Əsas Səhifə > Cəmiyyət > YAP ÜZVÜ DƏ ÖZBAŞINALIQDAN TƏNGƏ GƏLİB

YAP ÜZVÜ DƏ ÖZBAŞINALIQDAN TƏNGƏ GƏLİB


11-07-2012, 15:29
YAP ÜZVÜ DƏ ÖZBAŞINALIQDAN TƏNGƏ GƏLİB

DEMƏLİ, ADAMI ƏZƏNDƏ “PARTBİLET”Ə BAXMIRLAR

Çərşənbə günü Media Mərkəzdən hakim “Yeni Azərbaycan” partiyasının Nəsimi rayon təşkilatının idarə heyətinin üzvü Arif Rüstəmov məmur və məhkəmə özbaşınalığından danışıb.

Üç ildən çoxdur ki, o, reketə və məhkəmə ədalətsizliyinə məruz qalır. O, müvafiq orqanlardan icazə alaraq, paytaxtın Suraxanı rayonu ərazisində qızı üçün ev tikib. Lakin üç il əvvəl ata və oğul Rüstəmovlar (Pərvaz və Rüstəm) peyda olaraq, Zığdan Suraxanıya qədər 100 ha-lıq ərazi onların ata-babasına məxsus olduğunu bildiriblər. Rüstəmovlar ondan pul tələb ediblər. 4 min manat düzəldən Arif Rüstəmov pulu onlara verib. Lakin bununla iş yekunlaşmayıb və onu hədələməyə davam ediblər. İş o yerə çatıb ki, iki il əvvəl Rüstəmovlar ailənin bütün üzvlərini döyüblər, Arif Rüstəmovun qızını və oğlunu isə bıçaqlayıblar.

Arif Rüstəmov polisə müraciət edib və basqınçılar barəsində 221.3-cü (xuliqanlıq) maddə ilə cinayət işi açılıb. Lakin məhkəmə hər ikisini şərti cəzaya məhkum edib (3,5 il oğul və 2,5 il ata).

Arif Rüstəmov apellyasiya şikayəti verib və Apellyasiya Məhkəməsinin hakimi Abdin Abdinbəyov Suraxanı rayon Məhkəməsinin qərarını ləğv edib və işi təkrar istintaqa göndərib.

Ali Məhkəmə Arif Rüstəmovun kassasiya şikayətinə cavabda Abdin Abdinbəyovun qərarını ləğv edib və işi yenidən Apellyasiya Məhkəməsinə göndərib.

“Ali Məhkəmənin hakimi Şahin Yusifovla görüşdüm və məsələ ilə bağlı ona məlumat verdim. Buna cavabda o dedi ki, böyük bir şey baş verməyib ki, sizi öldürməyiblər, sadəcə həyat yoldaşını və qızını bıçaqlayıblar. Hakimin bu sözlərindən dəhşətə gəldim”, deyə Arif Hüseynov bildirib.

“Rüstəmovların kim olduqlarını, kiminlə əlaqədə olduqlarını və kimə işlədiklərini bilmirəm. Sadəcə onlar hər yerdə hər şeyi ələ keçiriblər. Ali Məhkəmədə proses iyulun 18-nə təyin edilib və əminəm ki, onlar sudan quru çıxacaqlar”, deyə o qeyd edib.

İndiyədək təmsil etdiyi partiyanın rəhbərliyinə müraciət etməməsinin səbəbi ilə bağlı suala cavabda Arif Rüstəmov qeyd edib ki, o, prokurorluğa, prezident administrasiyasına müraciət edib, orada baş verənlərə açıq-aşkar təəccüb ediblər. “Partiyanın buraya aidiyyatı yoxdur. Bütün bunları məmurlar edir və prezidentin imicinə zərbə vurur”.

“Ədaləti bərpa etmək, həddini aşanların qarşısını almaq, mənə kömək etmək xahişi ilə prezidentə müraciət edirəm, əks halda məni və ailəmi öldürəcəklər. Rüstəmovlar buna dəfələrlə söz verib”, deyə Arif Rüstəmov bildirib.

Geri qayıt