Əsas Səhifə > Ölkə > ELDAR ƏZİZOVUN YENİ İŞLƏYİ

ELDAR ƏZİZOVUN YENİ İŞLƏYİ


24-08-2012, 13:13
ELDAR ƏZİZOVUN YENİ İŞLƏYİ

İCRA BAŞÇISI SUMQAYITIN ƏN BÖYÜK PARKINI ZƏBT EDİB

Sumqayıtın icra başçısı Eldar Əzizovun əlaltıları şəhərdə özbaşınalıqlarını davam etdirir. Bir müddət əvvəl şəhərin sahibkarlarını sıxışdırıb ticarət və iaşə obyektlərini əlindən alan icra başçısı həmin obyektləri yaxın adamlarının istifadəsinə verib. Bu barədə “OLAYLAR”a Sumqayıt sakinləri məlumat verib.

İcra başçısı Sumqayıtın ən tanınmış parklarından olan “Göyərçin” İstirahət Mərkəzini zəbt edib. Parkdakı bütün kafe və restoranlar sahibkarların əlindən alınaraq icra başçısının xüsusi nəzarətinə keçib. Eldar Əzizova arxalanan həmin kafe və restoran icarədarları isə bura gələn müştəriləri soymaqla məşğuldur. Buradakı kafelərə gələn müştərilərdən sonda 5-10 qat artıq hesab alınır.

Hesaba narazılıq edən müştəri isə kimliyindən asılı olmayaraq təzyiqlərə məruz qalır. Sakinlərin dediyinə görə, artıq bir neçə dəfə adıçəkilən parkdakı kafedə müştərilərlə icra başçısının qoçuları arasında mübahisə və dava düşüb. İcarədarlara artıq pul verməkdən imtina edən müştərilər icra başçısının idmançı görkəmli adamları tərəfindən döyülüb, təhqir edilib və ərazidən uzaqlaşdırılıb. Məsələ ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edən müştərilər isə sonda peşman olublar. Çünki, həmin ərazidə fəaliyyət göstərən kafelərdən bir neçəsi elə Sumqayıt Şəhər Baş Polis İdarəsinin zabitlərinin nəzarətindədir. Ona görə də, müştərilərin şikayətləri tərsinə araşdırılır və zərərçəkənlər günahkar çıxarılır.

Geri qayıt