Əsas Səhifə > Güney Press, Araşdırma > 20 İL SÜRGÜNDƏ

20 İL SÜRGÜNDƏ


8-07-2012, 12:44
20 İL SÜRGÜNDƏ

AYAZ MÜTƏLLİBOV PREZİDENTİN YARI QƏDƏRİNDƏ MAAŞ ALACAQ

Dünən axşam saatlarında Bakıya birdəfəlik qayıdan keçmiş prezident Ayaz Mütəllibovla bağlı qısa bir araşdırmanı diqqətinizə təqdim edirik.

Bildirək ki, Mütəllibov 1990-cı ildə Azərbaycana rəhbərlik edib, 1991-ci ilin oktyabrında ölkənin ilk prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın 14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan Moskvada yaşayıb. Bu illər ərzində Ayaz Mütəllibov yalnız bir dəfə – 2011-ci ilin avqustunda oğlu vəfat edəndə prezident İlham Əliyevin razılığı ilə Azərbaycana gələ bilib.

Azərbaycanda onun haqqında cinayət işləri qaldırılıb. 2003-cü ildə məhkəmə onun haqqında həbs qətimkan tədbiri seçib və sabiq prezidentin axtarışı elan olunub.

2012-ci ilin iyun ayında Azərbaycanda yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə tutan konstitusiya qanunu qüvvəyə minib. Bununla da Ayaz Mütəllibov ölkəyə qayıtmaq imkanı əldə edib.

Qanuna görə, keçmiş prezident Azərbaycan Respublikasının prezidenti seçilməzdən əvvəl və Azərbaycan Respublikasının prezidenti səlahiyyətlərini icra edərkən etdiyi hərəkətlərə (hərəkətsizliyə) görə inzibati və ya cinayət məsuliyyətinə сəlb edilə bilməz. O, həmçinin vəzifədə olan prezidentin əməkhaqqının 50 faizi qədər maaş, xidməti avtomobil və mühafizəçilərlə təmin edilir.

Vətənə Moskvadan xanımıyla birgə qayıdan sabiq prezidenti Bakının beynəlxalq aeroportunda qardaşı Əşrəf Mütəllibov, Ayaz Mütəllibovun oğlu Zaur Mütəllibov, gəlinləri, nəvələri, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Mütəllibovun hakimiyyəti dövründə yüksək dövlət vəzifələrində çalışmış bəzi şəxslər, bir sıra tərəfdarları qarşılayıblar.

Bundan başqa, sabiq prezidenti Azərbaycan dövlətinin ayırdığı xüsusi avtomobil və mühafizəçilər qarşılayıb. Ayaz Mütəllibov həmin avtomobildə aeroportdan Bilgəhdəki bağ evinə yola düşüb.

Geri qayıt