Əsas Səhifə > Cəmiyyət > HƏRBİ ƏSİRİMİZİN TALEYİ NAMƏLUM OLARAQ QALIR
HƏRBİ ƏSİRİMİZİN TALEYİ NAMƏLUM OLARAQ QALIR27-08-2012, 14:00 |
BQXK-NİN ŞÜBHƏLİ MÖVQEYİ Azərbaycanlı əsgər Firuz Fərəcovun əsir düşməsindən bir ay keçməsinə baxmayaraq, onun taleyi naməlum olaraq qalır, hərbi ekspert Üzeyir Cəfərov belə hesab edir. Turan-ın müxbiri ilə söhbətində o, əsgərin erməni kəşfiyyat qrupu tərəfindən postdan oğurlandığı fikrini bildirib. Onun azad edilməsinin gecikdirilməsi Ermənistan tərəfə “könüllü keçməsi” haqqında etiraflar almaq və Azərbaycana qarşı açıq-aşkar çıxışlarına nail olmaq məqsədilə Fərəcova təzyiq göstərildiyini ehtimal etməyə əsas verir. Cəfərov həmçinin Qırmızı Xaç Komitəsinin astagəlliyi və faktiki olaraq fəaliyyətsizliyi ilə bağlı təəccübünü bildirib. Onun sözlərinə görə, erməni tərəfi dərhal BQXK nümayəndələrini əsgərin yanına buraxmalıdır və bu təşkilat əsirin iradəsindən asılı olaraq onun Azərbaycana qayıtması və ya üçüncü ölkəyə verilməsi məsələsini həll etməlidir. “Təəssüf ki, ötən bir ay ərzində bu istiqamətdə heç bir real addım atılmayıb. Bundan başqa, BQXK hətta onun məktubunu doğmalarına çatdırmayıb”, deyə Cəfərov bildirib. Ekspert hətta Azərbaycanın dövlət orqanlarını bu vəziyyətdə fəaliyyətsizliyə görə tənqidə məruz qoyub. Öz növbəsində, BQXK-nin Bakı nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova qeyd edib ki, Fərəcovun işi üzrə yeni xəbər olan kimi Qırmızı Xaç Komitəsi KİV-ə məlumat verəcək. Əsirin məktubunun doğmalarına çatdırılmamasına gəlincə, o bildirib ki, ““Qırmızı Xaç” vasitəsilə ötürülən məktublarda yalnız ailəyə aid məlumatlar ola bilər”. Bu halda məktub meyarlara uyğun deyildi, deyə o əlavə edib. Azərbaycanın Hərbi Əsirlərin, Girovların və İtkin Düşmüşlərin İşləri üzrə Dövlət Komissiyasından şərh almaq mümkün olmayıb. Firuz Fərəcov iyulun 26-da səhər Tovuz rayonunda Azərbaycan-Ermənistan sərhədində əsir götürülüb. O vaxtdan etibarən cəmi bir dəfə Yerevan BQXK nümayəndələri ona baş çəkiblər, valideynlərinin məktubunu əsirə çatdırıblar və ondan cavab məktubu alıblar. Fərəcov bu ilin aprelində orduya çağırılıb. Çağırışdan sonra o, əməliyyat olunub və iyulun əvvəllərində orduya qayıdıb. Demək olar ki, dərhal posta qoyulub. Fərəcov Ermənistanla sərhəddə Tovuz rayonun hərbi hissələrindən birində xidmət edirdi. Hərbi prokurorluq baş vermiş hadisənin hallarını araşdırır. Hazırda Ermənistanda Fərəcovdan başqa hərbi əsir yoxdur, Azərbaycanda isə erməni hərbi əsiri yoxdur. Geri qayıt |