Əsas Səhifə > Sosial, Manşet > ARTUR RƏSİZADƏ AİLƏSİNİ NƏ İLƏ SAXLAYIR?

ARTUR RƏSİZADƏ AİLƏSİNİ NƏ İLƏ SAXLAYIR?


23-08-2012, 15:44
ARTUR RƏSİZADƏ AİLƏSİNİ NƏ İLƏ SAXLAYIR?

“DİŞSİZ FİQUR” KİMİ TANINAN BAŞ NAZİRİMİZİN GİZLİ BİZNES İMPERİYASI

DİA.AZ: - Son zamanlar görəvindən alınacağı ilə bağlı xəbərləri yayılan Azərbaycanın “ölməz Kaşey” statuslu məmurlarından biri – baş nazirimiz Artur Rəsizadə ilə bağlı redaksiyamıza ilginc faktlar daxil olub. Xatırladaq ki, zaman-zaman yerli mətbuatda yer alan informasiyalarda Artur Rəsizadənin “faizə oturduğu” və onun müstəqil biznesinin ilmaması barədə məlumatlar yayılsa da, bizi məlumatlandıran qaynaq bunların tamam əksini iddia etməkdədir.

Mötəbər mənbələrdən DİA.AZ-ın əldə etdiyi bilgilərə görə, Artur Rəsizadə heç də göründüyü kimi fərsiz məmurlardan deyil və onun da biznesdə çox ciddi payı var. Doğrudur, o da bir həqiqətdir ki, Azərbaycanın baş naziri digər məmurlarla müqayisədə özünün biznes imkanlarına görə ən kasıblardan hesab olunur, amma yenə də onun kifayət qədər ciddi sərmayəyə malik olması faktı mövcuddur. Məlumata görə, əsasən bank sektorunda görükən Artur Rəsizadənin sözügedən fəaliyyəti hiss olunmayacaq şəkildə həyata keçirilir.

Yəni heç bir rəsmi sənədlərdə onun adı keçməsə də, faktdır ki, son zamanlar daha da böyüyən və şəbəkələşən “KapitalBank” Azərbaycanın baş nazirinin ixtiyarındadır. Araşdırmalarımız zamanı öyrənə bildik ki, bəzi mənbələr Artur Rəsizadənin “KapitalBank”da yalnız müəyyən miqdarda paya iddialı olması qənaətindədirlər, amma dəqiqləşdirilmiş xəbərlər də təsdiqləyir ki, sözügedən bank strukturu birbaşa olaraq ona məxsusdur.

Bundan əlavə, Azərbaycanın baş nazirinin Rusiyada və Türkiyədə də biznes işləri həyata keçirdiyi söylənilir. Əsasən Rusiyada bir iş adamı kimi möhkəmlənə bilmiş Artur Rəsizadəyə məxsus xeyli sayda binaların da olduğu söylənilir. Məlumatlı mənbələr baş nazirimizin Azərbaycanın da tikinti sektorunda müəyyən payının olduğunu bildirirlər. Rusiyada isə Artur Rəsizadəyə məxsus binalar icarəyə verilib ki, bundan da hər il kifayət qədər ciddi məbləğdə gəlir əldə olunur.

Məlumatlardan o da aydın olur ki, Artur Rəsizadə eyni zamanda Rusiyada ağır metallurgiya biznesi ilə də məşğuldur və onun hətta “avrasiyaçılıq” ideyası ilə köklənmiş fiqurların ixtiyarında olan “qara metallurgiya bazarı”nda ciddi simalardan biri olduğu da iddia olunur.

Geri qayıt