Əsas Səhifə > Gündəm, Manşet > ŞEYXİN QUDASINI AZƏRBAYCANA BURAXMAYIBLAR

ŞEYXİN QUDASINI AZƏRBAYCANA BURAXMAYIBLAR


1-08-2012, 12:22
ŞEYXİN QUDASINI AZƏRBAYCANA BURAXMAYIBLAR

ƏLİ EVSENLƏ BAĞLI QALMAQAL BÖYÜYÜR: ONU HƏBS TƏHLÜKƏSİ GÖZLƏYİR

DİA.AZ: - Bir neçə gün əvvəl məlumat verərək bildirdik ki, Azərbaycanda kifayət qədər tanınmış iş adamı olan Əli Evsen İspaniya polisi tərəfindən həbs olunub. Bildirək ki, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri Allahşükür Paşazadənin qudası olan Ədi Evsenə qarşı hələ bir il əvvəldən ittiham irəli sürülmüşdü.

Məlumata görə, Əli Evsen Misirin sabiq prezidenti Hüsnü Mübarəkə yaxın olan iş adamı Hüseyn Saleminin cinayət işi ilə əlaqədar tutulub. O, iyulun 1-də İnterpol tərəfindən İspaniyada saxlanıb. Misir ədliyyə nazirinin köməkçisi Assem el Qoxeri bildirib ki, Əli Evsen Hüseyn Salemin törətdiyi bir sıra cinayətlərlə əlaqədar Misirə təhvil veriləcək. O, Evsenin qanunauyğun şəkildə İspaniyadan Misirə təhvil verilməsi üçün bütün zəruri addımların atılacağını deyib.

Onu da qeyd edək ki, Əli Evsinin həm Bakıdakı yaxınları və həm də özü şəxsən bu məlumatları təkizb etsə də, bir sıra məqamları etiraf etmişdi. Aydın olurdu ki, əslində iş adamının İspaniyadan çıxışına qadağa qoyulub. Doğrudur, Əli Evsen açıqlamasında bildirir ki, o, ayrı-ayrı dövlət adamları ilə birgə istintaqdan icazə alaraq səfərlər edib. Amma bu xəbərin sonradan yanlış olduğunu öyrənə bildik.

Bu günlərdə bir məlumatı da öyrəndik ki, Əli Evsenlə bağlı məsələnin aktual qalmasında Azərbaycanda bir sıra qüvvələr maraqlıdır. Mənbəmiz iddia edir ki, Əli Esvenə qarşı dayanan cinaha fövqəladə hallar naziri Kəmaləddin Heydərov rəhbərlik edir:

«Bu gün Kəmaləddin Heydərov Əli Evsenin Bakıdakı bütün biznes şəbəkəsini ələ keçirib. FHN şefi onun həbsinə də nail olmağa çalışır və hətta onun Rusiyanın xüsusi xidmət orqanlarının əli ilə əldə etdiyi məlumatları İspaniyanın hüquq-mühafizə orqanlarına ötürməsi barədə də məlumatlar var».

Mənbəmiz bildirir ki, bir neçə dəfə öz əlaqələri hesabına Əli Esveni həbs etdirən, lakin onu uzun müddət həbsdə saxlatdıra bilməyən Kəmaləddin Heydərovun bir işi də şeyxin qudası ilə bağlı Azərbaycanın yerli ictimaiyyətinə çaşdırıcı məlumatların ötürülməsinin təşkilindən ibarətdir.

Yəni bütün bunlardan aydın olur ki, Evsen Azərbaycanda bəziləri üçün arzuolunmaz şəxsdir. Bütün bu mətbu təxribatları önləmək fikrinə düşən iş adamının bir neçə gün əvvəl Azərbaycana gəlmək fikrinin olduğunu söyləyən mötəbər mənbə DİA.AZ-a açıqlamasında bildirdi ki, amma istintaq orqanları Əli Evsenin bu arzusunu ürəyində qoyublar. Belə ki, iş adamının Azərbaycana gəlməsinə icazə verilməyib. Hər halda, bütün bunlar onunla bağlı istintaq araşdırmalarının daha da ciddi məcraya yön almasından xəbər verir. Mənbəmiz iddia edir ki, şeyxin qudası hətta həbs də oluna bilər: «Çünki İspaniyanın yerli qanunlarına görə, onun ittiham olunduğu maddələrlə şərti olaraq azadlıqdan məhrum edilməsi mümkünsüzdür».

Onu da bildirək ki, Əli Evsen Azərbaycanda avtomobil, otel və ticarət mərkəzləri də daxil olmaqla, böyük sahədə fəaliyyət göstərən “Evsen Group”un sahibi və Albaniyanın “Albanian Airlines”ın ortaqlarından biridir. Qrupa daxil olan şirkətlər arasında “AzSamand Services”, ticarət mərkəzi “Elite Complex”, “Azerbaijan Electronics” də var. Bu şirkətlərdə 3 minə yaxın insan çalışır.

Geri qayıt