Əsas Səhifə > Ölkə > HÖKUMƏT KORRUPSİYA HESABATI VERDİ

HÖKUMƏT KORRUPSİYA HESABATI VERDİ


29-10-2011, 13:23
HÖKUMƏT KORRUPSİYA HESABATI VERDİ

RÜŞVƏTLƏ BAĞLI 101 CİNAYƏT İŞİ AÇILIB

Prezident İlham Əliyevin 11 mart 2011-ci il tarixli fərmanına əsasən, Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin prokurorluq işçilərinin ümumi say tərkibi 60 ştat vahidi artırılaraq 100 nəfərə çatdırılıb.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

K. Əliyev korrupsiyaya qarşı mübarizədə effektivliyi artırmaq, bu cür hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə birbaşa müraciət etmək imkanının yaradılması məqsədilə idarənin nəzdində 2011-ci il martın 3-dən etibarən 24 saat ərzində fəaliyyət göstərən "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzi yaradıldığını bildirib: “Ötən müddət ərzində "Qaynar xətt"ə 2933 müraciət daxil olub, korrupsiya ilə əlaqədar olmayan 6000-dən artıq müraciət müəllifinə mülki, ailə, mənzil, inzibati və digər hüquq sahələrində pozulan hüquqlarının bərpası yollarına dair ətraflı izahlar verilib.

Korrupsiya ilə mübarizə bəhrəsini verməkdədir. Belə ki, bir tərəfdən "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan zənglərin sayının azalması tendensiyası müşahidə olunur, digər tərəfdən isə əlaqəli dövlət qurumları ilə birgə görülən tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilən tədbirlər həyata keçirilir. Eyni zamanda, "Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciətlərlə bağlı idarədə aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntularının aradan qaldırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Nəqliyyat nazirliklərinə, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müvafiq təqdimatlar verilib, həmin təqdimatlara əsasən, bir sıra işçilər intizam qaydasında cəzalandırılıb, aşkar edilən qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edilib”.

İdarə rəisi 2011-ci il ərzində Korrupsiyaya qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsində 195 cinayət işinin ibtidai araşdırmasının həyata keçirildiyini qeyd edib. Həmin cinayət işləri əsasən rüşvətalma (passiv rüşvətxorluq), cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə özgə əmlakını talama və digər faktlarla əlaqədardır: “Bu müddətdə İdarənin İstintaq şöbəsi tərəfindən 166 şəxs barəsində 101 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib, 94 cinayət işi isə hazırda idarənin icraatında istintaq olunur. İdarə tərəfindən cinayət yolu ilə əldə edilən pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktlarının aşkarlanmasına və bu cür əməllərə yol vermiş təqsirli şəxslərin ifşa olunmaqla cinayət məsuliyyətinə cəlb edilməsinə xüsusi diqqət yetirilib. İstintaqı aparılan və hazırda icraatda olan cinayət işləri, habelə törədilən və ya hazırlanan cinayətlər haqqında məlumatlarla bağlı cinayət işinin başlanılması rədd edilən materiallar üzrə fiziki və hüquqi şəxslərə vurulmuş ziyanın ödənilməsi təmin edilib”.


Geri qayıt