Əsas Səhifə > Ölkə > NOVRUZ NOVRUZOVUN BİZNES İMPERİYASI

NOVRUZ NOVRUZOVUN BİZNES İMPERİYASI


8-07-2012, 12:27
NOVRUZ NOVRUZOVUN BİZNES İMPERİYASI

ŞABRANIN İCRA BAŞÇISI SASANİ HÖKMDARININ TİKDİRDİYİ QALANI UÇURDUR

Bir müddət əvvəl xəbər vermişdik ki, Şabranın icra başçısı Novruz Novruzov rayonda dəvə yığmına start verib. Məlumatlarda qeyd edilirdi ki, icra başçısı rayonda fəaliyyət göstərən müxtəlif dövlət qurumlarının rəhbərlərinə dəvə öhdəliyi qoyub. Əks halda isə həmin şəxslər işdən qovulacaqları ilə hədələnirdi. Bildirilirdi ki, rayonda icra başçısına məxsus dəvə ferması fəaliyyət göstərir ki, elə bu baxımdan da N.Novruzov fermasında dəvə artımını idarə və müəsissə rəhbərlərinin boynuna qoyub.

Bu gün isə Novruz Novruzovun dəvə biznesinin təfərrüatları barədə məlumatlar almışıq.

“AzeriNews.org”-a daxil olan məlumatlarda bildirilir ki, Şabranın icra başçısı ölkədə dəvə ətinin satışının təşkilindən özü üçün bisnes imperiyası qurub. Bu barədə məlumatlı mənbənin verdiyi məlumata görə, Novruz Novruzovun fermasında saxlanılan dəvələr hər həftə kəsilərək bahalı delikates kimi Bakının elit restoranlarına satılır. Belə restoranlardan biri xüsusilə Sumqayıtın Corat qəsəbəsində yerləşir. Həmin restoranda ölkədə ləzzəti ilə ad çıxarmış dəvə qutabı verilir. Dəvə ətindən başqa da Novruz Novruzov heyvanlardan əməlli başlı “yun qırxır”. İcra başçısına dəvə yunundan toxunmuş xalçalar Avropada çox baha qiymətə satıldığından külli miqdarda gəlir gətirir. Bildirilir ki, Şabranda bəslənən dəvələrin yunu Quba və Şamaxıya aparılır. Həmin yundan isə sırf Avropa bazarlarına göndərilmək üçün nəfis xalçalar toxunur. Hazırda əsasən Avropada satılan belə xalçaların ixracı ilə təbrizli xalçaçılar məşğuldur. Fermalara isə yad bir şəxsin giriş-çıxışı qeyri mümkündür. İcra başçısı dəvə fermalarının ərazilərinə tikanlı məftillər çəkdirib və gecə-gündüz ciddi şəkildə mühafizə olunur. Bir sozlə Novruz Novruzov fermalarının mühafizəsini “faşıst” düşərgələrinə bənzədib. Fermanın yaxınlığından yolu düşən rayon sakinləri ordan keçməyə qorxurlar.

Bundan əlavə “AzeriNews.org”-a mənbənin bildirdiyinə görə, Novruz Novruzov Sasani hökmdarlarının IV-VI əsrlərdə tikdirdiyi Çıraqqala qalasını istirahət və əyləncə mərkəzinə çevirib. Tarixi abidə ətrafında Novruz Novruzova məxsus bir neçə istirahət komplekslərinin qızğın tikintisi getdiyindən isə Çıraqqala qalasının uçma ehtimalı yaranıb. Bildirilir ki, Novruz Novruzovu tarixi abidə maraqlandırmır. İcra başçısı yalnız biznes maraqlarına önəm verdiyindən sıldırım qayanın zirvəsində qərar tutmuş tarixi abidəni unudub.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Geri qayıt