Əsas Səhifə > Siyasət, Manşet > BAKININ MƏRKƏZİNDƏ TƏHSİL BAZARI AÇILIB

BAKININ MƏRKƏZİNDƏ TƏHSİL BAZARI AÇILIB


17-07-2012, 14:06
BAKININ MƏRKƏZİNDƏ TƏHSİL BAZARI AÇILIB

SARA XANLAROVANIN TƏHSİL KOMPLEKSİNDƏ QİYMƏTLƏR NEÇƏYƏDİR?

DİA.AZ: - 2010-cu ildə təhsil sistemində aparılan islahatlar zamanı 132 və 134 saylı orta məktəblər birləşdirilərək 132-134 saylı təhsil kompleksi yaradıldı. Xatırladaq ki, həmin ərəfədə yeni təhsi kompleksinə Sabyel rayon təhsil idarəsinin sabiq rəhbəri Sara Xanlarova rəhbər təyin olundu və təhsil kompleksi birbaşa olaraq təhsil nazirliyinin tabeçiliyinə verildi.

Deyəsən, bu əlahiddəlik də Sara Xanlarova üçün rəhbəri olduğu təhsil kompleksində əməlli-başlı bazar açmasına fürsət yaradıb. Belə ki, olduqca müasir üslubda təmir olunan təhsil kompleksi əksər valideynlər üçün cəlbedici olduğundan bu gün hətta həmin təhsil kompleksinə birinci sinifə az qala ali məktəblərdə olduğu kimi qəbul imtahanları keçirilir.

Bu isə əslində, valideynlər üçün pul tələsi anlamını daşıyır. Bununla bağlı TN-dəki qaynaqlardan əldə etdiyimiz məlumatlardan aydın olur ki, təkcə birinci sinifə yox, yuxarı siniflərə də sözügedən təhsil kompleksində qəbullar həyata keçirilir ki, bu zaman rus və Azərbaycan sektorlarının ayrıca qiyməti var. Mənbəmiz iddia edir ki, rus sektoru çox populyar olduğundan bu bölümdə birinci sinifə övladının daxil olması üçün valideynlər 3000 manat pul verməlidirlər.

Mənbənin DİA.AZ-a söylədikləri: «Azərbaycan dili bölümünə isə eyni prosedur 1000-2000 manata başa gəlir. Yuxarı siniflərə qəbulun qiyməti isə hər iki bölümdə eynidir: 1500 manat».

Onu da qeyd edək ki, bu arada redaksiyamıza valideynlərdən birinin də şikayəti daxil olub. Şikayət müəllifi olan Səbayel sakini bildirir ki, övladını həmin məktəbə qoymaq istəyib və artıq peşman olub: «Bütün ailələr istirahətə gedib, amma biz oturub uşağımızın birinci sinifə girib-girmədiyinin xəbərini gözləyirik. Sanki ali məktəbə imtahan verib. Hətta TQDK ali məktəblərə qəbul imtahanlarının nəticələrini bir neçə günə açıqlayır, amma Sara xanım bizi az qala 2 aydır ki, gözlətməkdədir. Səbəbini də yaxşı bilirik».

Valideyn bildirir ki, iki ildir övladı ayrı-ayrı hazırlıq kurslarında hazırlaşır: «Təbii ki, pul verərək hazırlaşıb və mən bir valideyn kimi onun biliyinə güvənirəm. Amma biz Sara xanıma pul verməmişik və bu səbəbdən həm xəbərin verilməsini yubadırlar, həm də xəbəri verməkdən ehtiyat edirlər. Çünki qabaqcadan bildirmişəm ki, bir saxtakarlıq görsək, korrupsiyaya qarşı mübarizə idarəsinə şikayət edəcəyik».

Qarşı tərəfi də dinləməyə hazırıq. Bizi izləməkdə davam edin…

Geri qayıt