Əsas Səhifə > Cəmiyyət > “ADAMIN EVİNİ ZƏBT EDƏRLƏR 3-5 İLLİK”…
“ADAMIN EVİNİ ZƏBT EDƏRLƏR 3-5 İLLİK”…24-08-2012, 12:58 |
18 İLDİR EVİNƏ GİRƏ BİLMƏYƏN VƏTƏNDAŞIN HARAYI Bakı sakini Solmaz Salmanova «Qaynar xətt»ə şikayət edib ki, 18 ildir evini zəbt etmiş Xocalı köçkünlərini evindən çıxara bilmir. Özü isə ailəsi ilə kirayələrdə yaşayır. İndi kirayə haqqı ödəməyə də pulu yoxdur və küçədə yaşamaq təhlükəsi ilə üz-üzə qalıb. Uzun illərdir ki, məhkəmələr gah onun, gah da köçkünün xeyrinə qərarlar çıxarır. Solmaz Salmanova: «18 il köçkün olar? Adamın evini zəbt edərlər 3-5 illik. Mən yaşa doldum, uşaqlarım böyüdü, hələ də deyirlər ki, gözlə, köçkünlərə ev tikilir. Hara gedəsən, dərdini kimə deyəsən? Məhkəmə məni ələ salıb. 9 il əvvəl qərar çıxardıb ki, ev sənindir, heç kimin buna şübhəsi yoxdur, ancaq gərək gözləyəsən, Xocalı işğaldan qurtarsın, köçkün getsin öz yerinə, sən də evinə köçəsən». Evinin davasını edən Solmaz Salmanova üstəlik avadanlıqları ilə də vidalaşmalı olub. «Dedim heç olmasa evimin 1 otağını verin mənə, ailəmlə köçüm yaşayım, qalmışam küçələrdə. Apardım avadanlıqlarımı tökdüm binanın qabağına, qapını açmadılar, polis çağırdılar. Mən öz evimə girmək istəyirəm, evimə kənardan gəlib girən adam mənim üstümə polis tökür. Ara qarışdı, uşaq qorxuya düşdü, halı dəyişdi, apardım həkimə. Qayıtdım gördüm avadanlıqlarım da yoxdur». GETMƏYƏ YERİM YOXDUR Xocalı köçkünü İsa Aslanov isə deyir ki, getməyə yeri yoxdur. Nə vaxt dövlət onu başqa yaşayış yeri ilə təmin etsə, mənzili də o zaman öz sahibinə təhvil verəcək. Yasamal rayon icra şöbəsinin rəisi Zaur Abdullayev sorğuya cavabında yazıb ki, 2003-cü ildə Yasamal rayon məhkəməsi tərəfindən Solmaz Salmanovanın ailəsi ilə birlikdə həmin evdə yaşamaq hüququ tanınıb. Belə ki, məhkəmə qət edib ki, İsa Aslanov ailəsi ilə birlikdə başqa yaşayış sahəsi verilmədən evdən çıxarılmalıdır. Apellyasiya Məhkəməsi də birinci instansiyanın qətnaməsini qüvvədə saxlayıb. 2003-cü ilin avqust ayında məhkəmə qətnaməsini icra etmək üçün tərəflərə icra sənədləri göndərilib. Ancaq icraya başlamamış icra şöbəsinə Apellyasiya Məhkəməsinin məktubu daxil olub ki, cavabdeh İsa Aslanov Apellyasiya Məhkəməsinin qətnaməsindən Ali Məhkəməyə kasasiya şikayəti verib. Bu məktuba əsasən də icra hərəkətləri dayandırılıb. Köçkünün kasasiya şikayəti Ali Məhkəmə tərəfindən təmin olunub. Məhkəmə qərar çıxarıb ki, köçkünlər Xocalı işğaldan azad olunanadək evdən çıxarıla bilməzlər. Buna görə də onlar icra hərəkətlərini dayandırıblar. Solmaz Salmanova bu illər ərzində ona dəymiş maddi və mənəvi zərərə görə 4 il əvvəl kompensasiya almaq üçün Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edib. Ancaq hələ Avropadan da xəbər yoxdur. Geri qayıt |