Əsas Səhifə > Cəmiyyət > BİZƏ NƏ YAĞI YEDİRİRLƏR?

BİZƏ NƏ YAĞI YEDİRİRLƏR?


3-08-2012, 14:59
BİZƏ NƏ YAĞI YEDİRİRLƏR?

“ƏSL KƏRƏ YAĞI SÜMÜK RƏNGİNDƏ OLMALIDIR”

Azərbaycanda kərə yağı almaq istəyənlər “Ankor”, “Fransa”, “Yeni Zenlandiya” və Rusiya istehsalı olan kərə yağları arasında seçim etməli olurlar. Çünki bazarda Azərbaycanın öz istehsalı olan kərə yağına rast gəlmək mümkün deyil. Bəzi iri marketlərdə satılan “İvonovka” kərə yağını çıxmaq şərti ilə. Bu yağların da satış dairəsi geniş deyil. Ona görə də geniş alıcı kütləsi xaricdə istehsal olunan kərə yağı almaq məcburiyyətindədir. Bəs bunun səbəbi nədir? Ölkədə süd məhsulları istehsal edən çoxlu sayda müəssisələrin olmasına baxmayaraq Azərbaycanın kərə yağı bazarlarda niyə görünmür?

Modern.az bunu araşdırmağa çalışıb.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycanda kifayət qədər kiçik və iribuynuzlu heyvan var. Bu ilin məlumatlarına görə, iri və xırda buynuzlu heyvanların ötən illə müqayisədə 101,5% artaraq 2 mln. 703 min 548 başa çatıb. Təbii ki bu sayda heyvanlardan 100 min tonlarla süd almaq mümkündür.

Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlıq məhsulları istehsalı, emalı, damazlıq və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov isə ölkədə kərə yağı istehsalının olmaması ilə razılaşmır. Onun sözlərinə görə, təkcə ötən il 21 min ton kərə yağı istehsal olunub. Eyni miqdarda kərə yağı da idxal olunub. İldən-ilə yağ istehsalının artdığını deyən şöbə müdiri əvvəllər ölkənin yağa olan tələbatının xarici bazarın hesabına ödənildiyini söylədi:

“Gün ərzində hər kəs 12,8 qram kərə yağı istehlak edir. Bitki yağında isə bu göstərici 22,1 qram, marqarində isə 5,8 qram təşkil edir. İldə isə bu rəqəm Respublika üzrə 51 min 344 tondur. Amma kərə yağı istehsalı elə də asan başa gəlmədiyindən onun indiki istehsalı bizi qane edir. Hər 22 kiloqram süddən bir kiloqram yağ almaq olur. Əgər südün böyük bir qismini süd istehsalına yönəltsək, onda digər məhsulun istehsalı mümkün olmayacaq. Ona görə də ölkəyə 21 min ton kərə yağı idxal olunmasını məqbul sayırıq. Hövsanda yeni süd kombinatı istifadəyə verilib. Həmin zavod yağ istehsal edəcək. Amma hələlik xarici bazardan yağ almağa məcburuq”.

Mütəxəssislər isə Azərbaycanda kərə yağı istehsalının daha çox şəxsi təsərrüfatlarda həyata keçirildiyini deyir. Proses fərdi aparıldığından statistika aparmaq mümkün deyil. Toxunduğumuz məsələ süd və süd məhsulları istehsal edən yerli şirkətlərlə də aydınlaşdırmağa çalışdıq.

Süd məhsullarının istehsalçısı kimi tanınan “Milk Pro” MMC firması kərə yağı istehsal etmir. Şirkətdən bunun səbəbini ayrıca istehsal xəttinin olmaması ilə izah etdilər. Bunun üçün ayrıca istehsal xətti yaradılmalıdır.

Azərbaycan bazarında ən böyük süd və süd məhsulları istehsal edən “Gilan Holdinq”in Qəbələ süd emalı zavodunda pendir, qatıq, ayran, kəsmik və digər süd məhsulları istehsal olunsa da, kərə yağı istehsalı yoxdur. Bunun səbəbini tam izah etməsələr də onlara bu məhsulların istehsalının daha çox sərf etdiyini bildirdilər.

Hazırda daxili bazarda kərə yağları satılsa da onların keyfiyyətində də problemlər yaşanır. Mütəxəssislər həmin yağların böyük hissəsinin orqanizm üçün təhlükəli olduğunu bildirirlər. Son vaxtlar alıcılar da şikayətlənirlər ki, mənşəyi məlum olmayan yağların rəngi müxtəlif qatqılarla dəyişdirilir və bazara çıxarılır.

Faktın doğruluğunu yoxlamaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüsynovla əlaqə saxladıq. Birlik sədri söylədi ki, əslində kərə yağı tünd sarı deyil, təzə sümük rəngində olmalıdır. Əritdikdə isə turş torta, yaxud da ayran dadını verməməlidir: “Bitki yağı və kərə yağı eyni temperaturda əritdikdə də təmiz olub olmadığı üzə çıxır. Bu yağların hər ikisi eyni vaxtda ərisə deməli kərə yağı saxtadır. Bizdə satılan kərə yağlarının ərimə temperaturu bədən temperaturundan yuxarıdır. 36 dərəcədən gec əriyən yağ isə insan orqanizmində həll olmur. Bu isə orqanizmdə çox ciddi fəsadlara yol açır”.

E. Hüseynov təsdiqlədi ki, əmtəə bazarında kərə yağı adı altında satılan bir neçə növ saxta yağ satışdan çıxarılsa da hələ də bu cür hallara rast gəlinir:

“Əvvəllər bazarlarda üzərində qırmızı inək şəkli çəkilmiş “Red Cow” kərə yağı satılırdı. Onun ərinmiş variantı dəmir qablara yığılaraq kərə yağı adı altında uzun müddət istehlakçılara satılırdı. Bu yağın qapağını açanda ərinmiş kərə yağının ətri gəlirdi. Halbuki bu ətrin gəlməsi üçün onun tərkibinə müxtəlif kimyəvi qatqılar əlavə edirlər. Həmin yağların ərinməmiş variantı satışda vardı. Çox çətinliklə də olsa biz bu yağı əmtəə bazarından çıxarmağa nail olduq. Amma bu gün də bazarda ərinmiş kərə yağı adı altında yağlar satılır. Həmin yağların tərkibində kərə yağından əsər-əlamət yoxdur. Baxmayaraq ki , həmin yağların mal etiketində ekoloji cəhətdən təmiz olduğu yazılır. Amma həmin kərə yağı sektorunda problemlər var. Məsələn, dünyada ən məşhur kərə yağı “Voloqodskoye Maslo”nu bizim mağazalarda tapmaq mümkündür. Özü də saxtasını. Belə yağları istifadə etmək xüsusilə təhlükəlidir. Bunu qiymət də təsdiqləyir. Azərbaycanda bu məhsullar dünya bazarında satılan qiymətlərdən təxminən 30-40 % ucuzdur. Zellandiya yağlarının da keyfiyyəti təmiz kərə yağı saymaq olmaz. Çünki onun rəngi həddindən artıq sarıdır. Bu rəngi almaq üçün ona boya vururlar”.

Bütün bunları eşitdikdən sonra nehrə yağı istifadə etmək fikrindəsinizsə, onda tələsməyin. Çünki əvvəllər saxsı qablarda nənələrimiz anaş inəklərin südündən hazırladığı nehrə yağlarından da əsər əlamət qalmayıb. Eyyub Hüseynov deyir ki, kənd əhli də saxtakarlardan əyriliyin yollarını öyrənib: “Səhərlər vağzallarda, bazarlarda nehrə yağı satılır. Amma onlar da təmiz nehrə yağı hesab edilməz. Çünki bəzən bir inəyi olan da bazara hər gün yağ çıxarır. Buna isə müxtəlif yollarla nail olurlar. Mağazalarda satılan marqarin yağları əridilərək nehrə yağlarının tərkibinə əlavə olunur. Xüsusən kilo-kilo bükülmüş yağlarda bu özünü daha çox göstərir. Bu yağları əritdikdə və kəsdikdə saxta olduğu başa düşmək olar. Kəsərkən nehrə yağlarının içində müxtəlif rənglər olduğu görünür. Elə bu da onların tərkibində əlavələrin edildiyini təsdiqləyir”.

Azərbaycan Kulinariya Assosiasiyasının sədri Tahir Əmiraslanov da bu gün bazarlarda satılan kərə yağların tərkibinin tam təmiz olmasından şübhə edir. Onun sözlərinə görə, həmin kərə yağlarının tərkibi naməlumdur. Ona görə də belə yağların qəbulu heç də məsləhətli deyil: “İndi bazarlarda satışa çıxarılan kərə yağlarını əvvəlkilərlə müqayisə edilə bilməz. Məsələn, 2000 il bundan əvvəl hazırlanan kərə yağı indi İsmayıllıda muzeydə saxlanılır. Uzun illər saxlanılsa da, ilk gündə olduğu kimi qalır. Amma indi zavodlarda istehsal olunan kərə yağının tərkibini demək çətindir. Həmin yağları heç soyuducuda bir ay saxlamaq olmur. Onların keyfiyyəti ilə bağlı şübhələri kərə yağlarının qiymətləri də təsdiqləyir. Ona görə də ondan yalnız qızardıcı mühitdə istifadə etmək olar”.

Geri qayıt