Əsas Səhifə > Siyasət, Manşet > RAFİL HÜSEYNOVA QARŞI AKSİYA KEÇİRİLƏ BİLƏR

RAFİL HÜSEYNOVA QARŞI AKSİYA KEÇİRİLƏ BİLƏR


25-07-2012, 12:58
RAFİL HÜSEYNOVA QARŞI AKSİYA KEÇİRİLƏ BİLƏR

İCRA BAŞÇISI EYNİ HƏDƏ MƏKTUBUNU 300 SAHİBKARA ÜNVANLAYIB

DİA.AZ: - Bu günlərdə məlumat verərək bildirmişdik ki, Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov rayondakı sahibkarlara hədə dolu məktublar ünvanlamaqdadır. DİA.AZ-a şikayət məktubu ilə müraciət edən Masallı rayon Füzuli küçəsində yaşayan vətəndaş Dəyyanov Taleh Fərasət oğlu bildirirdi ki, Masallı şəhər ərazi nümayəndəsinin, Masallı bələdiyyəsi sədrinin və Masallı rayon icra hakimiyyəti apparatı memarlıq və tikinti şöbəsinin müdiri adından ona hədələyici məktub ünvanlanıb.

Qeyd edək ki, rayon rəhbərliyi adından şikayətçiyə göndərilən məktubun kserosurəti də redaksiyamıza təqdim olunub. Və məktubun mətnindən açıq-aydın duyulur ki, icra başçısı vətəndaşı əməlli-başlı hədələyir və hətta onu gözləyən məhkəmənin hansı qərarı çıxaracağını da bəri-başdan bir ekstrasens kimi hədələyici tonda ifadə edir.

Rayon rəhbərliyi adından ünvanlanan məktubun mətnində deyilirdi:

«Masallı şəhərinin təsdiq olunmuş yeni «Baş Planı»nı uyğun olaraq şəhərin bütün ərazilərində abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.

Masallı şəhər M.Füzuli ünvanında yerləşən, istifadənizdə olan, şəhərin «Baş Planı»na uyğun olmayan, şəhərin memarlıq görüşünə ciddi xələl gətirən, qeyri-qanuni tikilmiş obyektinizin 3 (üç) gün müddətinə öz vəsaitiniz hesabına sökülərək materialların tərəfinizdən daşınması Sizə bildirilir.

Əks təqdirdə qanunvericiliyə uyğun olaraq barənizdə inzibati qaydada cərimə tətbiq olunacaq və Prosesual qaydada məhkəməyə cəlb olunacaqsınız».

İndi isə redaksiyamıza bu məsələ ilə əlaqədar yeni faktlar daxil olub. Masallıdakı mənbənin DİA.AZ-a bildirdiklərindən belə aydın olur ki, icra başçısının eyni məktubu redaksiyamıza şikayətlənən sahibkardan savayı daha 300 nəfərə ünvanlanıb. Bu isə o deməkdir ki, Rafil Hüseynov rayonda 300 obyektə qarşı hücuma keçib.

Mənbəmiz iddia edir ki, hədə dolu məktubu alan sahibkarların böyük əksəriyyəti başçının «çağırışına» hay vermək zorunda qalıb: «Hər kəs icra hakimiyyətinin işçilərini görmək zorunda qalıb. Təxminən 140 sahibkarın hər birindən obyektinin miqyasına və profilinə uyğun olaraq 2-10 min manat arası pul yığılıb ki, bu da orta hesabla 700 min manata yaxın pul deməkdir».

Mənbəmiz onu da bildirdi ki, amma pul vermək istəməyənlər də var ki, onlar da Rafil Hüseynovun əməllərindən cana doyaraq etiraz aksiyalarına əl atmaq fikrindədirlər.

Bütün tərəfləri dinləməyə hazırıq. Mövzu diqqətimizdədir.

Geri qayıt