Əsas Səhifə > Partiya > GƏNC YAP-ÇIDAN MÜXALİFƏTƏ KƏSKİN İTTİHAMLAR

GƏNC YAP-ÇIDAN MÜXALİFƏTƏ KƏSKİN İTTİHAMLAR


29-07-2012, 15:30
GƏNC YAP-ÇIDAN MÜXALİFƏTƏ KƏSKİN İTTİHAMLAR

“KÖHNƏ MÜXALİFƏTÇİLƏR YENİLƏRİ SIXIŞDIRIRLAR”

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyevin müsahibəsi

- Rauf, bu yaxınlarda müxalif gənclər təşkilatlarından biri sizi debata çağırmışdı. Qərarınız necə olacaq?
- “İrəli” təşkilatı Azərbaycan gəncliyinin əsas problemlərinin həllinə xidmət edən dialoqa, əməkdaşlığa və birgə layihələrin icrasına hər zaman hazırdı. Biz müxtəlif gənclər təşkilatları ilə disskusiyalar aparır, birgə tədbirlər keçiririk. Ancaq bir çox səbəblərə görə biz sözügedən təşkilatla bu kimi işləri görə bilmərik. Birincisi, bizi debata çağırmaqla bu təşkilat özünü reklam etmək istəyir. İkincisi, müxalif düşərgədə özünün əhəmiyyətli olduğunu göstərməyə çalışır. Onlarla hər hansı debatda iştirak etmək dialoqa cəhd imitasiyasıdı. Biz isə onlara əhəmiyyət vermək və onların maliyyələşməsinin dolayısı ilə səbəbkarı olmaq istəmirik.
- Bəs bu cür təşkilatlar necə yaranırlar? Mexanizm necədir?
- Müxalif gənclər təşkilatlarının yaradılması və fəaliyyəti ilk baxışda müstəqil görünə bilər. Ancaq həqiqətdə isə bu təşkilatlar müxalif partiyaların fəaliyyətinin yeni platformasıdırlar. Mahiyyət eynidi, dəyişən sadəcə formadır. Azərbaycandakı radikal müxalifət partiyalarının 20 il ərzindəki fəaliyyəti “müxalifət” anlayışını hörmətdən salıb. Bu partiyalar – “Müsavat” və AXCP – Azərbaycanda bu meydanda monopoliya yaratmaq istəyirlər.
Mən özüm şahidi olmuşam ki, iqtidara tənqidi yanaşan gənc insanlar – onlar heç müxalifət partiyalarının üzvləri də deyillər – həmin partiyaların nəzarətində olan sayt və qəzetlərdə amansız tənqidlərə məruz qalıblar. Yəni, köhnə müxalifətçillər müxalif düşərgədə özlərinin bütün alternativlərini sıxışdırırlar. Bundan başqa, əgər əvvəllər bu təşkilatlara həmin partiyaların liderləri ilə heç bir əlaqəsi olmayan gənclər rəhbərlik edirdilərsə, bu gün insan çatışmazlığı ucbatından, o təşkilatlara qeyd etdiyim partiyaların sədr və başqanlarının ilə üzvləri rəhbərlik edirlər. Bununla da görürük ki, artıq “döyüşə qocalar gedir”.
Daha bir xoşagəlməz fakt odur ki, bu cür təşkilatlar, adətən, seçkilər öncəsi yaradılır və əsas məqsədləri də Avropa və Amerika fondlarının qrantlarını mənimsəmək olur. Bu düşərgədə qrant bölgüsü üstündə amansız mübarizə gedir və həmin radikal müxalifət partiyalarının hər biri bu cür “müstəqil” təşkilatlar yaradaraq pullara sahib çıxmaq istəyirlər. Yaxın keçmişdə onlar fəaliyyətləri ilə Azərbaycanı hörmətdən salmağa çalışırdılar. Avroviziya öncəsini xatırlayaq.
Müxalifət təşkilatlarının üzvü olan bəzi gənclər bütün fikirayrılıqlarını bir kənara qoyub ölkəmizi ən yaxşı tərəfdən təqdim etmək əvəzinə, xarici mətbuatda Azərbaycanı ləkələyirdilər. Halbuki çoxları üçün bu, Azərbaycan mədəniyyəti ilə ilk tanışlıq fürsəti idi.
Şübhə etmirəm ki, həmin gənclər öz donorlarından dəstək almaq istəyirdilər – ilk növbədə, özlərinin tamahkar məqsədləri üçün. Onların çoxu sonradan xaricdə yaşamaq imkanı əldə etdilər və Azərbaycandan köçdülər. Amma bu, Vətən qarşısında nə qədər şərəfli işdir – özünüz mühakimə edin.
- Razılaşın ki, XXI əsrdə siyasi mübarizə real həyatdan çıxaraq virtual məkana keçib. Müxtəlif qruplar, səhifələr və s. yaradılır.
- Doğrudan da, internet müasir insanın həyatının ayrılmaz hissəsinə çevrilib. Və siyasət televiziyadan, çap mətbuatı çərçivəsindən çıxaraq sosial şəbəkələrdə özünə yer edib. Ancaq ilk baxışdan diqqət çəkən virtual diskussiyaların bəzi nüanslarını şişirtməyə dəyməz.
Sosial şəbəkələrdə yaradılmış bəzi qruplarda üzvlərin sayının çox olması həmin müxalif təşkilatın populyarlığının göstəricisi sayılmamalıdır. Əminliklə deyə bilərəm ki, bəzi insanlar heç özlərinin də xəbəri olmadan həmin qruplara üzv edilirlər. Ötən il “facebook” özünün xidmət imkanlarını genişləndirdikdən sonra qrup yaratmaq və oraya insanları heç özlərinin xəbərləri olmadan üzv qəbul etmək mümkünləşib.
Bundan başqa, “facebook” qrupları birləşdirmək və saxta profillər hesabına qrup üzvlərinin sayını artırmaq imkanı da yaradır. Bəziləri də bu yollarla özlərinə siyasi xal qazanır və Qərb qrantverənlərinin gözündə effektiv təşkilat, aktiv siyasətci kimi görünmək istəyirlər.
Bir sözlə, bu kimi qruplarda üzvlərin çoxluğunun səbəbləri yuxarıda sadaladıqlarımdır və sabun köpüyünə bənzəyir. Özünüz düşünün, radikal müxalifətin icazəli mitinqlərinə 2-3 min nəfər gəlirsə, hansı çoxsaylı dəstəkdən söhbət gedə bilər? Belə çıxır ki, bu adamların hesablarında hər şey qaydasında deyil.
Və yaxud, məsələn, ağzı köpüklənə-köpüklənə “facebook” səhifələrində fanatların çox sayda olması münasibəti ilə təbrik edən bir müxalifət partiyasının rəhbərinin özünün şəxsi profilində 2600-dən çox adam yoxdur. Bəs ana müxalifət adına iddia edən bu partiyanın üzvləri hanı?
O zaman nə alınır? Bu fakt bir daha sübut edir ki, müxalifət partiyalarının rəhbərləri öz tərəfdarları olan qrup üzvlərinin ağlını qarışdırırlar.
- Sosial şəbəkə istifadəçiləri üçün müxalifətin fəaliyyətinin müzakirə olunması nə dərəcədə maraqlıdı?
- Bu gün cəmiyyətimizin böyük hissəsi sosial şəbəkələrdən mütəmadi və aktiv istifadə edir. Biz bu və ya digər qrupların, səhifələr haqda orada yazılan şərhlərin sayına, “bəyənmələrə” və müxtəlif xəbərlərin paylaşımına əsaslanaraq danışa bilərik. Müxalif partiyaların səhifələrinə gəlincə, açıq-aşkar görünür ki, bu qruplarda faktiki olaraq diskussiyalar aparılmır və aktiv üzvlərinin sayı da 30-40 nəfərdi. Bu isə ondan qaynaqlanır ki, xalq zamanın tələbinə və ölkənin hazırkı durumuna uyğun olaraq dəyişməyən müxalifət təmsilçilərinin bəyanatlarına, vədlərinə inanmaqdan çoxdan vaz keçib.
Misal üçün, sosial şəbəkələrdə tez-tez statuslar yazaraq internetdə aktiv olmağa çalışan “Müsavat” başqanı 3 ildi ki, postundan “gedir” və heç cür gedə bilmir. Üstəlik, sosial şəbəkədə yazdığı statusların çoxunun müzakirəsi onun və AXCP tərəfdarlarının söyüşməsi ilə bitir. İndi nəticəni özünüz çıxarın.
Təəssüf ki, real siyasi səhnədə bacarıqsızlığını açıq-aşkar ortaya qoyan bu adamlar özlərini virtual məkanda tapmaq istəyirlər. Nə demək olar – etsinlər!
Bundan başqa, dəfələrlə şahidi olmuşuq ki, sosial şəbəkələrdə saxta profillər açan müxalifət funksionerləri bir-biri ilə söz müharibəsinə çıxır, bir-birini ləkələyir və bir-birinin sirlərini açaraq cəmiyyət qarşısında ifşa olunurlar. Hətta, belə təəssürat yaranıb ki, onlar bütün günü bu işlə məşğul olurlar.
Bu cür siyasi səbatsızlıqları gördükdən sonra aydın olur ki, əhali radikalların gurultulu bəyanatlarına və fəaliyyətinə niyə reaksiya vermir. İnsanlar konkret nəticələrə can atırlar, son 15 ildə başlarının tovlandığı söz-söhbətlərə daha inanmırlar.
//gun.az

Geri qayıt