Əsas Səhifə > Sosial, Manşet > ZİYA MƏMMƏDOVUN AVTOŞLARI

ZİYA MƏMMƏDOVUN AVTOŞLARI


28-10-2011, 11:43
ZİYA MƏMMƏDOVUN AVTOŞLARI

KÖHNƏ TAKSİLƏRİ OVLAYINCA, VƏHŞİ AVTOBUS SÜRÜCÜLƏRİNƏ ÇARI QIL, CƏNAB NAZİR

DİA.AZ: - Son günlər paytaxt küçələrində şütüyən marşrut avtobusların törətdiyi və neçə-neçə vətəndaşın ölümünə səbəb olduğu qəzaların sayı durmadan artmaqdadır. Təbii ki, bu qəzalarda kimin günahkar olması hər kəsə aydındır. Hər halda, nəqliyyat naziri Ziya Məmmədovun əziz-xələf sürücülərinin (onlarının əksəriyyətinin heç sürücülük hüququ yoxdur) avtoşluğu hər kəsə ayandır.

Lakin buna baxmayaraq, NN bu problemin aradan qaldırılması üçün nəinki hansısa addımı atmır, əksinə, günahın əks tərəfdə olduğunu iddia edir.

Biz də «Dünya» İnformasiya Agentliyi redaksiyası (dia.az) olaraq sakinlər arasında kimin günahkar olmasını müəyyənləşdirmək üçün mini-sorğu keçirdik. Sorğumuza qatılan paytaxt sakinləri çox maraqlı faktları açıqladılar.

24 yaşlı bank işçisi Murad Əzizov: «Təbii ki, günah avtobus sürücülərindədir. Bir-biriləri ilə yarışa çıxan marşrutlara hər minib düşəndən sonra sərnişinlər qurban kəsməlidirlər. Çünki doğrudan da, sağ-salamat qurtarmağımız möcüzə olur. Amma nə edək? Başqa çarəmiz də yoxdur. Məcbur minməliyik».

59 yaşlı müəllimə Aidə Fərzəliyeva: «Dəfələrlə olub ki, körpə uşaqla minərkən sürücülərin vəhşi kimi sürməsi səbəbindən ölümlə üz-üzə gəlmişəm. İki gün əvvəl isə 20 saylı marşrut avtobusuna «28 May» stansiyası yaxınlığında minirdim. Yanımda qızım və onun iki körpə uşağı da var idi. Uşaqların birini mindirdik. İkincisini mindirər-mindirməz avtobus tərpəndi. Az qala uşaq avtobusun təkərləri altında qalmışdı. Avtobusun dövlət nömrəsini də götürdüm: 10-TF-673. Hətta onların «qaynar xətt»lərinə də zəng etdim və bu barədə məlumat verdim. Amma bu gün yenə də həmin sürücünü xəttdə gördüm və yenə də avtobusu vəhşi kimi sürürdü. İrad bildirəndə də, qayıdıb deyir ki, xoşun gəlmir, minmə».

31 yaşlı işsiz Zaur Müseyibov: «Vallah, dünyanın heç bir yerində belə şeylər yoxdur. Mən Türkiyədə ali təhsil almışam. Amma bu qədər özbaşınalıq heç bir yerdə görməmişəm. Hətta Türkiyənin dağ kəndlərində də belə vəziyyət olmur. Görünür, bu əxlaq məsələsidir. Bizlərdə hələ də heç bir mədəniyyət forması oturuşmayıb. Xüsusən də nəqliyyatla davranış, sürücülük mədəniyyəti».

Onu da bildirək ki, bu durumla bağlı DİA.AZ olaraq artıq NN-ə rəsmən sorğu ilə müraciət etmişik və əlimizdə yetərincə faktlar var ki, həmin faktlarda marşrut avtobuslarını sürən sürücülərin əksəriyyətinin sürücülük hüququnun olmadığı sübutlanır.

Təbii ki, bu faktların qulaqardına vurulacağı şübhəsizdir. Çünki nazir Ziya Məmmədovun başı bərk qarışıqdır. Axı o, köhnə sovet «jiquli»lərinin taksi kimi xidmət göstərməsindən bərk utanır. Və bu gün «jiquli» ovuna çıxan nazirin çətin ki, öz «ərköyün avtoşları» ilə bağlı hansısa ölçü götürməsi inandırıcı deyil.


Geri qayıt