Əsas Səhifə > Cəmiyyət > “BU DANIŞIQLAR ONSUZ DA POZULUB”
“BU DANIŞIQLAR ONSUZ DA POZULUB”4-09-2012, 13:34 |
ELDAR NAMAZOV DEYİR Kİ, ERMƏNİLƏRƏ BƏHANƏ VERDİK Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Azərbaycana ekstradisiyası çox düzgün addımdır. Bu barədə “Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazov “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində bildirib. Onun fikrincə, zabit Səfərovu ömürlük həbsə məhkum edən Macarıstan məhkəməsində bir çox vacib faktlar, amillər nəzərə alınmayıb. “Zabit həddən artıq böyük bir cəzaya məhkum edilib. Məhkəmə nəzərə almalıdır idi ki, o, qaçqın ailəsindəndir, qohumları və yaxınları erməni təcavüzü nəticəsində şəhid olub. Nəzərə alınmalı idi ki, erməni zabiti onu, bayrağını, ölkəsini təhqir edib. O, ekstremal vəziyyətdə hərəkət edib. Bu səbəblərdən də cəza yüngül olmalı idi”. Amma, bütün hallarda o, Azərbaycana ekstradisiya edildikdən sonra, yerli hüquq sisteminin subyektinə çevrilir və Azərbaycan məhkəməsi işinə baxıb ədalətli qərar çıxarmalı idi. “Nəzərə alsaq ki, Ramil Səfərov 8 ildən çox həbsdə qalıb. Bu, onun azadlığa çıxması üçün şübhə qoymurdu. Ancaq Azərbaycan hakimiyyətinin atdığı addım çox siyasi oldu və hətta Azərbaycan qanunvericiliyinə zidd addım oldu. Hesab edirəm ki, Azərbaycanın hüquq sistemini və dövlətçilik maraqlarını əsas götürərək hərəkət edilməli idi”. E.Namazov deyib ki, erməni tərəfi Azərbaycan hökumətinin zabiti dərhal azadlığa buraxmasını əsas götürərək Avropa və Amerikada Azərbaycana qarşı kampaniyaya başlayıb. Bundan istifadə edərək bir sıra dövlətlər Azərbaycandan izahat istəyir. “İzahat istənilməsi problem deyil. İzahat istənilə bilər. Əsas odur ki, Azərbaycanın izahat vermək üçün arqumentli mövqeyi olmalıdır. Belə bir zamanda, Macarıstan hökuməti Azərbaycan ədliyyə nazirinin müavininin Macarıstan tərəfinə göndərdiyi məktubu dərc edib. Məktubda göstərilir ki, Ramil Səfərov ekstradisiyadan sonra 20 il cəza çəkməlidir. Mən güman etmirəm ki, məktub düzgün tərtib edilib, ancaq fakt budur ki, ermənilər bundan Azərbaycana qarşı istifadə edir”. O, Rusiyanın bu hadisədə maraqlarından danışarkən deyib ki, Rusiya Azərbaycan və Ermənistanla qərb dövlətlərinin münasibətlərinin inkişafında maraqlı olmadığını nümayiş etdirir. “Rusiyanın əsas mesajı budur ki, Qərbdə ədalət axtarmayın. Ümidlərinizi daha çox Rusiyaya bağlayın”. Cənab Namazov hesab edir ki, zabit Ramil Səfərovun ekstradisiyası, azadlığa buraxılması Ermənistan-Azərbaycan münaqişəsində danışıqların pozulmasında daha bir bəhanə olacaq. “Bu danışıqlar onsuz da pozulub. Danışıqlar çoxdandır dalana dirənib. Hətta, danışıqlarla birbaşa məşğul olan beynəlxalq ekspertlər açıq etiraf edirlər ki, Minsk qrupunun fəaliyyəti fiaskoya uğrayıb. Danışıqlarda hansısa uğur olsa idi, bu hadisə ona təsir edə bilərdi. Əksinə, bu bir daha sübut edir ki, 20 ildə aparılan danışıqların hər hansı nəticəsi yoxdur. Ermənistan öz işğalçılıq siyasətindən geri çəkilməyib, heç bir kompromisə də getmirlər. Ona görə də heç bir irəliləyiş yoxdur”, - deyə o qeyd edib. Geri qayıt |