Əsas Səhifə > Cəmiyyət > CAVİD QURBANOVUN GÖYTƏPƏDƏKİ KÖRPÜSÜ UÇUR
CAVİD QURBANOVUN GÖYTƏPƏDƏKİ KÖRPÜSÜ UÇUR2-08-2012, 13:49 |
"AZƏRYOLSERVİS" FACİƏNİN BAŞ VERMƏSİNİMİ GÖZLƏYİR? Ötən ay Bakı-Quba yolunun üstündəki uzunluğu 100 metrdən çox olan körpünün qəflətən uçmasını və üzərində hərəkət edən yük maşınının çaya düşməsini yəqinki xatırlayırsınız. Vaxtında körpüyə nəzarət olsaydı və mütəxəssislər təhlillər aparsaydı, şübhəsiz ki, belə faciəli hadisələr də baş verməzdi. Biz "Azəryolservis" ASC-nin mütəxəssislərinin əvəzinə xəbərdarlıq edirik və tədbirlər görülməsini istəyirik. Bilirik ki, indi yaydır və ASC sədri xaricdə dincəlir, yerli mütəxəssislər isə özünü kölgəli yerə veriblər. Ona görə də gün altında çökməyini gözləyən körpülərdən xəbərdar olmaya bilərlər. Mətləbə keçək. Bu gün Cəlilabadın Göytəpə şəhər ərazisindəki dövlət əhəmiyyətli yolun üzərində olan (Bakı-Astara magistral yolun Göytəpə çayı üzərində hələ sovetlər dövründə inşa olunmuş körpü) körpü baxımsızlıqdan uçma təhlükəsi ilə üz-üzə qalıb. Acınacaqlı vəziyyət isə ondadır ki, körpünün piyadalar üçün nəzərdə tutulan hissəsi də tamamilə dağılıb. Sakinlər körpüdən istifadə etməyə qorxurlar. Şəhər sakini Fuad İbayevi də elə narahat edən budur ki, hələlik məktəblilər üçün tətil zamanıdır. İki aydan sonra məktəbli uşaqlar bu körpü üzərindən keçib dərsə gedəcəklər. Gərək bu körpü uça, kiminsə balası tələf ola ki, ondan sonra adiyyəti qurumlar hərəkətə keçəcələr? Bəs görəsən, yaranmış təhlükəli vəziyyəti "Azəravtoyol" ASC-nin adiyyəti qurumlarının rəhbərləri görmürlər? "Azəryolservis" ASC-nin yerli şöbəsi nə işlə məşğuldur? Körpünün vəziyyətindən hər gün həyəcan keçirən digər şikayətçi Mahir Həsənov isə bizə bildirdi ki, Göytəpə şəhərinin bu dərdinə əlac tapılmasa, daha bir faciə yaşayacağıq: "Bildiyimizə görə, körpülər də "Azəryolservis"ə baxır. Yəqin ki, bu qurumun Cəlilabadda idarəsi var. İdarənin əsas işi isə həm də körpülərin dayanıqlığını və ümumi vəziyyətini öyrənməkdir. Axı buna görə mütəxəssislər saxlayırlar və onlar külli miqdarda məvacib alırlar. Elə isə nə işlə məşğuldurlar? Hər gün bu körpüdən keçəndə qorxumuzdan cibimizdə dua gəzdiririk, Allaha yalvarırıq. Bəlkə siz bu yalvarışımızı həm də Cavid Qurbanova çatdırasınız?" Şikayətçi onu da dedi ki, Göytəpədə problem tək körpü yox, başqa məsələlər də var: "...Göytəpə şəhəri ilə Cəlilabad arasında həmişə ögey-doğmalıq olub. Şəhər statusu alan Göytəpəyə bugünkü gündə heç də şəhər demək olmaz. Səbəb isə odur ki, bu şəhər dediyimiz əraziyə fasilələrlə elektirik enerjisi verilir. Təbi qaza gəldikdə isə hələlik yay mövsümüdür, hətta yay aylarında qazdan az istifadə olunmağına baxmayaraq qaz problemi ilə də üzləşirik. Demək olar ki, qış aylarında əhali qaz sarıdan cox cətinlik çəkir. Bu problem də aradan qaldırılmalıdır". *** Məsələ ilə bağlı "Azəryolservis" ASC-yə zəng edərək məlum körpü problemi ilə bağlı məlumat vermək istədik, lakin ASC-nin internet saytında mətbuatla əlaqə üçün qeyd edilən telefonlar susmaqda idi. Dünən gün ərzində həmin telefonlara etdiyimiz zənglər yenə də cavabsız qaldı. \ “Təzadlar” qəzeti \ Geri qayıt |