Əsas Səhifə > Sosial, Manşet > HAKERLƏR VİRTUAL ÇƏTİRİMİZİ ASANLIQLA DEŞİR

HAKERLƏR VİRTUAL ÇƏTİRİMİZİ ASANLIQLA DEŞİR


31-07-2012, 14:19
HAKERLƏR VİRTUAL ÇƏTİRİMİZİ ASANLIQLA DEŞİR

DÖVLƏTİN BU YÖNDƏKİ FƏALİYYƏTİ İSƏ SIFIRA BƏRABƏR HESAB OLUNUR

DİA.AZ: - Son günlər Azərbaycanın ayrı-ayrı xəbər portallarına qarşı haker hücumları intensiv xarakter alıb. Son hücumlar bir daha onu təsdiqləmiş oldu ki, bu yöndə dövlətimizin təhlükəsizlik tədbirləri sıfıra bərabərdir.

Xatırladaq ki, buna qədər İrana aid haker dəstələri saytlarımızın gününü qara etmişdi və hətta dövlət qurumlarının virtual məkandakı təzahürləri belə asanlıqla əmmaməməli hakerlərin hədəfinə çevrilmişdi. Bu sırada DİA.AZ saytı da iranlı hakerlərin əsas hədəflərindən biri kimi diqqətə gəlmiş oldu.

Son hücumlar zamanı bildirək ki, hakerlərin Türkiyə istiqamətindən hərəkətə keçdikləri söylənildi. Bununla bağlı DİA.AZ-a açıqlama verən ekspertlərdən birinin sözlərindən belə aydın oldu ki, əslində portal rəhbərlərinin «hücumlar Türkiyə ərazisindən edilir» qənaəti yanlışdır: «İndi elə bir sistem mövcuddur ki, dünyanın istənilən bir yerində oturub, digər bir ünvandan hücum edilirmiş kimi təəssüratını yaratmaq mümkündür. Digər tərəfdən, hətta hücumların Türkiyədən edildiyi təqdirdə belə, bu məsələdə Türkiyəyə aid hər hansı qüvvənin, hətta PKK yandaşlarının hədəf kimi göstərilməsi də doğru deyil».

Xatırladaq ki, «Yeni Müsavat» qəzetindən portallarına hücumların edilməsinin nədəni kimi «Kürdüstan»la bağlı yazının yer alması faktı göstərildi. Amma bir məsələ də var ki, dağıdılan digər saytların heç biri sözügedən mövzuya toxunmayıblar. Yəni deməli, məsələ tamam fərqli müstəvidədir.

Bu barədə redaksiyamızı bilgiləndirən məlumatlı mənbə iddia edir ki, əslində hücumların qaynağı hakimiyyət içindəki ünvanlardır: «Əgər belə olmasaydı, rəsmi dairələr ən azından bir cümləlik reaksiyaları ilə diqqətə gələrdilər. Amma Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi başda olmaqla, bütün müvafiq dövlət qurumları susdular. Ən azından bu faktdan ipucu kimi istifadə etmək olar».

Onu da bildirək ki, dağıdılmış saytlardan olan 7gun.az portalında hələ də pornoqrafik şəkil qalmaqdadır. Bunun isə kimlərə aid dəst-xətt olduğunu müəyyən etmək o qədər də çətin deyil…

Geri qayıt