Əsas Səhifə > Cəmiyyət > KÜR DAŞQINININ AZƏRBAYCANA VURDUĞU YARA

KÜR DAŞQINININ AZƏRBAYCANA VURDUĞU YARA


7-09-2012, 13:21
KÜR DAŞQINININ AZƏRBAYCANA VURDUĞU YARA

BU YARA TƏK MADDİ OLMADI

“Kür” vətəndaş cəmiyyəti qərargahı sentyabrın 7-də 2010-cu il daşqın və 2012-ci il zəlzələ zonalarında yaranmış vəziyyətlə bağlı bəyanatla çıxış edib.

Sənəddə deyilir:

“2010- cu ilin yazında baş vermiş Kür Araz daşqınlarından 2 ildən artıq vaxt keçir. Daşqınların nəticələrinin aradan qaldırılması istiqamətində ötən müddət ərzində dövlət büdcəsindən 460 milyon manatdan çox vəsait ayrılıb. Bu vəsaitlə daşqın bölgəsində bir sıra evlərin, sosial obyektlərin tikilməsinə, kompensasiyaların verilməsinə baxmayaraq görülən işlər ayrılan vəsaitə adekvat deyil. Digər tərəfdən hazırda yüzlərlə insan fəlakətin təsirinə məruz qalmış evinin tikilməməsindən və ya bərpa olunmamasından, ədalətli kompensasiya ala bilməməsindən, aidiyyatı dövlət qurumlarının onlara göstərdiyi ayrı-seçkili münasibətindən şikayətçidir. Hökumət komissiyasının qərarını ədalətsiz hesab edən, məhkəməyə müraciət edən 128 nəfərdən 96 nəfərin iddiası 1 ildən çoxdur ki, məhkəmə çəkişməsindədir, 2 nəfərin işi isə artıq Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Kür Araz daşqınlarının nəticələrinin aradan qaldırılmasında diqqəti cəlb edən əsas problemlərdən biri dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsində şəffaflığın və ictimai nəzarətin təmin olunmasına aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyi və yerli İcra Hakimiyyətlərinin imkan verməməsidir. Daşqınların ilk günündən bu istiqamətdə davamlı fəaliyyət göstərən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının yerli komissiyaların işində və şikayətlərin idarə olunması prosesində vətəndaş cəmiyyəti və yerli icma üzvlərinin iştirakı barədə təklifləri nəzərə alınmayıb. Qərargahın tədbirləri, zərərçəkmiş sakinlərlə görüşləri dəfələrlə yerli polis tərəfindən dağıdılıb, monitorinqlərin aparılmasına təzyiqlər edilib, maneçiliklər törədilib. Qanunsuz olaraq 2 ay yarım həbsdə qalan Qərargahın koordinatoru Oqtay Gülalıyev haqqında hazırda açıq cinayət işi var, o, rəsmi qərarla polis nəzarəti altında olmaqla ev dustağıdır. Qərargahın digər fəalları İlham Əmiraslanov və Mirabad Rzayev də şərlənərək həbs olunublar və hazırda qanunsuz həbsdədirlər. Artıq bir müddətdir ki, daşqın bölgəsində yeganə fəaliyyət göstərən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyətinə həmin bölgədə demək olar ki, rəsmən imkan verilmir.

Kür Araz daşqınları ilə bağlı ən böyük problemlərdən biri bu istiqamətdə ayrılan 460 milyon manat vəsaitin xərclənməsi və görülən işlərlə bağlı aidiyyatı qurumların hələ ki, hansısa yekun, təfsilatlı hesabat verməməsidir. Ən acınacaqlısı isə sonuncu dəfə bu ilin 29 martında dövlət başçısı tərəfindən ayrılan 50 milyon manat vəsaitin taleyinin qeyri-müəyyən olmasıdır. Ümumiyyətlə, sözü gedən vəsaitin ayrılmasına baxmayaraq son zamanlar daşqın bölgəsində demək olar ki, işlər görülmür. Bu yaxınlarda Nazirlər Kabinetinin qəbul etdiyi qərara baxmayaraq təsirə məruz qalmış 1700 evdə bərpa-gücləndirmə işlərinin aparılması üçün insanlara çatası kompensasiyaların verilməsi də səbəbi göstərilmədən dayandırılıb.

Daşqınların nəticələrinin aradan qaldırılmasına bir başa məsul olan Fövqəladə Hallar Nazirliyi mövcud qanunları pozaraq informasiya sorğularını cavablandırmır, vətəndaş cəmiyyəti qurumları ilə əməkdaşlıqdan imtina edərək tamamilə qapalı və qeyri-şəffaf fəaliyyət göstərməyə üstünlük verir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq son 2 ildə FHN daşqın bölgəsində bir evin tikilməsinə nə qədər vəsait ayrılmasını, işçilərə verilən əmək haqqı, inşaat üçün alınan malların qiyməti, tikintini həyata keçirən şirkətlər və s. barədə heç bir məlumat açıqlamır. Məlumatların gizlədilməsi özü ciddi korrupsiya faktlarından xəbər verir.

Daşqın bölgəsində görülən işlərlə bağlı FHN-in rəsmi internet saytına son zamanlar heç bir məlumat yerləşdirilmir. Axırıncı dəfə bu yöndə məlumatlar 9 ay öncə yanvar ayının 1-də yerləşdirilib ki, bu məlumatlar da ümumi məlumatlardır.

2012- ci ilin may ayında Qax-Zaqatala bölgəsində baş verən zəlzələnin ağır nəticələrinin aradan qaldırılmasında da aidiyyatı qurumlar və vəzifəli şəxslər tərəfindən səhlənkarlığa, qanunsuzluqlara, ayrı- seçkiliyə, talançılığa və digər neqativ hallara yol verilir. Təəssüflə qeyd etmək lazımdır ki, “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının apardığı araşdırmalar zamanı məlum olub ki, paytaxt Bakıdan xeyli uzaqda yerləşən, ictimai birliklərin fəaliyyət göstərmədiyi Zaqatala zəlzələ bölgəsində baş verən qanunsuzluqlar Kür daşqınları zamanı yol verilən pozuntulardan daha çox və daha ağırdır. Acınacaqlı haldır ki, zəlzələnin nəticələrinin aradan qaldırılması prosesinə cəlb olunmuş şirkətlər Kür daşqınları zamanı fəlakət bölgəsində fəaliyyət göstərən, FHN rəhbərliyində təmsil olunan şəxslərə yaxınlığı ilə seçilən, qeyri-şəffaf, ictimai rəydə daha çox korrupsiyalaşmış qurumlar kimi tanınan, heç bir tender, müsabiqə keçirilmədən bu prosesə cəlb olunmuş şirkətlərdir. Aparılan araşdırmalar zamanı məlum olub ki, zəlzələ bölgəsində təsirə məruz qalmış insanlar taleyin ümidinə buraxılıb. Havaların soyumasına baxmayaraq hələ də xeyli qisim insan çadırlarda yaşayır və onların qarşıdan gələn qışı çadırlarda keçirməyəcəyinə heç bir təminat yoxdur. Zəlzələ zamanı çadırlara köçürülmüş insanların yemək, ərzaq, isti paltar təminatı normal səviyyədə olmayıb. Vəd verilməsinə baxmayaraq evsiz-eşiksiz qalmış insanlara dövlət tərəfindən ilkin heç bir yardım, kompensasiya verilməyib. Halbuki, zəlzələdən bir müddət sonra dövlət başçısının təşəbbüsü və göstərişi ilə dövlət büdcəsindən 300 milyon manat vəsait ayrıldı ki, təsirə məruz qalmış vətəndaşların bütün problemləri həll olunsun. Təəssüflə qeyd etmək lazımdır ki, zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı verilən sərəncam da Nazirlər Kabinetinin 2010-cu il 09 iyul 197 s saylı və digər sərəncamları kimi ictimaiyyətdən gizli saxlanılır. Orda hansı işlərin görüləcəyi və bu işlər üçün hansı həcmdə vəsait ayrıldığı barədə zərərçəkənlərə və ictimaiyyətə hər-hansı məlumat verilmir. Qax-Zaqatala bölgəsi kimi yerli insanlar da bu barədə informasiya və məlumat blokadasında saxlanılır.

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahı bir daha ictimaiyyətin diqqətini Kür Araz və Qax-Zaqatala bölgəsində mövcud problemlərə yönəldir, aidiyyatı qurumları və hökuməti aşağıdakı addımları atmağa çağırır;

Kür daşqınları ilə bağlı açıq qalan problemlər həll olunsun, ziyan dəymiş infrastruktur bərpa olunsun, narazı insanların evlərinə yenidən obyektiv baxış keçirilsin;

Daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı ayrılmış 460 milyon manat vəsaitin xərclənməsi və görülən işlərlə bağlı təfsilatlı hesabat ictimaiyyətə təqdim edilsin;

Qax-Zaqatala bölgəsində baş vermiş zəlzələnin aradan qaldırılması istiqamətində görülən işlər, işi həyata keçirən şirkətlər, qəbul olunan qərar və sərəncamlar, ayrılan vəsaitlər, vəsaitlərin xərclənmə təyinatı və s. barədə ictimaiyyətə məlumat verilsin;

Kür-Araz və Qax-Zaqatala bölgəsində mövcud problemlərin araşdırılması, öyrənilməsi istiqamətində müxtəlif QHT-lərin, o cümlədən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının fəaliyyət göstərməsinə, monitorinqlər aparmasına imkan verilsin”.

Geri qayıt