Əsas Səhifə > Gündəm, Manşet > HAKİMİYYƏT SEÇKİLƏRƏ XÜSUSİ HAZIRLIQ GÖRÜR

HAKİMİYYƏT SEÇKİLƏRƏ XÜSUSİ HAZIRLIQ GÖRÜR


11-07-2012, 13:09
HAKİMİYYƏT SEÇKİLƏRƏ XÜSUSİ HAZIRLIQ GÖRÜR

BEYNƏLXALQ TƏŞKİLATLARA MÜŞAHİDƏÇİLİK STATUSU VERİLMƏYƏCƏK

DİA.AZ: - Qarşıdan 2013-cü il prezident seçkiləri gəlir. İndidən görmək mümkündür ki, YAP iqtidarı məhz yeni seçki mərhələsinin tədarükündədir. Elə dünənə qədər işi-gücü ancaq müxalifəti və ayrı-ayrı qeyri-hökumət təşkilatlarını hədələmək olan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun açıq, əlçatan bir iqtidar fiquruna çevrilməsi də məhz seçki hazırlıqlarının bir nümunəsi kimi qəbul olunmalıdır.

Bununla bağlı DİA.AZ-ı məlumatlandıran hökumət içindəki məlumatlı mənbə iddia edir ki, 2013-cü il sekilərində rəsmi Bakının beynəlxalq təşkilatlarla bağlı xüsusi planı həyata keçiriləcək: «Əslində bu plan 2008-ci ildən etibarən bütün seçki proseslərində həyata keçirilib. Sadəcə olaraq 2013-cü il seçkilərində vəziyyət daha da gərginlik nöqtəsinə yaxınlaşacaq».

Xatırladaq ki, son seçkilərdə ATƏT-in seçki-müşahidə missiyası olan ATƏT DTİHB-nin Azərbaycanda fəaliyyəti əngəllənmişdi. Bunun əvəzində isə MDB-nin qondarma müşahidə qurumları seçkiləri dəyərləndirdilər ki, onların da qənaətlərinin Azərbaycan MSK-sının açıqladığı rəqəmlərlə üst-üstə düşməsi təbii idi.

Məlumatlı mənbə bildirir ki, 2013-cü il prezident seçkilərinə qədər beynəlxalq qurumlarla vəziyyətin daha da gərginləşəcəyini ehtimal edən rəsmi Bakı ümumiyyətlə gələn ilki prosesləri tam izolə şəraitində yola verməyi düşünür: «Yenə də ənənəvi viza məsələsi ilə əcnəbi müşahidəçilərin Azərbaycana buraxılmasının qarşısı alınacaq. Diqqət yetirin, hakimiyyət üçün çox vacib olan «Avroviziya-2012» mahnı yarışması belə əcnəbilərin Azərbaycana gəlişindəki süni viza probleminin aradan qaldırılmasına nədən ola bilmədi. Yəni bütün bunlar əslində birdəfəlik olan hansısa tədbir səbəbindən ümumi maraqların qurban verilməməsinin təzahürü idi».

Mənbəmiz onu da əlavə etdi ki, yerli seçki müşahidə missiyaları da yalnız hakimiyyətin süzgəcindən keçirildikdən sonra prosesdə nəzarət hüququ əldə edəcəklər: «Maraqlı bir situasiya da yaranır. Plana görə, hansısa QHT-nin kənardan, yəni MSK-nın icazəsi olmadan seçkiləri müşahidə etməsi halında onlara qarşı cinayət işi də açılacaq və bu hal «seçkilərə müdaxilə» kimi qiymətləndiriləcək».

Bir sözlə, bütün bunlardan belə aydın olur ki, rəsmi Bakı üçün gələn il çox mühüm əhəmiyyət daşıyır və YAP iqtidarı çox ciddi tədarük içindədir. Bəs rəqibləri necə?...

Geri qayıt