Əsas Səhifə > Ölkə > KİMLƏR MÜTƏLLİBOVUN DÖNÜŞÜNÜ İSTƏMİR?
KİMLƏR MÜTƏLLİBOVUN DÖNÜŞÜNÜ İSTƏMİR?27-10-2011, 13:38 |
QANUNA QARŞI SƏS VERƏN 3 DEPUTAT Milli Məclisin oktyabrın 25-də keçirilən iclasında eks-prezidentlərlə bağlı qanun layihəsinin ilk dəfə müzakirəsi gərinliklə yadda qaldı. Çıxışlar zamanı bir sıra deputatlar “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Konstitusiya qanunu” layihəsilə bağlı ciddi iradlar səsləndirdilər. İradlar ondan ibarət idi ki, parlamentin qəbul edəcəyi bu qanun Azərbaycanın üç eks-prezidentindən ikisinə - Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunmamalıdır. Deputatlar xüsusilə Ayaz Mütəllibovla bağlı daha radikal mövqe sərgilədilər. Maraqlıdır ki, çıxışlar zamanı qanun layihəsinin əleyhinə danışan deputatların sayı çox olsa da, səsvermədə bu özünü göstərmədi. Modern.az xatırladır ki, müzakirələr zamanı deputat Elman Məmmədov, Elmira Axundova, Musa Quliyev, Əli Əhmədov, Fəzail Ağamalı, Zahid Oruc, Etibar Hüseynov və daha bir neçə parlamentari qanun layihəsinin əleyhinə çıxış ediblər. Qanun layihəsi səsə qoyularkən isə cəmi 3 nəfər əleyhinə səs verdi. Bəs qanunun birinci oxunuşda əleyhinə səs verənlər kimlər oldu? Modern.az saytının araşdırması zamanı məlum olub ki, qanun layihəsinin əleyhinə səs verən 3 deputat Fəzail Ağamalı, Zahid Oruc, Etibar Hüseynov olub. Bunu saytımıza açıqlamalarında adları çəkilən şəxslərin özləri də təsdiq etdilər. Zahid Oruc deyib ki, o müzakirələr zamanı çıxışında qanunun Ayaz Mütəllibova şamil olunmasının əleyhinə fikirlər səsləndirib və sözünün üstündə duraraq sənədin səsverməsində lehinə səs verməyib. Etibar Hüseynov bildirib ki, o da əvvəlcədən qanun layihəsinin əleyhinə danışan deputatlardan olub və sonadək fikrindən daşınmayıb: “Mən əleyhinə danışıb, lehinə səs verən adam deyiləm. Əvvəldən də dedim ki, sənədi dəstəkləməyəcəm, belə də etdim”. Geri qayıt |