Əsas Səhifə > Partiya > AXCP-DƏN VİTSE-SPİKERƏ CAVAB

AXCP-DƏN VİTSE-SPİKERƏ CAVAB


4-09-2012, 13:03
AXCP-DƏN VİTSE-SPİKERƏ CAVAB

“BAHAR MURADOVA HƏLƏ DƏ BUNU HİSS ELƏMƏYİB”

Azərbaycan Milli Məclisinin vitse-spikeri, hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Bahar Muradova prezident seçkiləri ilə bağlı maraqlı açıqlama verib. B.Muradova bildirib ki, bu gün Azərbaycanda iqtidarda olan siyasi qüvvə seçkilərə hazırlıq prosesinə heç zaman fasilə verməyib.

"Müxalifətin imkanı bu gün ona çatır ki, bir-biri ilə razılaşmamaqla özlərini gündəmdə saxlamağa cəhd etsinlər. Bu da onların özlərinin ifadə və siyasi fəaliyyətinin təzahürü formasıdır. YAP-ın prezident seçkiləri ilə bağlı hazırlıqları növbəti dəfə öz müsbət nəticələrini verəcək."

Bahar Muradovanın fikirləri ilə bağlı FaktXeber.com-a Gözəl Bayramlı vitse-spikerin fikirlərinə hər hansı bir şərh vermək istəmədiyini bildirdi. Gözəl xanım qeyd etdi ki, xalq artıq YAP-ın yalanlarından cana doyub: “Bahar Muradova hələ də bunu hiss eləməyib. Vitse-spikerin fikirləri YAP-ın növbəti yalanları silsiləsindədir. Bahar xanımın açıqlaması ölkə başçısının dediyi iqtisadi inkişafa bənzəyir. Dedikləri iqtisadi inkişaf gündəlik qul bazarı, əhalinin sosial vəziyyətinin bərbad gündə olması, talan edilən dövlət büdcəsi, 1 milyard dollara tikilən Heydər Əliyev mərkəzi ilə heç də uyğun gəlmir. ”

YAP-ın xalq arasında heç bir nüfuzu olmadığını bildirən Gözəl xanım, “YAP-ın ömrü elə hakimiyyət qədər olacaq. Necə ki, kommunist partiyası ləğv olunanda 5 nəfər adam tapılmadı ki, partiyanı müdafiə etsinlər”, - deyə bildirdi: “Bahar Muradovanın həmin zamanlar cürəti çatmayacaq ki, vaxtı ilə YAP-ın üzvü olduğunu etiraf etsin. Ona görə də cəmiyyəti boş sözlərlə yalanlara aldatmağa ehtiyac yoxdur. YAP-ın cəmiyyət arasında heç bir dayağı yoxdur. Əgər dayaqları vardırsa “Yeni Azərbaycan” qəzetinin saytına daxil olan şəxslərin sayı 50 nəfər olmazdı.”

Geri qayıt