Əsas Səhifə > Partiya > MÜXALİFƏT 14-CÜ KOLONUN LƏĞVİNİ TƏLƏB ETDİ

MÜXALİFƏT 14-CÜ KOLONUN LƏĞVİNİ TƏLƏB ETDİ


14-08-2012, 13:46
MÜXALİFƏT 14-CÜ KOLONUN LƏĞVİNİ TƏLƏB ETDİ

İCTİMAİ PALATADA SİYASİ MƏHBUS MÜZAKİRƏSİ

İctimai Palata avqustun 14-də növbəti dəyirmi masa təşkil edib.

Saat 12:00-da Müsavat Partiyasının qərargahında başlayan dəyirmi masa Azərbaycanın istintaq təcridxanaları və cəzaçəkmə müəssisələrində saxlanma şəraitinə həsr olunub. Tədbiri giriş sözü ilə İp Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli açıb. O bildirib ki, təcridxana və cəzaçəkmə müəssisələrində problemlər vaxtaşırı gündəmə gəlsə də, aradan qaldırılmayıb. Bu sahədəki qanunsuzluqlardan söz açan AXCP sədri xüsusi xidmət orqanlarının təcridxanalarının hələ də fəaliyyət göstərməsini qeyd edib.

Sonra mövzu ilə bağlı keçmiş vicdan məhbusları danışıb.

Müsavat Partiyası Mərkəzi İcra Aparatını rəhbəri Arif Hacılı qeyd edib ki, Azərbaycandakı əksər təcridxanalar II Dünya Müharibəsindən sonra tikilib, standartlara cavab vermir. O, hazırda 14-cü kolonda saxlanılan vicdan məhbusu, AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli haqda da danışıb. Bildirib ki, Həsənli hətta həqiqətən də silaha görə tutulmuş olsaydı belə, ona iki yox, bir il həbs cəzası verilməliydi. “Şahin Həsənli azadlığa çıxmalıdır. Onun saxlandığı 14-cü kalon isə ümumiyyətlə ləğv edilməlidir. Çünki yerləşdiyi ərazinin iqlim şəraiti dustaqların saxlanması üçün yararlı deyil”, - deyə A.Hacılı bildirib.

AXCP sədrinin müşaviri Sahib Kərimov da cəzaçəkmə müəssisələrindəki ağır durumdan danışıb. O, ən böyük problemlərdən biri kimi rüşvəti göstərib. S.Kərimli bildirib ki, həbsxanalarda narkotik istifadəçilərinin saxlanması yanlışdır. Çünki onlar orada müalicə olunmurlar. AXCP yetkilisi həbsxanalrda vərəm, hepatit və başqa ağır xəstəliklərin geniş yayıldığını da qeyd edib.

Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı həbsxanalarda mənəvi durumun ağır olmasından danışıb. T.Abbaslı buna nümunə kimi qeyd edib ki, 14-cü kalonda dustaqlar rəisin otağına daxil olarkən ayaqqabılarını çıxarmağa məcbur edilirlər. /azadliq.info/

Geri qayıt