Əsas Səhifə > Güney Press, Araşdırma > ƏRZAQ TƏHLÜKƏSİZLİYİMİZ TƏHLÜKƏDƏDİR

ƏRZAQ TƏHLÜKƏSİZLİYİMİZ TƏHLÜKƏDƏDİR


14-07-2012, 14:08
ƏRZAQ TƏHLÜKƏSİZLİYİMİZ TƏHLÜKƏDƏDİR

EKSPERT HƏYƏCAN TƏBİLİ ÇALIR

“Economist İntelligence Unit” araşdırma mərkəzi (London) ərzaq təhlükəsizliyi reytinqi tərtib edib. Reytinq ərzaq bolluğu, insanların yüksək gəlirləri, başqa mal və məhsullarla müqayisədə ərzağa daha az pul xərclənməsi, kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və inkişafa böyük sərmayə yatırılması meyarlarına əsaslanır.

Verilən məlumatlara görə, reytinq cədvəlinə ABŞ, Danimarka və Fransa başçılıq edirlər. Azərbaycan isə 105 ölkə arasında 67-cidir. Hesabatda Azərbaycanın zəif cəhətləri kimi kənd təsərrüfatı sahəsində elmi tədqiqatlara xərclərin azlığı, ərzaq təhlükəsizliyi ilə bağlı konkret proqramların məhdudluğu, ailələrin başqa mal və məhsullarla müqayisədə ərzağa çox pul xərcləməsi, siyasi sabitlik, demokratiya məsələlərində əskikliklər, ümumi daxili məhsulun adambaşına düşən həcminin kiçikliyi göstərilib.

Bəs görəsən, ekspertlər Azərbaycanın ərzaq təhlükəsizliyi haqda nə düşünür?

İqtisadi İnnovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblı “Deyerler.org”a deyib ki, bu istiqamətdə proqramın qəbul edilməsinə baxmayaraq, onun tətbiqi hələ də reallaşmayıb: “Ümumiyyətlə, Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinə hökumətin də narahatlığı olub. Bu narahatçılığı ifadə edən bir sənəd də hazırlayıblar. Ərzaq təhlükəsizliyi proqramının olması hələ o demək deyil ki, bu proqram yüksək və ya orta səviyyədə həyata keçirilir. Proqramda hədəf olaraq nəzərdə tutulan məsələlərin həll olunmaması ondan xəbər verir ki, əslində həmin proqram sadəcə olaraq proqram xatirinə qəbul edilmiş proqramdır. Eyni zamanda Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı üçün həmin proqramın qəbulunda və proqramın həyata keçirilməsi zamanı xüsusilə iki faktor nəzərə alınmalı idi. Bunlardan birincisi budur ki, ümumiyyətlə, ərzaq təhlükəsizliyinin yüksək səviyyədə qorunması üçün ölkənin idxal səviyyəsi aşağı düşməlidir və idxalı əvəz edən yerli kənd təsərrüfatı məhsullarının istehsalı baş verməlidir. Bu zaman yerli istehsalın artması və idxalın azalması hesabına Azərbaycanda ərzaq təhlükəsizliyi problemini həll etmək olar. Ərzaq təhlükəsizliyi ilə bağlı beynəlxalq metodologiyaya görə, hər hansı ölkədə əgər istehlak olunan ərzağın 50%-dən çoxu idxal hesabına həyata keçirilirsə, bu artıq iqtisadi təhlükəli hal hesab olunur. Dövlət Statistika Komitəsinin etirafına əsasən, Azərbaycanda ərzaq təhlükəsizliyinin ciddi problemi bundan ibarətdir ki, idxalın səviyyəsi 50%-dən artıq, yəni 55% həddindədir.

İkinci tərəf isə ondan ibarətdir ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təminatı üçün ciddi maneələrdən biri də geni modifikasiya edilmiş məhsulların istehsalı artıb. Xüsusilə bazarda geni dəyişdirilmiş məhsulların il-ildən həcminin artması, ona yönəlik reklamların, bazarda ona yönəlik tələbin yüksəlməsi ondan xəbər verir ki, hökumət ərzaq təhlükəsizliyi ilə bağlı bu iki problemi həll edə bilməyib. Onun üçün də qəbul edilən proqramın praktik mexanizmi olmadığı üçün Azərbaycanda ərzaq təhlükəsizliyi proqramının yüksək səviyyədə həyata keçirilməsi haqda danışmaq yerinə düşmür”.

Geri qayıt