Əsas Səhifə > Ölkə > POLKOVNİK-LEYTENANT SƏFƏR ƏBİYEVDƏN ŞİKAYƏT EDİR
POLKOVNİK-LEYTENANT SƏFƏR ƏBİYEVDƏN ŞİKAYƏT EDİR29-07-2012, 15:47 |
NAZİRLİK MƏHKƏMƏNİ SAYMIR? Məhkəmə qərarlarını icra etməyən dövlət qurumları sırasında ilk yerlərdə Müdafiə Nazirliyi qərar tutur. Nazirlik məhkəmə qərarlarını saya salmamaqla yanaşı prezident fərmanına da əhəmiyyət vermir. 16 il Azərbaycan, 10 il sovet ordusunda qulluq etmiş polkovnik-leytenant Azər Qasımov da Müdafiə Nazirliyinin məhkəmə qətnaməsini icra etmədiyini deyir. Onun sözlərinə görə, 2009-cu ildə Səbayel Rayon Məhkəməsinə Müdafiə Nazirliyinə qarşı iddia ilə müraciət edib. A.Qasımov bu iddiası ilə 1992-2008-ci illər ərzində istifadə etmədiyi məzuniyyət günlərinin əvəzinə ona pul kompensasiyasının ödənilməsini və 2005-ci ildə döyüş şəraitində xidmət edərkən 2 qat verilməli olan maaşın ödənilməmiş hissəsinin ödənilməsini tələb edib. Məhkəmə zabitin iddiasını təmin edərək Müdafiə Nazirliyinin üzərinə zabitə haqqını ödəməsi vəzifəsini qoyub. Nazirliyin qətnamədən verdiyi apelyasiya və kasasiya şikayətləri təmin olunmayıb və 2011-ci il mayın 17-də qətnamə icraata yönəldilib. Amma bu günə kimi MN zabitin haqqını ödəməkdən boyun qaçırır: “Prezident İlham Əliyev 2010-cu ilin mayında "Hərbi qulluqçuların statusu haqqında" Qanuna dəyişikliklər edilməsi haqda sərəncam verdi. Həmin dəyişiklikdə hərbi qulluqçuların hərbi xidmətdə olduqları dövrdə hər hansı bir səbəbdən istifadə edə bilmədikləri məzuniyyət günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulur. Prezident fərmanı ilə Nazirlər Kabinetinə tapşırıldı ki, 3 ay müddətində hərbçilərin istifadə edilməmiş məzuniyyətə görə kompensasiyanın məbləğini müəyyən etsin və bu barədə ölkə başçısına məlumat versin. 3 aya müəyyən olunmalı məbləğ artıq 2 ildir ki, müəyyən olunmur. Müdafiə Nazirliyi isə bundan bəhanə kimi istifadə edir. İddiam əsasında çıxarılmış qətnaməni icra etməmiş Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi Rauf Kişiyev Səbayel Rayon İcra Şöbəsinə məktubla müraciət edib ki, pul kompensasiyasının məbləği müəyyən olunmayıb. Buna görə də qətnamənin icrası mümkün deyil. Dolayısı ilə günahı Nazirlər Kabinetinin üstünə atıb qətnaməni icra etməkdən boyun qaçırırlar. Rauf Kişiyev məktubunda icraçılardan xahiş edir ki, qətnamənin icraatının dayandırılması üçün məhkəməyə müraciət etsinlər. Lakin məhkəmə Səbayel Rayon İcra Şöbəsinin təqdimatını rədd edib. Çünki icraatın dayandırılmasına səbəb ola biləcək əsas olmayıb”. A.Qasımov deyir ki, MN bütün bəhanələri kəsildikdən sonra da heç bir əsas olmadan məhkəmə qətnaməsinin icrasından boyun qaçırır. Zabit üzləşdiyi qanunsuzluqla bağlı Nazirlər Kabinetinə də müraciət edib. Maraqlıdır ki, iddiada cavabdeh kimi Müdafiə Nazirliyi göstərilsə də, məhkəmə qətnaməsinin icrası A.Qasımovun xidmət etdiyi Naxçıvandakı hərbi hissəyə həvalə olunub: “Naxçıvan korpusunun rəhbərliyi də qətnamənin icrasından yayınır. Üstəlik, məktublara da cavab vermirlər. İcraat dayanmayıb, amma qətnamə icra da olunmur”. A.Qasımov bildirdi ki, dəfələrlə Səbayel Rayon İcra Şöbəsinə, Ədliyyə Nazirliyi Məhkəmə Qərarları Baş İcra İdarəsinə müraciət edib. Hər dəfə də qətnamənin icra olunacağını vəd ediblər. Amma son nəticədə qətnamə icra olunmayıb. Geri qayıt |