Əsas Səhifə > Siyasət, Manşet > TEHRAN İNDİ DƏ AZƏRBAYCANA JEST EDİR

TEHRAN İNDİ DƏ AZƏRBAYCANA JEST EDİR


10-07-2012, 12:35
TEHRAN İNDİ DƏ AZƏRBAYCANA JEST EDİR

GÜNEY AZƏRBAYCANIN CULFASINDA SƏHRA XƏSTƏXANASI YARADILDI

DİA.AZ: - Belə yerdə deyirlər, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan «arannyus» portalında «İran Azərbaycanın antiİran təbliğatına cavab olaraq Culfada ən böyük səhra xəstəxanasını yaradır» başlıqlı xəbər yayılıb. Yəni elə xəbərin adından da görünür ki, rəsmi Tehran Azərbaycanı ona qarşı təbliğat aparmaqda suçlayır.

Əslində məsələnin üzərindən «nə isə» deyib keçmək də olardı. Amma bu dəfə oğrunun bağırtısının heç bir əndazəyə sığmaması adamı ayaq saxlamağa vadar edir. Hər halda, bu xəbəri yayan fars-molla mirzələri də yaxşı bilirlər ki, «Avroviziya» yarışmasını bəhanə edib iki gündən bir ağızlarına gələni dövlətimizin və millətimizin ünvanına yağdıranlar onlar idi, biz yox. Hər addımında Azərbaycanın bir dövlət olaraq ayrı-ayrı Tehran rəsmiləri və iranlı ayətullahlar tərəfindən aşağılanması da uzaq keçmişə aid deyil. Son olaraq isə hələ də fars zindanlarında girov tutulan gənc şairlərimizə «İsrail casusu» damğasını vurub, onların kəndirə hazırlanmasını demirik.

DİA.AZ olaraq, bu məsələyə reaksiya verməyə də bilərdik. Amma məlumdur ki, Azərbaycandan İrana müalicə üçün hər gün onlarla vətəndaş yol almaqdadır. Və bu faktdan sui-istifadə edən fars-molla rejimi özü barəsində «Tereza Ana» obrazı yaratmaq fikrinə heç də düşməsin. Çünki burdan İrana müalicə üçün gedənlərimiz heç də müftə xidmətlərdən istifadə etmirlər. Beləliklə «arannyus» portalında yer alan materialı diqqətinizə çatdırırıq:

«"İran və onunla qonşu ölkələrin əlverişsiz sərhəd bölgələrində yaşayan əhaliyə səhiyyə xidməti göstərmək üçün Tibb Cəmiyyətinin ən böyük səhra xəstəxanası qurulur".

AranNews - Təbriz Tibb Cəmiyyətinin canişini Rəsul Sadiq "Fars"-ın müxbirinə müsahibəsində Azərbaycan Respublikasının anti-İran təbliğatına işarə edərək, Culfada ən böyük səhra xəstəxanası qurulmasından xəbər verib: "Azərbaycan ölkəsinin İrana qarşı mənfi təbliğatı ilə mübarizə məqsədilə Culfada İran, Naxçıvan və Bakının əlverişsiz sərhəd bölgələrində yaşayan əhaliyə peşəkar və subspecialty tibbi xidmətlər göstərmək üçün Tibb Cəmiyyətinin ən böyük səhra xəstəxanası qurulur".

O artırıb: "Bu zəminədə 10 iyundan başlayaraq bir həftə müddətində Culfanın Siyahrud bölgəsində bütün inkişaf etmiş tibbi imkanları, o cümlədən endoskopi, mamalıq-ginekologiya və pediatriya, ürək və müxtəlif cərrahiyyə əməliyyatları xidmətləri göstərə bilən " Fatimeyi-Zəhra (ə)" ixtisas və subspecialty səhra xəstəxanası qurulacaq".

Rəsul Sadiq bu xəstəxanada 200 personalın xidmət göstərəcəyini də vurğulayaraq artırıb: "Tibb Cəmiyyətinin bu xəstəxananı qurması Böyük Rəhbərin İranın və qonşu ölkələrin imkansız bölgələrində yaşayan əhalisinə xidmət göstərilməsi barədəki göstərişlərinə əməl etmək çərçivəsində həyata keçirilir".

O, müsahibəsinin davamında deyib: "Azərbaycanın sərhəd bölgələrinin vətəndaşları onlar üçün nəzərdə tutulmuş tədbirlər əsasında bu xəstəxanaya müraciət edib, bütün tibb və səhiyyə xidmətlərindən istifadə edə bilər və cərrahiyyə əməliyyatı olunması lazım gələn xəstələr pulsuz əməl olunacaq".

"Fatimeyi- Zəhra (ə)" xəstəxanasının müdiri daha sonra deyib: "Azərbaycan əhalisini bu barədə məlumatlandırmaq üçün lazımı tədbirlər görülmüşdür. Xəstəxananın Culfada qurulacağı bir həftə müddətində 35-40 min xəstənin vizit, qəbul, müalicə və cərrahiyyə olunması nəzərdə tutulmuşdur".

Sadiq xatırladıb: "1391-ci ildə ilk və Təbrizdə 5-ci olan "Fatimeyi- Zəhra (ə)" səhra xəstəxanasının göstərəcəyi tibb xidməti 10 milyard riala çatır"».


Geri qayıt