Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEVİN QOÇULARI İŞ BAŞINDA

RÖVNƏQ ABDULLAYEVİN QOÇULARI İŞ BAŞINDA


30-08-2012, 15:05
RÖVNƏQ ABDULLAYEVİN QOÇULARI İŞ BAŞINDA

ONLAR DÖYÜLƏN JURNALİSTDƏN ƏL ÇƏKMİRLƏR

«Zerkalo» qəzetinin və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) əməkdaşı İdrak Abbasov yenə təhdid olunur. Jurnalist bunu AzadlıqRadiosunun «İşdən Sonra» proqramına müsahibəsində deyib.

İndiyə qədər dəfələrlə təhdid olunduğunu bildirən jurnalisT sonuncu hadisənin avqustun 28-dən 29-na keçən gecə saat 2 radələrində baş verdiyini qeyd edir:

«Gecə maşınımın siqnalizasiya sistemi işə düşdü. Yoldaşımla həyətə düşdük və bu zaman kiminsə qaçıb uzaqlaşan ayaq səslərini eşitdik. Maşının bir qapısı açılmışdı. Belə bir hadisə eyni saatlarda bir neçə dəfə baş verib. Bu barədə dərhal Daxili İşlər Nazirliyinin «102» məlumat xidmətinə zəng etdim. Daha sonra qonşularla birgə maşına baxdıq, həm də yaxın jurnalist dostlara da bu barədə məlumat verdim. Mən qardaşımla polisə gedəndə haradasa gecə 4-ün yarısı olardı, bizdən bir qədər aralı yolda iki cavan oğlanın getdiyini gördük. Onları sorğu-suala tutduq ki, gecə vaxtı burda nə edirsiz, dedilər işləməkdən gəlirlər və bir az sonra onlar qaçdılar. Biz onları tutmaq istəsək də hasarlardan aşıb yoxa çıxdılar».

«MƏNİM MAŞINIMA NƏ İSƏ QOYMAQ İSTƏYİRLƏR»

İdrak Abbasov deyir ki, onlar həmin an polis bölməsinə daxil olub üzləşdikləri hadisə barədə məlumat veriblər. Dediyinə görə, polis dərhal onlarla birgə şübhələndikləri adamların axtarışına başlasa da onları tapmaq mümkün olmayıb.

«Mən hesab edirəm ki, həmin adamlar mənim maşınıma nə isə qoymaq istəyirlər, amma bu dəfə də onların planları baş tutmadı. İndi bilmirəm bundan sonra məni nə gözləyir».

Hadisə ilə bağlı açılan cinayət işinin ölü nöqtədən tərpənmədiyini bildirən jurnalist istintaqı aparan qurumu məhkəməyə verməyə hazırlaşdıqlarının deyir.

İSTİNTAQ DÖYƏNLƏRİ MÜƏYYƏNLƏŞDİRƏ BİLMİR

İstintaq qrupunun rəhbəri Tofiq Nəbibəyli isə AzadlıqRadiosuna müsahibəsində istintaqın dayanması barədə iddiaları təkzib edib. Bununla yanaşı o problemlərin də olduğunu etiraf edib:

«İdrak Abbasov deyir məni döyüblər. Həm də deyir ki, məni döyənləri tanımıram. Bu səbəbdən döyən adamları tapa bilmirik».

ARDNŞ-nin yaratdığı komissiyanın Sulutəpə qəsəbəsində baş verən hadisələrlə bağlı mayın 23-də yaydığı məlumatda şirkətin Təhlükəsizlik İdarəsinin (Tİ) iki əməkdaşı ilə «Zerkalo» qəzetinin müxbiri İdrak Abbasov, onun yaxın qohumları, eləcə də qəsəbə sakinləri arasında münaqişə baş verdiyi bildirilir. Qeyd olunur ki, həmin hadisə zamanı həm ARDNŞ əməkdaşları, həm də İ. Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar. «İzahatı alınan Tİ əməkdaşları İ. Abbasovun konkret kim tərəfindən vurulduğunu xatırlaya bilməmiş, bunu həmin anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah ediblər» deyə açıqlamada bildirilir.

İdrak Abbasov 2012-ci il aprelin 18-də Dövlət Neft Şirkətinin (ARDNŞ) təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni çəkərkən döyülüb. İstintaq onu zərərçəkən kimi tanıyıb. Ancaq onu döyənlər hələ tapılmayıb.

Geri qayıt