Əsas Səhifə > Siyasət, Manşet > OQTAY ŞİRƏLİYEV MÜAVİNİNİ NƏDƏN DANLAYIB?

OQTAY ŞİRƏLİYEV MÜAVİNİNİ NƏDƏN DANLAYIB?


28-07-2012, 13:47
OQTAY ŞİRƏLİYEV MÜAVİNİNİ NƏDƏN DANLAYIB?

ELSEVƏR AĞAYEV ARTIQ NAZİRİN ADAMLARINA QARŞI DA SANKSİYA TƏTBİQ EDİR

DİA.AZ: - Səhiyyə nazirliyi daxilində iç savaş başlaya bilər. Bu xəbəri DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbəmiz verib. Qaynaq iddia edir ki, son zamanlar dərman bazarında cərəyan edən olaylar nəhayətdə bu prosesi nəzarəti altında saxlayan nazir müavini Elsevər Ağayevin danlanılmasına gətirib çıxarıb.

Xatırladaq ki, Elsevər Ağayev bir zamanlar keçmiş səhiyyə naziri Əli İnsanovun bir nömrəli adamı və eyni zamanda xəzinədarı kimi tanınıb. Xəstəxanaların, xəstəxana ərazilərinin qanunsuz olaraq özəlləşdirilib satılması prosesində də Elsevər Ağayev favorit fiqur kimi diqqətə gəlmişdi. Amma nədənsə, Əli İnsanov həbs olunandan və 2007-ci ildə iqtisadi cinayətləri ilə bağlı mühakimə olunandan sonra da Elsevər Ağayevə toxunan olmadı. Sonradan aydın oldu ki, hazırda Əli İnsanovdan qalma yeganə nazir müavini kimi tanınan Elsevər Ağayev sən demə, Oqtay Şirəliyev üçün də eyni xidmətləri göstərirmiş. Yəni indi də o, yeni nazirin pulyığanına çevrilib.

Məlumatlı mənbələrdən daxil olan informasiyadan isə aydın olur ki, Elsevər Ağayev bu günlərdə aptek şəbəkələrindən birinə ilişib və sonradan məlum olub ki, bu şəbəkənin arxasında nazirə yaxın adamlar dayanırmış. Hətta bu halda belə Elsevər Ağayev geri çəkilməyərək, təxminən ölkə ərazisində 12 apteki olan şəbəkədən pul istəyib: «Nəhayətdə bu məsələ nazirin qulağına çatıb və Elsevər Ağayev nazir tərəfindən möhkəmcə tənbeh olunub».

Hər halda, bu hadisənin nazirlik daxilində yeni münaqişə ocağı yaradacağı şəkksizdir. Çünki baş verənlərin Oqtay Şirəliyevə nazirlikdə çalışan və Elsevər Ağayevlə yola getməyən bir səhiyyə məmuru tərəfindən çatdırıldığı məlum olub: «Hələlik həmin şəxsin kimliyi barədə Elsevər Ağayev məlumat toplayır. Amma faktları dəqiqləşərsə, o zaman ədavət açıq müstəviyə keçid alacaq».

Geri qayıt