Əsas Səhifə > Ölkə > ZİYA MƏMMƏDOVUN BAŞI DƏRDDƏ

ZİYA MƏMMƏDOVUN BAŞI DƏRDDƏ


9-07-2012, 14:17
ZİYA MƏMMƏDOVUN BAŞI DƏRDDƏ

CAVİD QURBANOV NƏQLİYYAT NAZİRİNƏ “TORBA” TİKİB

Son vaxtlar nəqliyyat naziri Ziya Məmmədov gecələr yuxusunda “ilan qurbağa” görməyə başlayıb. Bir sözlə ölkənin birinci xanımı Mehriban Əliyevanın tapşırıqlarını qulaq ardına vuran nəqliyyat naziri təşviş içindədir. Səbəb isə Kürdəmir rayonunun Mollakənd kəndinin sakini İftixar Ağayevin nəqliyyat nazirini ifşa etməsi ilə bağlıdır.

Qeyd edək ki, İftixar Ağayev 2007-ci ildə Xırdalandakı “Azbentonit” zavodunda istehsalat xəsarəti alıb, dörd barmağını itirib. Zavodun texniki təhlükəsizlik şöbəsinin müdiri və baş mühəndis onu Topçubaşov adına xəstəxanaya aparıb və İftixar Ağayev əməliyyat olunub. “Azbentonit”in rəhbərliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməyiblər. İftixar Ağayevi də bir ay başqa bir evdə girov saxlayaraq baş verənlər barədə danışmasının qarşısını alıblar. İftixar Ağayev birtəhər girovluqdan yaxa qurtarıb. Bundan sonra “Azbentonit” zavodunun təsisçisi Aydın Məmmədov və icraçı direktor Yasin Xəlilov ona hədə-qorxu gələrək şikayət edəcəyi təqdirdə anası ilə haqq-hesab çəkəcəklərini bildiriblər.

Ona birdəfəlik 700 manat verərək pensiya düzəltməyiblər. Dövlət sosial komissiyasında onu üçüncü dərəcəli əlil qrupuna daxil ediblər və buna görə hər ay 30 manat alıb. Sənədlərdə də qeyd olunub ki, İftixar Ağayev istehsalat yox, məişət xəsarəti alıb.

İftixar Ağayev baş verənlərlə bağlı zavodun qeyri-rəsmi sahibi Ziya Məmmədova və ombudsman Elmira Süleymanova müraciət edib. Lakin müraciətlərin nəticəsi olmayıb. Bu halda İftixar Ağayev ölkənin birinci xanımı, deputat Mehriban Əliyevaya üz tutub. Mehriban Əliyeva Ziya Məmmədov və Elmira Süleymanovanın iştirakı ilə onu qəbul edib. Ölkə başçısının xanımı nəqliyyat nazirindən şikayətçini işə bərpa etməyi tələb edib. Həmçinin Ziya Məmmədova bildirib ki, İftixar Ağayevin başına bir iş gələcəyi təqdirdə o məsuliyyət daşıyacaq. Bundan sonra İftixar Ağayev işə bərpa olunub. Lakin az keçməmiş yenidən işdən çıxarılıb.

İftixar Ağayev bütün bunları bu günlərdə keçirdiyi mətbuat konfransında danışıb.

Məlumatlara görə, Ziya Məmmədov da məhz bundan sonra əl-ayağa düşüb. Çünki İftixar Ağayevin açıqlamalarından bəlli olur ki, nazir Mehriban Əliyevanı aldadıb. Məlumatlarda deyilir ki, Ziya Məmmədov vəziyyətdən çıxmaq üçün hətta “Azbentonit”in rəhbərliyi barədə cinayət işi başlanılmasına çalışır. O, bununla özünün baş verənlərdə hər hansı təqsiri olmadığını sübut etmək istəyir. Ziya Məmmədov düşünür ki, əks-təqdirdə sərt cəzalandırıla bilər.

Daxil olan məlumatlarda bildirilir ki, Ziya Məmmədovun başı qarışıq olduğundan sözü gedən məsələnin həllini “Azəryolservis” ASC-nin rəhbəri, deputat Cavid Qurbanova tapşırıb. Lakin Ziya Məmmədovun etibarından istifadə edən Cavid Qurbanov çoxdankı arzusunu həyata keçirə bilib.

Mənbənin bildirdiyinə görə, sözün əsl mənasında Cavid Qurbanov Ziya Məmmədova “torba” tikib. Çünki bir müddət əvvəl nəqliyyat naziri ilə “Azəryolservis” şefi arasında yaranmış “soyuq müharibə”ni bitirmək üçün Cavid Qurbanov bu yolla Ziya Məmmədova “quyu” qazaraq onu birinci xanım Mehriban Əliyevanın yanında pis vəziyyətdə qoyub. Mənbə qeyd edir ki, Cavid Qurbanov çoxdan bəri nəqliyyat naziri olmaq uğurunda apardığı mubarizəsində hər zaman Ziya Məmmədovun “vurulmasında” xüsusi marağı olub.

Geri qayıt