Əsas Səhifə > Ölkə > DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR

DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR


12-08-2012, 13:24
DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR

TOFİQ ZEYNALOV TOVUZU AĞLAR GÜNƏ QOYUB

Azərbaycanda vəzifə başında olan icra hakimiyyəti rəhbərlərinin hər birinin böyük bir feodal olduqları və rayonlarını bu təfəkkürlə idarə etdikləri heç kimdə şübhə doğurmayan həqiqətdir.

Ələlxüsus da, əgər həmin icra başçısının özündən daha yüksək vəzifədə işləyən qohumu, qardaşı və ya hakimiyyətin lap yuxarı eşelonunda vəzifə tutan adamı varsa, o, birmənalı qaydada rəhbərlik etdiyi rayonda yeganə güc olur. Və rayonunda ona “gözün üstə qaşın var” deyəcək adamlar olmur.

Belə icra başçılarından biri də Tovuzun rəhbəri Tofiq Zeynaovdur. Məlum olduğu kimi, T.Zeynalovun hakimiyyətdəki əsas dayağı, elə doğmaca qardaşı, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalovdur. Qardaşlar belə demək mümkünsə, Tovuzu bir feodallıq olaraq görürlər və rayonu özlərinin mülkü hesab edərək, istədikləri kimi hərəkət edirlər. Rayonda yaşayan camaat isə sanki, feodalların rəiyyətləridir.

Qeyd edək ki, Tofiq Zeynalov mətbuatda haqqında ən çox yazılan icra başçılarından biridir. Onun haqqında vaxtaşırı müxtəlif səpkili şikayətlər, iddialar, ittihamlar səsləndirilir. Onun rayonun ən gözəl yerlərini ələ keçirməsi, rayondakı əsas istirahət, turizm, idman komplekslərinin hamısının Zeynalov qardaşlarına məxsus olması, dövlət vəsaitinin qeyri-qanuni formada xərclənməsi və dağıdılmasından tutmuş, bir sıra korrupsiya və qanunsuzluq faktları ilə bağlı yazılar dərc edilib.

Redaksiyamıza daxil olan bu dəfəki şikayət də, elə T.Zeynalovun rayonun büdcə vəsaitini qeyri-bərabər xərcləməsi ilə bağlı iddiadır. Rayondakı mənbələrimiz iddia edir ki, icra başçısı özünə aid olan və özünün məkanlarının yerləşdiyi ərazilərə gözü kimi baxır, ona aiddiyatı olmayan kəndlərə isə dövlət büdcəsindən bir manat belə, vəsait xərcləmir. Halbuki, rayona ayrılan pullar bütün kəndlərə bərabər formada xərclənməli, rayonun bütün kəndləri abadlaşdırılmalıdır.

Yeni məlumatlarda T.Zeynalovun fəaliyyətindən, daha doğrusu, fəaliyyətsizliyindən bəhs edilir.

DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR

Redaksiyamıza daxil olan şikayətdə bildirilir ki, icra başçısı rayonun Əlimərdanlı kəndinin varlığını unudub. Belə ki, Tovuzun bu kəndindən xeyli sayda tanınmış insan çıxsa da, hətta bunların arasında Zeynalovlarla kirvə münasibətlərinə sahib olanlar olsa da, Əlimərdanlı hər kəsin xatirindən silinib.

Tovuza səfər edərkən, rayonun girişini gördükdə, buranın cənnət olduğunu düşünürük. Ancaq rayonun içərilərinə getdikcə, Tovuzun bərbad yolları bu fikri darmadağın edir. Rayonun Gömrük İdarəsinə gedən yola isə yol demək belə, mümkün deyil. Bəlkə də icra başçısı Tofiq Zeynalov hesab edir ki, Gömrük İdarəsinə gedən yolu o yox, elə idarənin rəisi Vəzir Həsənov düzəltdirməlidir. Ancaq V.Həsənovun T.Zeynalovdan fərqli olaraq əslən tovuzlu olmadığını nəzərə alsaq, onun bu rayona qarşı nə qədər laqeyd olduğunu anlaya bilərik.

Mənbəmiz bildirir ki, Əlimərdanlının bərbad yollarından sonra rayondakı Əsirik bulağına getdikdə, buradakı müasir yolları, hətta paytaxtın yolları ilə müqayisə etmək olar. Bu paradoksun səbəbləri ilə maraqlandıqda isə məlum olur ki, Əsirik bulağına gedən yolun üzərində yerləşən bütün restoranlar Ramiz və Tofiq Zeynalov qardaşlarına məxsus olduğu üçün buranın yolları da müasir səviyyədədir.

DYP ŞEFİNİN QARDAŞINDAN ŞİKAYƏT VAR

Son olaraq, qeyd etmək istəyirik ki, bir zamanlar mərhum prezident Heydər Əliyevin Tovuz rayonuna səfəri zamanı dediyi “tovuzlular mənim dostumdur” ifadəsi Zeynalov qardaşları üçün əhəmiyyət kəsb etsəydi, yəqin ki, Tofiq Zeynalov indi rayonun bəzi kəndlərini xəritədən silməz, onlara diqqət ayırardı.

Geri qayıt