Əsas Səhifə > Siyasət, Manşet > REKTORA QARŞI KORRUPSİYA İTTİHAMI SƏSLƏNİR

REKTORA QARŞI KORRUPSİYA İTTİHAMI SƏSLƏNİR


27-07-2012, 14:33
REKTORA QARŞI KORRUPSİYA İTTİHAMI SƏSLƏNİR

MƏHƏMMƏD İMANLI İFADƏSİNDƏ ABEL MƏHƏRRƏMOVUN ADINI ÇƏKİB

DİA.AZ: - Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən rüşvət faktına görə saxlanılan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin sabiq dekan müavini Məhəmməd İmanlının istintaqı davam edir. Bu barədə hüquq-mühafizə orqanlarındakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan aydın olur ki, rüşvət fakınta görə saxlanılan Məhəmməd İmanlının işində bir sıra yeniliklər var. Bildirək ki, onun barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Məhəmməd İmanlının rüşvət əməli prokurorluğun "161 - Qaynar xətt" əlaqə mərkəzinə daxil olan müraciət əsasında aşkar edilib. Belə ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakultəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 5 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan pulu rüşvət kimi alarkən cinayət başında saxlanılıb.

Redaksiyamıza daxil olan məlumatlardan isə aydın olur ki, Məhəmməd İmanlı bu pulları özünə götürməyəcəyi ilə bağlı istintaq orqanlarını bilgiləndirib və hətta bu məsələdə həbsinə qədər işlədiyi Bakı Dövlət Universitetinin rəhbərliyinin də adını hallandırıb. Hər halda, bu faktın özü belə BDU rektoru, millət vəkili Abel Məhərrəmova qarşı istintaq hərəkətlərinin sürdürülməsi üçün yetərlidir.

Mənbəmiz bildirir ki, hakim düşərgədə böyük nüfuz sahibi olan Abel Məhərrəmovun Məhəmməd İmanlının ifadəsi əsasında «vurulması» gözlənilən olmasa da, rəqiblərinin bu faktdan gen-bol istifadə edəcəyi mümkündür.

Onu da bildirək ki, bəzi mətbu orqanlar Məhəmməd İmanlını Abel Məhərrəmovun «kassiri»i kimi də təqdim edirlər. Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt