Əsas Səhifə > Ölkə > QUBAD İBADOĞLUDAN ŞOK AÇIQLAMA
QUBAD İBADOĞLUDAN ŞOK AÇIQLAMA3-08-2012, 14:44 |
“MƏMURLAR ÖLKƏDƏN $48 MLRD.-DAN ÇOX ÇIXARIBLAR” “$48 mlrd.-ın Azərbaycandan offşor zonalara köçürülməsi ölkənin ali siyasi hakimiyyətinin nəzarəti olmadan mümkün deyil”, - iqtisad elmləri doktoru, İqtisadi Araşdırmalar Mərkəzinin sədri Qubad İbadoğlu “ObyektivTV”-yə (obyektiv.tv) müsahibəsində deyib. “Britaniyanın Tax Justice Network təşkilatının “The Price of Offshore Revisited” (“Offşor köçürmələrin qiyməti) adlı hesabatı BVF, DB, yerli hökumətlərin və digər mənbələrin məlumatları əsasında yazılıb. Bu, Wikileaks saytının başladığı qlobal şəffaflıq siyasətinin davamıdır”, - ekspert hesab edir. Onun fikrincə, bu 1994-2010-cu illərdə Azərbaycandan çıxarılmış maliyyə haqqında tam məlumat deyil. Məlumatda yerli məmurların pullarının keçdiyi müsəlman ölkələrinin bankları haqda bilgi əksini tapmayıb. Araşdırılmış aktivlərə xaricdə daşınmaz əmlak, qızıl, səhm və s. bağlı vəziyyətlər daxil edilməyib. Bundan əlavə, araşdırmanın preambulasında şübhəli köçürmələrin qeyd olunmadığı göstərilir. Bunu da nəzərə alsaq, çıxarılan vəsait göstəriləndən bir dəfə yarım çoxdur. İqtisadi Araşdırmalar Mərkəzi yerli ÜDM-də kölgə iqtisadiyyatının xüsusi çəkisini də araşdırıb. Məlum olub ki, təkcə 2010-cu ildə ümumi daxili məhsulun 50 mlrd. manatından 38 mlrd. manatı (66,4%) vergi xidmətinin nəzarətindən kənarda qalıb. Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə bir çox konvensiyaya qoşulub və bu mövzuda çoxlu qanunları var. İlkin mərhələdə offşor zonalara investisiya köçürmələrində tramplin kimi baxılırdı: pullar ora qoyulur, sonra orada yaradılan qurumlar Azərbaycanın dövlət şirkətlərinin tərəfdaşları kimi qeydiyyata alınır. Təkcə neft sahəsində 26 belə tərəfdaş çalışır. Aviadaşımalar, qızıl sənayesi, yol-nəqliyyat tikintisində də belə strukturlar var, onlarda əsas pay dövlət başçısının ailə üzvləri, hava konserninin rəhbəri, nəqliyyat naziri, FHN rəhbəri və digərlərinə məxsusdur. Yəni, buradan çıxarılmış pullar sonradan xarici investisiya şəklində qayıdıb, lakin onlar ölkə iqtisadiyyatına işləmir, ali hökumət və dövlət məmurlarının varlanmasına xidmət edir. Sadalanan hərəkətlər korrupsiya elementlərini ifadə edir və qanunun aliliyinə, sosial ədalətə, bazar iqtisadiyyatına ciddi təhlükə törədir, iqtisadi inkişafa mane olur. Q.İbadoğlu hesab edir ki, hər bir azərbaycanlı ailə bu qanunsuz hərəkətlərin nəticəsində $40-45 min itirib. Əgər bu pullar neft sektorunun inkişafına yönəldilsə, qabaqcıl texnologiyaya malik minlərlə müəssisə tikmək və bir neçə milyon adamı işlə təmin etmək olar. Geri qayıt |