Əsas Səhifə > Ölkə > HƏRBÇİ AİLƏSİ EVİNDƏN ÇÖLƏ ATILDI

HƏRBÇİ AİLƏSİ EVİNDƏN ÇÖLƏ ATILDI


1-08-2012, 15:05
HƏRBÇİ AİLƏSİ EVİNDƏN ÇÖLƏ ATILDI

KÜRDƏMİRDƏ ÖZBAŞINALIQ SON HƏDDƏ ÇATIB

Kürdəmirdə yerləşən hərbi şəhərcikdə evinin əlindən alındığını iddia edən ağbirçək rayon sakini Nabat Əsgərova Bolgexeber.com saytına bildirib ki, vaxtilə onun hərbçi olmuş mərhum həyat yoldaşı Çingiz Əsgərova verilən mənzili Kürdəmir RİH Memarlıq şöbəsinin müdiri Sarif Əsgərovun qardaşı Arif Əsgərov zəbt edib. N.Əsgərova qeyd etdi ki, o, S.Əsgərova müraciət etsə də, sərt cavab alıb: “Get, Müdafiə Nazirliyinə şikayət elə, evi sənə qaytaran olmayacaq”. Beləliklə, yaşlı qadın bu özbaşınalıq ucbatından evsiz qaldığını və aidiyyatı orqanların qapısından qovulduğunu deyir. Nabat Əsgərova vurğuladı ki, məsələ ilə bağlı Prezident Administrasiyasına şikayət etməyə hazırlaşır.

Məsələ ilə bağlı S.Əsgərovla əlaqə saxladıq, həmin qadının ruhi xəstə olduğunu dedi və bizi Nabat Əsgərovaya inanmamağa çağırdı.

RİH başçısı İrşad Əliyev məzuniyyətdə olduğundan, onun müavini Vasif müəllimlə əlaqə saxlaya bildik. Bu şəxs də N.Əsgərova barəsində eyni sözləri dedi və həmin qadını istədiyi yerə şikayət etməyə çağırdı. Beləliklə, bizim qarşımızda bir sual doğuldu. Əgər bu qadın ruhi xəstədirsə belə, rayon icra hakimiyyətinin rəsmiləri onu evsiz qoymaqda nə qədər haqlıdırlar? Yox, əgər evini əlindən almayıblarsa, hətta xəstə vətəndaşın belə dövlət himayəsindən yararlanmaq hüququ necə olsun?

Və son sual: “Yerlərdə icra hakimiyyətləri olduğu halda, vətəndaşlar Prezident Administrasiyasına niyə üz tutmalıdırlar?”

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini və suallarımıza cavablarını işıqlandırmağa hazırıq.

Geri qayıt