Əsas Səhifə > Gündəm, Manşet > ŞOK: SƏBAYEL BƏLƏDİYYƏSİ BURAXILA BİLƏR

ŞOK: SƏBAYEL BƏLƏDİYYƏSİ BURAXILA BİLƏR


19-07-2012, 12:39
ŞOK: SƏBAYEL BƏLƏDİYYƏSİ BURAXILA BİLƏR

BÜTÜN RƏHBƏRLİYİ MƏHBƏSDƏ OLAN BƏLƏDİYYƏ HƏLƏ DƏ HƏDƏFDƏDİR

DİA.AZ: - Səbayel rayonunun bələdiyyəsi bu gün ən bərbad bələdiyyə quruluşlarından biri hesab olunmaqdadır. Xatırladaq ki, bir neçə il əvvəl bu bələdiyənin sədri postunu tutmuş Əhməd Hüseynov və bələdiyyənin iki üzvü korrupsiya ittihamı ilə həbs olundular və onlara qarşı 300 min manatlıq yeyinti faktı irəli sürülmüşdü.\

Bundan sonra düşünülürdü ki, Səbayel rayonunun yeni bələdiyyəsi qanunlara uyğun şəkildə işləyər. Amma belə olmadı. Belə ki, bələdiyyəyə yeni seçilmiş sədr Mübariz İbrahimov da sələfinin yolunu gedərək rüşvət tələb etmə ittihamı ilə özünü dəmir barmaqlıqlar arasına aparan yolla irəliləməkdən çəkinmədi.

Yəni artıq bu başıbəlalı rayon bələdiyyəsinin aktivinə iki məhbus bələdiyyə sədrinin adı yazılıb. Amma deyəsən, bununla da yetinilməyəcək. Belə ki, Bakının ən zəngin rayonu hesab olunan Səbayeldəki qaynaqlardan DİA.AZ-a ötürülən informasiyalardan aydın olur ki, Mübariz İbrahimov həbs olunsa da, hələ də onun adamları bələdiyyədə at oynadırlar.

Xatırladaq ki, vətəndaşlar Almas Xəlilov və Arif Şamilov keçən ilin martın 28-də Baş Prokurorluğun “Qaynar xətt” mərkəzinə müraciət edərək, Səbayel rayonunda bələdiyyə rəsmilərinin onlardan rüşvət istədiyini bildiriblər. Onlar qeyd ediblər ki, hələ 2007-ci ildən məhkəmə onlara fərdi ev tikmək üçün bu rayonun ərazisində 0,06 ha torpaq sahəsi ayrılması barədə qərar çıxarıb.

Amma Səbayel bələdiyyəsinin sədri Mübariz İbrahimov, bələdiyyənin hüquqşünası Arif Əlizadə və bələdiyyənin Ərazi Tikinti Torpaq Komissiyasının sədr müavini Cavid Həsənov vasitəsilə onlardan torpaq sahəsi üçün 10 min manat rüşvət tələb edir. Vətəndaşlar prokurorluq işçilərinə bildiriblər ki, bələdiyyə rəsmiləri ilə 8 min manata razılaşıblar.

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları bələdiyyə işçilərinə rüşvət kimi veriləcək pulu əvvəlcədən hazırlayıb vətəndaşlara veriblər. Həmin pullar bələdiyyənin hüquqşünasına verildikdən sonra prokurorluq işçiləri onun iş otağına gedərək axtarış aparıb, protokolla rəsmiləşdirilmiş seriya və nömrələri ilə eyni olan əskinaslardan ibarət 8 min manat pul aşkar edilərək götürülüb. Bundan sonra Səbayel bələdiyyəsinin sədri Mübariz İbrahimov və həmin bələdiyyənin vəzifəli şəxsləri Cavid Həsənov və Arif Əlizadə Cinayət Məcəlləsinin 311-ci - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət almaq ittihamı ilə məhkəmənin qərarı ilə həbs olunublar.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, Səbayel bələdiyyəsi ilə bağlı korrupsiyaya qarşı mübarizə idarəsində yeni əməliyyat hazırlanır. Mənbəmizin söylədikləri: «Yenə də vətəndaş şikayəti əsas götürülüb. Əgər bu əməliyyat da baş tutmuş olarsa, o zaman Səbayel rayon bələdiyyəsi buraxılmalı olacaq. Çünki bələdiyyənin üzvləri az qala tam heyətlə məhbəsdədirlər».

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt