Əsas Səhifə > Gündəm, Manşet > ƏLİ HƏSƏNOV CƏZALANDIRILIR

ƏLİ HƏSƏNOV CƏZALANDIRILIR


26-10-2011, 12:47
ƏLİ HƏSƏNOV CƏZALANDIRILIR

YANLIŞ SİYASƏTİ SƏBƏBİNDƏN MƏTBUATLA BAĞLI İŞ ONUN ƏLİNDƏN ALINIR

DİA.AZ: - Məlum olduğu kimi, bir qrup KİV rəhbəri çap məhsullarının yayımında yaranmış böhranlı vəziyyətlə bağlı prezident İlham Əliyevə məktub göndərib. Məktubda qeyd olunur ki, bir çox illərdir ki, çap məhsullarının yayım sistemində mövcud problemlər ağırlaşmaqda davam edir. Belə ki, son vaxtlar Bakı, Gəncə və Sumqayıtda “abadlaşdırma” adı altında qəzet köşkləri yığışdırılır. Kənd yerlərində vəziyyət daha gərgindir, orada ümumiyyətlə köşk yoxdur.

Yerli icra orqanları çap məhsullarının küçə satışı ilə məşğul olanlara ciddi maneə yaradır, supermarketlərdə müstəqil və müxalifət qəzetlərinin satışını qadağan edir. Redaktorlar prezidentdən xahiş edirlər ki, problemin həlli məqsədilə məsələyə müdaxilə etsin. KİV rəhbərləri hakimiyyət nümayəndələri ilə birlikdə KİV-in yayım sahəsinin sağlamlaşdırılması üçün xüsusi siyasət həyata keçirməyə hazırdır.

Qeyd edək ki, son vaxtlar Bakının mərkəzində abadlaşdırma adı altında 20 köşk yığışdırılıb. Onlardan yalnız 5-i quraşdırılıb. Gəncədə 22, Sumqayıtda 12 köşk götürülüb. Onların hamısı dövlətin nəzarətində olan “Qasid” və “Mətbuat yayımı” səhmdar firmalarına məxsusdur.

Nəcəf Nəcəfov Fondunun araşdırmalarına görə, Azərbaycanda 14 min nəfərə bir köşk düşür, halbuki, beynəlxalq normaya əsadən 2 min nəfərə 1 köşk nəzərdə tutulur.

2010-cu ilin əvvəlində ölkədə 637 köşk, marketlərdə 100 satış nöqtəsi, 60 küçə satışı subyekti olub.

Azərbaycanda bir köşk bir köşk 15 min nəfərə Almaniyada 1000 nəfərə, Çexiyada - 1200, ABŞ-da - 1500 nəfərə xidmət göstərir. Rusiyada 1 köşkə 3000 nəfər düşür. Bundan əlavə, Azərbaycanın 4500 kəndinin heç birində qəzet köşkü yoxdur.

Əldə olunan məlumatlara görə, Bakıda qəzet satışı ilə deyil, qida məhsullarının satışı ilə məşğul olan yeni «Press Köşk»lər “Kaspi” şirkətinə məxsusdur ki, bunun da arxasında Prezident Aparatının ictimai-siyasi şöbəsinin müduri Əli Həsənov durur.

Onu da bildirək ki, bu günlərdə bir sıra mətbuat orqanlrında «Press köşk»lərin Bakı şəhər icra hakimiyyəti ticarət departamentinə aid olması barədə məlumatlar məqsədli olaraq ictimailəşdirildi ki, bunun da arxasında hansı maraqların dayandığı məlumdur.

Bu barədə «Dünya» İnformasiya Agentliyi redaksiyasını (dia.az) bilgiləndirən iqtidar içindəki mötəbər qaynağın sözlərindən belə məlum olur ki, ümumiyyətlə son günlər mətbuatla hakimiyyət arasında yaşanılan problemlər iqtidar düşərgəsinin özünü də çətin duruma salıb.

Məlumdur ki, hakimiyyətin mətbuatla bağlı siyasətinə qeyri-rəsmi olaraq Əli Həsənov nəzarət edir və vəziyyətin bu həddə gərginləşməsi də məhz onun xidmətlərinin nəticəsidir. Məhz Əli Həsənovun media sahəsindəki inhisarçı siyasəti nəticəsində bu gün nəinki müstəqil və müxalif qəzetlər hədəfə alınıb, hətta dövlətə dolayı yollarla bağlı olan yayım firmaları və hətta Prezident administrasiyasının rəsmi orqanı olan «Respublika» qəzeti də məlum siyasətdən əziyyət çəkməkdədir.

Belə ki, digər rəsmi mətbuatla müqayisədə daha bərbad formada maliyyə resurslarına malik olan «Respublika» qəzetinin baş redaktoru Teymur Əhmədov neçə müddətdir ki, PA tərəfindən sıxışdırılır. Doğrudur, bu barədə verilən xəbərlərdə bildirilirdi ki, Teymur Əhmədova və onun rəhbəri olduğu «Respublika» qəzetinə qarşı kampaniyadan PA rəhbəri Ramiz Mehdiyev məlumatsızdır. Amma əldə etdiyimiz səhih məlumatlarda bildirilir ki, əslində bu gün Əli Həsənovun media istiqamətində güclənməsi onun birbaşa olaraq Ramiz Mehdiyevə arxalanmasının nəticəsidir. Məhz onun yön verməsi və dayaq olması nəticəsində bu gün Əli Həsənov KİVDF kimi dövlət qurumunu və Mətbuat Şurası kimi amorf bir təşkilatı öz nəzarət zonasında saxlamağa müvəffəq olub.

Məlumatlı çevrələrdən sızan informasiyaya görə, Əli Həsənovun bütün bu təzyiqləri fonunda müdafiə olunmaq məcburiyyətində qalan «Respublika» qəzetinin rəhbərliyi də bir sıra addımların atılmasına səy göstərir: «Qəzetin baş redaktoru olan Teymur müəllim çox hörmətli adamdır və hətta ona prezident İlham Əiyevin də müsbət münasibəti var. Əgər belə olmasaydı, Ramiz Mehdiyevin qidalandırdığı əli Həsənov çoxdan Teymur Əhmədovu «yaş senzi» bəhanəsi ilə istefaya yollamışdı».

Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Əli Həsənovun yaratdığı gərgin situasiyanın ümumiqtidar düşərgəsi üçün yeni MƏTBUAT PROBLEMİNƏ nədən olması artıq hakim dairələrin də diqqət mərkəzindədir: «Bu gün hakim komanda mətbuatla bağlı siyasətin kuratorluğuna yenidən baxmaq zorunda qalıb. Və ola bilsin ki, bu işin yönləndirilməsi Əli Həsənovdan alınsın».

Mənbə bildirir ki, Əli Həsənovun yanlış siyasəti hətta iqtidara yaxın mətbu çevrələri belə narazı saldığından onun müdafiə olunması, onun səlahiyyətlərinin qorunması daha az dəstək alan tərəfə çevrilib.


Geri qayıt