ki, hər bir ağıllı adam da bu dəyişikliklərə indidən tədarük görməlidir ki, sonradan baş verənlərin quyruğuna çevrilməsin. Elə bu ideyadan çıxış edən Kəmaləddin Heydərov əlindəki imkanları toparlayaraq, yeni siyasi təşkilat quruculuğan baş vurub. Bu barədə DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynaqların iddiasına görə, əslində FHN şefi köhnədən olan ideyasının realizəsi qərarını verib:

«Həqiqətən də Kəmaləddin Heydərov bir siyasi gücü əlində saxlamaq istəyir. Bu günə kimi FHN şefinə ölkə daxilində hansısa gənclər təşkilatını himayə etməyi belə rəva görməyiblər. Amma indi situasiya fərqli rəng aldığından FHN şefi hələlik qeyri-hökumət təşkilatı kimi tanınacaq bir ictimai birliyin təməlinin atılması yönündə yaxınlarının hərəkət keçməsinə göstəriş verib».

Yeni yaradılacaq ictimai birliyin Vətəndaş Cəmiyyətinin quruculuğu yönündə fəaliyyət göstərəcyini bildirən mənbəmiz bu işdə FHN şefinin oğlu Taleh Heydərovun rəhbər olacağını da vurğuladı: «Təbii ki, Kəmaləddin Heydərov öz varisini siyasi olimpə daşıma qayğısı içindədir və yeni yaradılacaq, həmçinin birbaşa olaraq iç siyasətə aid olacaq təşkilat da Taleh Heydərovun yerli cəmiyyətə tanıdılması və yerli cəmiyyətdə təsdiqi üçün bir vasitə-tramplin rolunu oynamış olacaq».

Seçkilərə yaxın günlərdə isə Taleh Heydərovun təşkilatının möhtəşəm qurultayının keçiriləcəyini bildirən mənbəmiz onu da vurğuladı ki, bu təşkilat həm «İrəli»ni geridə qoyacaq, həm də YAP-a alternativ bir baza rolunu oynamış olacaq: «Çünki daha çox gənclərdən ibarət olacaq yeni təşkilatda həmçinin FHN şefinə yaxın millət vəkillərinin, tanınmış ictimai-siyasi xadimlərin də yer alması gözlənilir».

Geri qayıt