Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “KÜR MƏHBUSU”NUN MƏHKƏMƏSİNDƏ NƏ BAŞ VERİB?

“KÜR MƏHBUSU”NUN MƏHKƏMƏSİNDƏ NƏ BAŞ VERİB?


7-09-2012, 12:19
“KÜR MƏHBUSU”NUN MƏHKƏMƏSİNDƏ NƏ BAŞ VERİB?

ƏMƏLİYYATÇILAR HÜQUQ MÜDAFİƏÇİSİNİN ÜZÜNƏ DURUB

Sentyabrın 6-sı Sabirabad Rayon Məhkəməsində hüquq müdafiəçisi İlham Əmiraslanovun mühakiməsi başlayıb. Prosesi ATƏT nümayəndələri də izləyib.

“Azadlıq” radiosuna danışan hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib ki, məhkəmədə İlham Əmiraslanovu həbs edən Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları və hal şahidləri ifadə veriblər: “Əməliyyatçılar ifadələrində saxlanan zaman İlham Əmiraslanovun üstündə silah olduğunu dedilər. Amma İlham Əmiraslanov deyilənləri təkzib etdi. Bildirdi ki, tapançanı onun üstünə saxlanarkən əməliyyatçılar qoyublar”.

2010-cu ilin yazında baş vermiş çay daşqınlarının yaratdığı problemlərin həll olunması, təsirə məruz qalan vətəndaşlara hüquqi yardım göstərilməsi istiqamətində fəaliyyət göstərən hüquq müdafiəçisi İlham Əmiraslanov 2012-ci ilin iyunun 8-də həbs olunub. Bakı İstintaq Təcridxanasında saxlanan fəal Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittham olunur. Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməni ehtiva edən həmin maddə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Geri qayıt