Əsas Səhifə > Ölkə > “LONDON TAKSİLƏRİ” DAYANACAQLARI ZƏBT EDİR

“LONDON TAKSİLƏRİ” DAYANACAQLARI ZƏBT EDİR


28-10-2011, 14:44
“LONDON TAKSİLƏRİ” DAYANACAQLARI ZƏBT EDİR

YERLİ TAKSİLƏRİN SÜRÜCÜLƏRİ ETİRAZA QALXDI

Bu gün səhər saatlarından başlayaraq Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində, Nəsimin heykəlinin qarşısındakı yolda Nəqliyyat Nazirliyinin “London taksiləri” adlandırılan taksilərindən başqa digər taksilərin dayanmasına imkan verilmir. Küçə boyu Nəqliyyat Nazirliyinin Təhlükəsizlik Departamentinin çoxsaylı avtomobilləri və əməkdaşları, eləcə də Post Patrul Xidmətinin avtomobilləri dayanıb. Onlar həmin ərazidə dayanacaq edən digər taksiləri zorla oradan uzaqlaşdırır.

Taksi sürücüləri Nəqliyyat Nazirliyinin əməkdaşlarının hərəkətlərini qanunsuzluq, qanunla hərəkət edən vətəndaşlara qarşı zorakılıq və diskriminasiya adlandırıb. “Nəqliyyat Nazirliyinin verdiyi 5 illik lisenziyamız var. Hər ay vergi ödəyirik və ailəmiz üçün beş-on manat çörək pulu qazanırıq. Bu gün səhər tezdən Nəqliyyat Nazirliyinin İlqar adlı əməkdaşının əmri ilə bizə qarşı zor tətbiq etdilər, avtomobillərimizi zorla Nəsimi heykəlinin qarşısındakı küçədən uzaqlaşdırdılar”, - taksi sürücülərindən biri Turan-a bildirib.

Digər sürücü isə deyib ki, bu, hökumətin vətəndaşlara qarşı diskriminasiyasıdır. “Bu, Nəqliyyat Nazirliyinin taksi sahəsində monopoliya yaratmasıdır. Konstitusiyaya görə, bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Necə olur ki, Nəqliyyat Nazirliyi və polis nazirliyin nəzarətində olan taksiləri müdafiə edir, amma Nəqliyyat Nazirliyindən lisenziya almış, hər ay vergisini ödəyən, qanunu pozmayan digər taksi sürücülərinə qarşı zor tətbiq edib ərazidən uzaqlaşdırır”, - digər taksi sürücüsü qeyd edib.

Nəqliyyat Nazirliyinin əməkdaşları özlərini mətbuata təqdim etməyib. “Biz şəhəri gözəlləşdiririk. Bizim taksilər eyni rəngdədir, salonu geniş, rahat və gözəldir. O biri taksilərdə isə belə deyil”, - özünü “London taksiləri”ndən birinin sürücüsü kimi təqdim edən Nəqliyyat Nazirliyinin əməkdaşı jurnalistlərə bildirib.

Taksi sürücüləri Azərbaycan hökumətini konstitusiya və qanunlara əməl etməyə, vətəndaşların hüquqlarını qorumağa çağırıb. Sürücülər Nəqliyyat Nazirliyinin qanunsuz hərəkətlərinə etiraz olaraq oktyabrın 30-da saat 10.00-da “Ulduz” metrosunun qarşısında etiraz aksiyası keçirəcəklər.


Geri qayıt