Əsas Səhifə > Ölkə > “MƏN QANUNUN QƏBULUNUN ƏLEYHİNƏ DEYİLƏM”

“MƏN QANUNUN QƏBULUNUN ƏLEYHİNƏ DEYİLƏM”


25-10-2011, 15:54
“MƏN QANUNUN QƏBULUNUN ƏLEYHİNƏ DEYİLƏM”

KİMLƏR YENİ QANUNA NƏ REAKSİYA VERİB?

Oktyabrın 25-də Milli Məclisdə “Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” konstitusiya qanunu layihəsinin müzakirəsi zamanı deputatlar təklif və iradlarını bildiriblər.

“Media forum” saytının məlumatına görə, layihəni Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim edib. Komitə sədri deyib ki, qanun Azərbaycanın dövlətçilik ənənələrinin inkişafına xidmət edəcək, sivil, mədəni siyasi münasibətlərin formalaşmasında böyük rol alacaq”.

Vahid Əhmədov qanunun eks-prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə şamil olunub-olunmayacağını soruşub. Spiker Oqtay Əsədov və komitə sədri Əli Hüseynli deyiblər ki, bu məsələ birmənalıdır və qanun hər iki keçmiş prezidentə də şamil olunacaq.

“Mən qanunun qəbulunun əleyhinə deyiləm. Dünyanın bütün sivil cəmiyyətlərində eks-prezidentlərin hüquqi vəziyyətini müəyyənləşdirən qanun var. Azərbaycanda belə bir qanunun qəbulu yerinə düşür”. YAP-ın icra katibi Əli Əhmədov belə deyib.

Deputat qanunun sabiq prezident Ayaz Mütəllibova şamil olunması məsələsinə belə münasibət bildirib: “Ayaz Mütəllibov prezidentlikdən istefa verdikdən sonra zorla prezidentliyi öz üzərinə götürmək istəyib. Qeyri-qanuni yolla hakimiyyəti zəbt edib və sonra da hakimiyyətdən kənarlaşdırılıb. O özü istefa verib, yoxsa zorla hakimiyyətdən uzaqlaşdırılıb? Bu məsələ açıq qalır. Bu gün o, 20 idir cinayət törətmiş şəxs kimi mühacirət həyatı yaşayır. Bu məsələyə də aydınlıq gətirilməlidir. Bundan sonra qanunun tətbiqi mümkündür. Qanun qəbul olunmalıdır. Qanunun kimlərə, o cümlədən Ayaz Mütəllibova şamil olunması məsələsində isə Konstitusiya Məhkəməsi rəyini verməlidir”.

Zahid Oruc, Fəzail Ağamalı, Elman Məmmədov qanunun qəbulunun əleyhinə olduqlarını vurğulayıblar. Hər üç deputat fikirlərini “Ayaz Mütəllibovun hakimiyyətdə olduğu dövrdə çoxsaylı cinayətlər törətməsi ilə” əsaslandırıblar. Spiker Oqtay Əsədov Elman Məmmədovun cavab olaraq bildirib ki, Ayaz Mütəllibov prezident səlahiyyətlərini, vəzifələrini yerinə yetirə bilsəydi, istefa verməzdi, 5 il vəzifədə qalardı: “Ancaq kimin qəbul edib-etməməsindən asılı olmayaraq fakt odur ki, o, prezident olub”.

Elmira Axundova qeyd edib ki, qanundakı bir çox mürəkkəb suallara Konstitusiya Məhkəməsi rəy verməlidir: “Qanun eks-prezidentlər Ayaz Mütəllibov və Əbülfəz Elçibəyə, onların ailələrinə də şamil olunmalıdır”.

İqbal Ağazadə qeyd edib ki, qanunun qəbulu ölkədə barış mühitinin yaradılmasında mühüm rol oynaya bilər. Deputat qanunun hər üç sabiq prezidentə şamil olunmasının vacibliyini vurğulayıb və həmkarlarını qanunun qəbuluna səs verməyə çağırıb.

Musa Quliyev deyib ki, qanuna münasibətdə Heydər Əliyev və Əbülfəz Elçibəylə bağlı fikir ayrılığı yoxdur: “Fikir ayrılığı əsasən Ayaz Mütəllibovla bağlıdır. Qanunun Ayaz Mütəllibova şamil olunması üçün Konstitusiya Məhkəməsinin rəyi olmalıdır”.

Qüdrət Həsənquliyev deyib ki, sabiq prezidentlərə indiki prezidentin aldığı maaşın 80 faizi həcmində təqaüd verilməlidir: “Qanun da elə yazılmalıdır ki, Konstitusiya Məhkəməsinin şərhinə ehtiyac qalmasın. Ayaz Mütəllibov çox ağır cinayətlərdə ittiham olunur. Həm 20 Yanvar, həm Xocalı faciəsində. Buna baxmayaraq mən qanunun qəbuluna səs verəcəm. Bu qanun Əbülfəz Elçibəyə də şamil olunmalıdır. Layihədə mühafizəçilərin silah gəzdirməsi və eks-prezidentin evinin mühafizəsi məsələsi də əksini tapmalıdır”.

Əli Məsimli qeyd edib ki, qanun müasirdir: “Bu qanuna səs verəcəm. İctimai rəy bu məzmunda qanunun qəbulunu istəyir”.

Məlahət İbrahimqızı bildirib ki, qanun layihəsi birinci oxunuşda səsverməyə çıxarılmazdan öncə Konstitusiya Məhkəməsi rəy verməlidir: “Belə bir qanun vətəndaş konsensusunun, vətəndaş birliyinin təmin olunmasında mühüm sənəddir. Ancaq bu qanundan öncə keçmiş prezidentlərin günahlarının, hərəkətlərinin reablitasiyası ilə bağlı bir sənəd qəbul edilməlidir”.


Geri qayıt