Əsas Səhifə > Güney Press, Araşdırma > BAŞ REDAKTORLAR HARANI BİTİRİB?

BAŞ REDAKTORLAR HARANI BİTİRİB?


13-08-2012, 13:25
BAŞ REDAKTORLAR HARANI BİTİRİB?

JURNALİSTİKA BAŞQA İXTİSAS SAHİBLƏRİNİN ƏLİNDƏDİR

Mətbuat Şurasının sədri Əflatun Amaşov bir neçə gün öncə jurnalistlərə verdiyi açıqlama bildirib ki, Azərbaycanda ali təhsili olmayanların və texniki təhsilli şəxslərin qəzetlərdə redaktorluq etməsinin qarşısı alınacaq. MŞ sədrin sözlərinə görə, bu məsələ prezident İlham Əliyevin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” imzaladığı sərəncamın icrasını həyata keçirmək məqsədilə yaradılan AMEA-nın işçi qrupunun hazırladığı təkliflər planında öz yerini tapıb.

Maraqlıdır, hazırda yerli media orqanlarına rəhbərlik edən baş redaktorların ixtisası nədir?

Modern.az-ın əməkdaşı bunu öyrənməyə çalışıb.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu 1997-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun politologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsinin məzunu olub.

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu 1988-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə isə Qərb Universitetinin Jurnalistika fakültəsini bitirib.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Sankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsini bitirib. Hətta Mədəniyyət və İncəsənət Universitetində aktyor və rejissor sənətindən dərs də deyib.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid 1988-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

“Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov da Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib.

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid 1990-cı ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib.

“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev ixtisasca tarixçidir. O, 1983-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində təhsil alıb.

“Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinin məzunudur.

“Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsində ingilis və alman dilləri müəllimi ixtisası üzrə təhsil alıb.

“Bütöv Azərbaycan” qəzetinin baş redaktoru İlham Məmmədli də ixtisasca jurnalistdir. Baş redaktor 1990-cı ildə Bаkı Dövlət Univеrsitеtinin Jurnаlistikа fаkültəsini bitirib.

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay BDU-nun Jurnalistika fakültəsini bitirib.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr və magistraturasını bitirib. BDU-nun əyani aspiranturasında təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb.

“Mərkəz” qəzetinin baş redaktoru İlhamə Novruzova isə digər həmkarlarından fərli olaraq, ixtisasca riyaziyyatçıdır. 1986-cı ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub.

“Ekspress” qəzetinin baş redaktoru Qəzənfər Bayramov ixtisasca filoloqdur. Q.Bayramov BDU-nun Filologiya fakültəsini bitirib.

“Həftə-içi” qəzetinin baş redaktoru Sevinc Seyidova da BDU-nun Filologiya fakültəsinin məzunudur.

“Mədəniyyət” qəzetinin baş redaktoru Nigar Mənsimova BDU-nun Jurnalistika fakültəsində təhsil alıb.

“Respublika” qəzetinin baş redaktoru Teymur Əhmədov Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin məzunudur.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı BDU-nun Tarix fakültəsində təhsil alıb.

“Üç nöqtə” qəzetinin baş redaktoru Xoşqədəm Hidayətqızı həm Tarix, həm də Hüquq fakültəsinin məzunudur.O, ilk ali təhsilini 1991-1996-cı illərdə Naxçıvan Dövlət Pedaqoji Universitetinin Tarix, 2001-2005-ci illərdə isə Bakı Dövlət Univesitetinin Hüquq fakültəsində təhsil alıb.

“Lent.az” xəbər portalının baş redaktoru Qabil Abbasoğlu 1992-ci ildə Gəncə Kənd Təsərrüfatı İnstitutunun mühəndis-mexanik ixtisasını bitirib.

“Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli 1995-ci ildə BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib.

“Qafqazinfo.az” xəbər saytının baş redaktoru Elnur Məmmədli Avrasiya Universitetinin məzunudur. İxtisası isə beynəlxalq münasibətlərdir.

Modern.az saytının baş redaktoru Elşad Eyvazlı Təfəkkür Universitetinin Jurnalistika fakültəsini bitirib.

APA-nın baş redaktoru Vüsalə Mahirqızı Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib, ixtisasca filoloqdur.

“Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Politologiya fakültəsini bitirib.

Geri qayıt