Əsas Səhifə > Cəmiyyət > RÖVNƏQ ABDULLAYEV HAMIYA QARŞI

RÖVNƏQ ABDULLAYEV HAMIYA QARŞI


27-10-2011, 15:51
RÖVNƏQ ABDULLAYEV HAMIYA QARŞI

ARDNŞ 1000-DƏN ARTIQ MƏHKƏMƏ İDDİASI İRƏLİ SÜRÜB

Dövlət Neft Şirkəti (ARDNŞ) Bakının bir sıra rayonlarda mövcud olan və mədən sahəsinə aid torpaqlarda tikildiyi idda edilən sənədsiz evlərə qarşı kütləvi məhkəmə iddiaları qaldırıb. Bu iddialarda həmin evlərin sökülməsi tələb olunur. ARDNŞ-nin Hüquq idarəsinin Hüquqi mübahisələrlə iş şöbəsinin rəisi Şahin İsmayılov Modern.az saytına verdiyi məlumatda sənədsiz evlərə qarşı məhkəmələrə təqdim edilən iddiaların sayını açıqlayıb.

Şahin İsmayılov bildirib ki, Dövlət Neft Şirkəti tərəfindən təkcə Sabuncu rayon Məhkəməsinə 6 mindən çox sənədsiz evlə bağlı iddia ərizəsi göndərilib. Onun sözlərinə görə, Sabuncu rayon Məhkəməsi hazırda həmin iddiaları araşdırır.

ARDNŞ rəsmisi deyib ki, Bakının Xətai rayon Məhkəməsinə 440, Nizami rayon Məhkəməsinə isə 170 iddia ərizəsi təqdim edilib. ARDNŞ Səbail rayon Məhkəməsinə də 307-dən çox iddia ərizəsi göndərib. Ş.İsmayılovun sözlərinə görə, artıq Səbail rayon Məhkəməsində də iddialara baxılır.

Müsahibimiz deyib ki, ARDNŞ-yə məxsus 558 hektar ərazini əhatə edən “Maştağa-Buzovna” yatağının yerləşdiyi torpaq sahəsinin 200 hektarında, 1894 hektar ərazini əhatə edən “Balaxanı-Sabunçu” yatağının yerləşdiyi torpaq sahəsinin 570 hektarınında vətəndaşlar icazəsiz evlər tikərək orada yaşayırlar.

Dövlət Neft Şirkətinin rəsmiləri mədən sahəsinə aid etdikləri torpaqlarda tikilən evlərin sökülməsinə çalışacaqlarını deyirlər.
Bu evlər fərdi həyət evləridir.

ARDNŞ-nin Sabunçu rayonu ərazisdində məhkəməyə verdiyi sakinlər isə Modern.az-a deyiblər ki, qanunsuz adlandırılan həmin evlərin sakinlərindən hər ay bütün kommunal xidmət haqları yığılır. Onların sözlərinə görə, 20-30 günə tikilən bu evlərin inşası elə ARDNŞ işçilərinin gözü qarşısında baş verib, yəni rəsmi icazə alınmasa da, qeyri-rəsmi ödənişlər müqabilində onların ev tikmələrinə göz yumulub. Bələdiyyələrin, İcra hakimiyyətlərinin nümayəndələrinə, sahə müvəkillərinə və ARDNŞ-nin öz işçilərinə ayrı-ayrı məbləğlərdə rüşvət ödənildikdən sonra tikintiyə qeyri-rəsmi icazə verilib.

Bu ilin əvvəlində Prezident İlham Əliyev keçirdiyi iclasda Bakı şəhərindəki sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı tapşırıq verib. Tapşırığa uyğun olaraq müvafiq tədbirlər görülməli, sənədləşdirmə ilə bağlı mexanizm hazırlanmalıydı. Amma aylar ötməsinə baxmayaraq məsələnin həlli istiqamətində ciddi addımlar atılmayıb.

Hökumətdəki mənbələrdən Modern.az saytına bildirilib ki, əslində ölkə başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar sənədsiz evlərlə bağlı araşdırma aparıblar. Və sənədsiz evlərin hədindən çox olduğu üzə çıxıb. Belədə rəsmilər çaşqınlıq içərisində qalıblar ki, hansı evlər sənədləşdirilsin, hansılar sökülüb sahiblərinə kompensasiya verilsin, hansılar isə sökülsün, kompensasiya verilməsin. Sökülməsi vacib sayılan evlərin sayı o qədər çox olub ki, hökumət buna getmək istəməyib və hazırda alternativ yollar axtarılır ki, məsələni necə yoluna qoysunlar.


Geri qayıt