Əsas Səhifə > Ölkə, Manşet > «KARXANALAR KRALI»I TAXTINDAN SALINIR

«KARXANALAR KRALI»I TAXTINDAN SALINIR


4-09-2012, 15:27
«KARXANALAR KRALI»I TAXTINDAN SALINIR

CAVANŞİR ABDÜLƏZİMOVUN HÖKMRANLIĞI BİTİR

DİA.AZ: - Bu gün ölkədə az qala neft qədərində gəlirli sahə hesab olunan «aqlay» biznesi oliqarx-məmurların diqqətindən kənarda qalsa da, bir qrup orta ranqlı işbaz məmur sözügedən sektor uğrunda illərdir mübarizə aparmaqdadır. Bir daha vurğulayaq ki, Qaradağ rayonu ərazisində yerləşən daş karxanalarından əldə olunan bu qiymətli materialın hesabına külli miqdarda gəlir əldə etmək mümkündür. Məsələn, söylənilənə gölrə, bir hektarlıq karxana ərazisi olan şəxs gün ərzində 30 min manatdan artıq qazanc əldə etmək iqtidarındadır.

Təbii ki, bu da öz növbəsində karxana biznesini bir çoxları üçün cəlbedici etməkdədir. Amma bir daha vurğulayırıq ki, hələlik sözügedən sektorda o qədər tanınmayan fiqurlar meydan sulayır. Onlardan biri də Cavanşir Abduləzimov adlı şəxsdir. Arxasında hüquq-mühafizə orqanlarında mövqe tutan bir neçə şəxsin dayandığı söylənilən Cavanşir Abduləzimov Qaradağ rayonunda Gülbaxt deyilən ərazidə hektarlarla karxana sahəsinə malikdir.

Xatırladaq ki, keçən il Cavanşir Abduləzimov üçün heç də rahat keçmədi. Belə ki, əlində saxladığı karxana ərazilərində tam hökmranlıq qura bilməsi üçün o, xeyli mübarizə apardı və pullar xərcləməli oldu. Nəhayətdə bütün rəqiblərini zərərsizləşdirə bilən Abduləzimov bu gün meydanda tək qalıb və istədiyini edə biləcək səviyyədədir.

Bununla bağlı DİA.AZ-a məlumat verən bilgili qaynaqlar isə iddia edir ki, «Gülbaxt» karxanasının hökmdarı öz taxt-tacında uzun müddətə otura bilməyəcək: «Artıq karxana biznesinə iri ranqlı məmurlar əl qoymağa başlayıb və nazirlərdən birinin Gülbaxtdakı karxanalara tamah saldığı məlum olub».

Mənbə iddia edir ki, yaxın günlərdə Cavanşir Abduləzimova qarşı hətta cinayət işi də açıla bilər: «Ona qarşı bu günə kimi xeyli sayda ittihamlar səslənsə də, hüquq-mühafizə orqanlarındakı himayədarlarına güvənən Abduləzimov toxunulmaz olaraq qalmışdı. Amma bu dəfə məsələ tamam fərqlidir. Çünki söhbətə daha ciddi hakimiyyət adamı qarışıb».

Bildirək ki, Cavanşir Abduləzimovun Gülbaxtdakı karxana ilə bağlı müqaviləsinin müddəti bu ilin sonunda bitmək üzərədir. Bu isə o deməkdir ki, «karxanalar kralı»nın rəsmi ömrü də uzun deyil.

Geri qayıt