Əsas Səhifə > Cəmiyyət > KƏNARDA TƏHSİL ALAN MOLLALARA ETİMADSIZLIQ

KƏNARDA TƏHSİL ALAN MOLLALARA ETİMADSIZLIQ


28-10-2011, 17:19
KƏNARDA TƏHSİL ALAN MOLLALARA ETİMADSIZLIQ

MİLLİ MƏCLİS ONLARIN YAS APARMASINA QADAĞA QOYUR

Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər ediləcək.

APA-nın məlumatına görə, dini fəaliyyətlə bağlı olacaq dəyişikliklər layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub.

İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Belə ki, dəyişiklik qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.


Geri qayıt