Əsas Səhifə > Ölkə > FERMERLƏRİN SUBSİDİYA PROBLEMİ

FERMERLƏRİN SUBSİDİYA PROBLEMİ


30-10-2011, 14:56
FERMERLƏRİN SUBSİDİYA PROBLEMİ

ÖZBAŞNIA QALAN MƏMURLAR BU SAHƏDƏ DƏ AT OYNADIR

Kənd təsərrüfatının inkişafı üçün hökumət tərəfindən davamlı addımlar atılmasına baxmayaraq bu sahədə ciddi problemlər var. Aparılan araşdırmalar da onu deməyə əsas verir ki, real statistikada kənd təsərrüfatında artımın olması ilə bağlı yer alan məlumatlar həqiqəti əks etdirmir. Reallıq onu deyir ki, kənd təsərrüfatı tənəzzül dövrünü yaşayır. Bunun da başlıca səbəbi dövlət tərəfindən fermerlərə edilən güzəştlərdən sonuncunun yararlana bilməməsidir. Aparılan araşdırmalar zamanı məlum olur ki, bu gün heç də bir çox fermerlər onlar üçün ayrılan subsidiyalardan istifadə edə bilmir.

Bu da son nəticədə məhsuldarlıqda özünü göstərir. Məsələyə münasibət bildirən kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, fermerlər subsidiya imkanlarından istifadə edə bilmir. Onun sözlərinə görə, dövlət tərəfindən ayrılan 111 mln manatlıq subsidiya ayrı-ayrı qurumlar tərəfindən mənimsənilir ki, bu da sonuncunun, yəni fermerin subsidiyadan yararlana bilməməsi ilə nəticələnir: “Bu gün biz özümüz də görürük ki, subsidiya verilməsi mexanizmi düzgün qurulmadığı üçün bundan bir çox hallarda dələduzlar bəhrələnir. Bu bir çox hallarda gedib əsl sahibini tapa bilməməsi ilə nəticələnir. Bu da onunla bağlıdır ki, məmurlar və işbazlar subsidiyanın verilməsində müəyyən maxinasiyalar edir. Aparılan araşdırmalar zamanı məlum olur ki, 111 mln-luq subsidiya ayrılmasına baxmayaraq məhsuldarlıqda bu özünü elədə ciddi büruzə vermir”. V.Məhərrəmov problemlər barəsində də danışıb: “Burda bir sıra bəhanələrlə fermerlərin subsidiya almasına əngəllər törədilir. Tutaq ki, fermer əkdiyi torpağı icarəyə götürübsə o halda fermerə subsidiya verilmir. Subsidiya o halda verilir ki, bu torpaq qanuni olaraq fermerin adına olsun. Bunu əsaslandıran sənədlər tələb olunur.

Bundan başda bir neçə sənəd tələb olunur. Bunu bir araya gətirmək isə problemdir. Bununla yanaşı aparılan araşdırmalar zamanı məlum olur ki, Prezident İlham Əliyevin subsidiyaların verilməsi ilə bağlı sərəncamı olanda bir qrup insan var ki, artıq siyahıya düşüb. Bu işbazlar hər il bir arayış gətirməklə subsidiya almaq imkanını uzada bilirlər. Halbuki, elə insanlar var ki, onlar kifayət qədər, daha çox iş görürlər, ancaq bir neçə səbəbdən prosesdən kənarda qalırlar”.

Ekspert qeyd edir ki, ortada olan problemlərlə əlaqədar olaraq fermerlər gübrələrdən istifadə etmirlər: “Sonuncu ilin statistik məlumatında gübrədən istifadə minimum həddədir. Demək olar ki, keçən il bu ölkədə gübrədən istifadə olunmayıb. Aparılan araşdırmalar zamanı məlum olur ki, bu gün fermerin imkanı yoxdur ki, aldığı gübrənin pulunun heç olmasa 50 faizini ödəsin. Bundan başqa bazarda yaranan problemlər var. Belə ki, ölkəyə gübrənin gətirməsini “Aqrolizinq” ASC həyata keçirir. Bu təşkilatın gətirdiyi gübrənin keyfiyyəti tələb olunan səviyyədə deyil. Tələbata uyğun deyil. Bunlar daha çox 20 faizlik gübrə gətirirlər. Həmin keyfiyyətlə də yüksək məhsuldarlıq alınmadığı üçün fermer aldanır. Ona görə də, gübrədən istifadə üzrə azalma tendensiyası baş verir. Belə olan halda nəticə əldə olunmur. Gətirilən gübrənin qiyməti isə şişirdilir. Bu da son nəticədə fermerə güzəştlə başa gəlmir. Fermerlər təklif olunan qiymətlərlə gübrənin demək olar ki, dəyərini ödəmiş olurlar. Bu sahədə olan problemin aradan qaldırılması üçün bazarda gübrə satışı ilə məşğul olanların sayını çoxaltmaq lazımdır. Yəni, rəqabət yaratmaq lazımdır ki, fermerdə baxıb görsün ki, hansı gübrə daha yaxşıdır, ondan istifadə etsin. İstənilən sahibkarın bu işlə məşğul olması üçün şərait yaradılmalıdır. Bu gün bazar demək olar ki, səhmdar cəmiyyətin əlinə keçib. Bundan başqa bunu dövlət maliyyələşdirdiyi üçün səhmdar cəmiyyətin marağı yoxdur ki, bu işi biznes marağına çevirsin”.


Geri qayıt