Əsas Səhifə > Cəmiyyət > ARDNŞ PREZİDENTİ “ÜMİD”İN ADINI BELƏ ÇƏKMƏDİ

ARDNŞ PREZİDENTİ “ÜMİD”İN ADINI BELƏ ÇƏKMƏDİ


28-10-2011, 12:53
ARDNŞ PREZİDENTİ “ÜMİD”İN ADINI BELƏ ÇƏKMƏDİ

QAZLA BAĞLI XÜLYALARIMIZ 2025-Cİ İLƏ QƏDƏR ERTƏLƏNİB

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev müsahibə verib. Müsahibədə əksini tapan məsələlərin ictimaiyyət üçün böyük maraq kəsb etdiyini nəzərə alaraq söhbətin məzmununu sayt istifadəçilərinin diqqətinə çatdırırıq.

- Rövnəq müəllim, Türkiyəyə son səfərinizin yekunları haqqında ətraflı məlumat verəsiniz.
- İzmirdə həqiqətən də müstəsna əhəmiyyətə malik əlamətdar hadisələr baş verib. İlk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə ARDNŞ-nin Türkiyədəki ən böyük aktivi olan “Petkim” Petrokimya Holdinqinin nəzdində inşa ediləcək “Star” neft emalı zavodunun təməlinin qoyulmasını qeyd etməliyəm. İldə 10 milyon ton neft emal etmək gücünə malik bu zavod SOCAR-TURGAS Rafineri Səhmdar Cəmiyyəti tərəfindən tikiləcək. Zavodun 2015-ci ildə istismara verilməsi nəzərdə tutulur. Bu, hazırda Türkiyənin neft-kimya sektorunda, o cümlədən, “Petkim”-də neft məhsullarına olan ehtiyacın aradan qaldırılmasına kömək edəcək. Zavodda istehsal olunacaq 1,6 milyon tonluq nafta “Petkim”in daxili tələbatını ödəyəcək, dizel, reaktiv yanacaq və LPG kimi neft məhsulları isə Türkiyənin və ətraf ölkələrin bazarlarında reallaşdırılacaq. Zavodun tikintisinə təqribən 5 milyard ABŞ dolları həcmində sərmayə qoyulması nəzərdə tutulur. Bu, son illər nəinki Türkiyədə, eləcə də bütün dünyada bir nöqtəyə yönəldilən ən böyük investisiya layihəsidir. İzmirdə biz Heydər Əliyev adına Peşə Təhsili Liseyinin təməlqoyma mərasimində də iştirak etdik.
İzmirdə eyni zamanda qaz ixracına dair 15 sənəd, o cümlədən hökumətlərarası Saziş, 2017-ci ildən başlayaraq “Şahdəniz-2” layihəsi üzrə hasil olunacaq qazın Türkiyəyə satışına dair Saziş, “Şahdəniz-2” layihəsi üzrə hasil olunacaq qazın 2017-2042-ci illərdə Türkiyə vasitəsi ilə, “BOTAŞ” şirkətinin nəqliyyat şəbəkəsindən istifadə etməklə nəqlinə dair Saziş və s. imzalandı. Qeyd etmək istəyirəm ki, bunlar Azərbaycan qazının Türkiyə və Yunanıstan sərhədlərinə, eyni zamanda Türkiyə və Bolqarıstan sərhədlərinə nəql olunması üçün zəruri olan sənədlərin tam paketini təşkil edir. Faktiki olaraq Xəzər dənizi regionunu Avropa ilə birləşdirəcək “Cənub qaz dəhlizi” layihəsinin gerçəkləşməsi üçün bütün şərait yaranıb.

- Qeyd etdiyiniz sazişlərin mahiyyəti nədən ibarətdir?
- Bu sazişlər üzərində iş 5 ildən artıq davam edib. Tərəflər qarşısında tamamilə yeni bir tranzit mexanizminin yaradılması ilə bağlı çox geniş əhatəli məsələlərin həll olunması vəzifəsi dururdu. Bu elə bir mexanizm olmalı idi ki, həm Türkiyə qaz nəqli şəbəkəsinin bütün mövcud istifadəçilərinin, həm də tranziti həyata keçirən ölkə kimi bizim maraqlarımıza uyğun olsun. Qeyd edim ki, indiyədək dünyanın heç bir yerində belə mürəkkəb və genişmiqyaslı layihə həyata keçirilməmişdir. Artıq bütün çətinliklər arxada qalmışdır. Biz artıq planlaşdırdığımız kimi, Azərbaycan qazının Avropaya nəql edilməsi üçün ən optimal layihənin seçimi prosesini davam etdirə bilərik .

- Hazırda hansı layihələr nəzərdən keçirilir və seçimi nə vaxt başa çatdırmağı planlaşdırırsınız?
- İndi artıq bütün tranzit şərtləri aydındır. Biz Azərbaycan qazının Avropaya nəql edilməsi istiqamətində bir neçə layihəni dəyərləndirmək imkanı qazanmışıq. Bunlardan biri İTGİ layihəsidir ki, qazın Yunanıstan vasitəsilə İtaliyaya və Balkan ökələrinə nəqlini nəzərdə tutur. Digər bir layihə - TAP (Transadriatik boru kəməri) layihəsi də eyni istiqamətdə nəzərdə tutulur. Və əlbəttə ki, NABUCCO layihəsini qeyd etmək lazımdır ki, bu da Balkan ölkələrindən Mərkəzi Avropaya Azərbaycan qazının nəqlini nəzərdə tutur. ”BP” şirkətinin təklif etdiyi 4-cü variant da maraq doğurur. Bu varianta əsasən, qaz Türkiyə ərazisindən Balkan ölkələrinə nəql ediləcək. Düşünürəm ki, seçim prosesini tezliklə, 2011-ci ilin sonu-2012-ci ilin əvvəllərində başa çatdıracağıq.

- Siz yalnız “Şahdəniz” yatağından hasil olunacaq qazın nəqlini nəzərdə tutursunuz? Axı ARDNŞ-nin daxili imkanları hesabına kəşf olunmuş “Ümid”, “Total” və “GDF” ilə birgə açılmış “Abşeron” yataqları da mövcuddur.
- Bu, çox mühüm məsələdir. Çünki ARDNŞ gələcəkdə işlənəcək bütün layihələr üçün nəql məsələsini həll etməlidir. Bilirsiniz ki, indi Azərbaycanda böyük axtarış-kəşfiyyat işləri aparılır. Sizin adını çəkdiyiniz layihələrə mən “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin laylarından çıxarılacaq qazı da əlavə etmək istərdim. Bu məsələ üzrə biz konsorsiumla danışıqlar aparırıq. Planlaşdırırıq ki, 2025-ci ilədək Azərbaycanda təxminən 50 milyard kubmetr qaz hasil olunacaq. Bu həcmin əhəmiyyətli hissəsinin dünya bazarlarına çıxarılması üçün Türkiyə ilə birlikdə bu ölkənin ərazisindən keçəcək tamamilə yeni bir qaz kəmərinin inşası layihəsinin araşdırılması haqqında razılıq əldə edilmişdir. Bu, yeni bir kəmər olacaqdır və regionda qaz hasilatı həcmləri artdıqca onun ötürücülük qabiliyyətini artırmaq mümkün olacaqdır. Bu layihə iki qardaş ölkə tərəfindən (xarici şirkətlərin dəvət edilməsi də mümkündür) həyata keçiriləcəkdir. Biz bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirik ki, 2017-ci ilin sonlarında – “Şahdəniz” layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun. Bu layihə 21-ci əsrin layihəsi olacaq.


Geri qayıt