Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZAQATALADA ÜSYAN GÖZLƏNİLİR

ZAQATALADA ÜSYAN GÖZLƏNİLİR


31-08-2012, 14:00
ZAQATALADA ÜSYAN GÖZLƏNİLİR

BU DƏFƏ DƏ İCRA BAŞÇISI ÜSYAN TƏHRİKÇİSİ ROLUNDADIR

Zaqatalada zəlzələdən sonra vəziyyət dözülməz şəkil alıb. JAM.AZ-a rayondan verilən məlumata görə, çadırlarda yaşayan insanlar şəraitsizlikdən əziyyət çəkməklə yanaşı, həm də su və qida çatışmazlığı sıxıntısı yaşayırlar.

Onlar bildirirlər ki, rayon rəhbərliyi mərkəzdən verilən tapşırığa rəğmən, ağır durumda olan insanlara əhəmiyyət vermir. Belə ki, Bakıdan göndərilmiş bəzi yardımlar demək olar ki, zərərçəkənlərə çatdırılmır. Əvəzində isə Zaqatala bazarında həmin məhsulların satıldığının şahidi olmaq mümkündür.

Amma insanları qəzəbləndirən ən başlıca səbəb heç də bu deyil. Onlar sentyabrın ortalarına kimi yeni evlərinə köçəcəkləri arzusu ilə yaşadıqları halda, icra başçısı Mübariz Əhmədzadə onların murazını gözündə qoymağa hazırlaşır. JAM.AZ-a danışan sakinlər deyirlər ki, Melorasiya və Su Təsərrüfatı Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı olan icra başçısı yeni tikilmiş evlərin bir çoxunu öz yaxın qohumlarına verməyə hazırlaşır. Hətta bununla bağlı siyahı belə tərtib olunub. Onlar bildirirlər ki, onların arasında elələri də var ki, ümumiyyətlə, Zaqatala rayonunda yaşamırlar və Bakıda məskunlaşıblar. Amma dövlətin puluna inşa olunmuş mənzillərlə təmin olunmaları üçün icra başçısı bu addımı atmaq qərarına gəlib.

Rayon sakinləri deyirlər ki, hələlik səbr edirlər. Lakin bu şəkildə davam edərsə, Zaqatalada üsyan çıxacağı qaçılmaza çevriləcək. Onların dediyinə görə, burada baş verənlər Quba olaylarından daha fərqli olacaq və prosesin qarşısını almaq mümkün olmayacaq.

Geri qayıt