Əsas Səhifə > Ölkə > ƏBÜLFƏZ EIÇİBƏYƏ QARŞI DAHA BİR İTTİHAM

ƏBÜLFƏZ EIÇİBƏYƏ QARŞI DAHA BİR İTTİHAM


6-07-2012, 14:13
ƏBÜLFƏZ EIÇİBƏYƏ QARŞI DAHA BİR İTTİHAM

GENERAL BƏRŞADLININ OĞLUNDAN GƏLDİ

“Elçibəy atama verdiyi vədə sahib çıxmadı”

“Ermənistanla hərbi münaqişə başlayanda atam doktrinanı hazırladı. O prezident Elçibəyə təqdim edilmişdi və bəyənilmişdi”

Bu gün müstəqil Azərbaycanın ilk müdafiə naziri, sonralar Baş Qərargah rəisi olmuş mərhum general-leytenant Valeh Bərşadlının doğum günüdür. Bir gün əvvəl Modern.az saytının ofisində qonaq olmuş peşəkar hərbçinin oğlu Ruslan Bərşadlı atası ilə bağlı xatirələrlə bərabər, onun zəfərləri və məğlubiyyətlərini də paylaşdı.

– Bərşadlı nəslində atama qədər hərbçi olmayıb. Qubadlının Eyvazlı kəndində doğulmuş atamın atası, yəni babam Əyyub Bərdşadlı kolxoz sədri olub. O, 1937-38 illərdə sabotajçılıqda ittihamlanaraq repressiya məruz qalıb. Atamgil üç qardaş olublar, bir qardaşı hərbçi, digəri isə mühəndis olub. Atam Valeh Bərşadlının əsl təvəllüdü 1930-cu ildir, amma hərbi xidmətə çağırılması, yəni əslində Böyük Vətən müharibəsində iştirak eləmək üçün o, yaşını üç il böyüdüb. 1944-cü ildə isə hərbiyə gedib. O, ömrünün sonuna qədər hərbi xidmət sahəsində çalışıb və sıravi kursantdan Baş Qərargah Akademiyasının müdaviminə qədər böyük yol keçib. Valeh Bərşadlı 50 yaşında sovet ordusunda general-leytenant rütbəsi almış ilk azərbaycanlı idi.

– Azərbaycana gəlməmişdən öncə Valeh Bərşad haralarda xidmət edib?

– İlk xidmət yeri Belarusda olub. Sonralar Moldovada, daha sonralar Cəmşid Naxçıvanski adına hərbi məktəbə təyinat alıb. Azərbaycana gəlməmişdən öncə atam Almaniyada sovet hərbi kontingentində komandanın birinci müavini olub. Mərhum prezidentimiz Heydər Əliyevin təkidlərindən sonra atam öz doğma yurduna qayıdıb. Azərbaycanda kadr azlığının olmasını nəzərə alıb onun Bakıya gətirilməsinə nail olunub və bu gün tanıdığımız bir sıra generallar onun tələbəsidir.

– SSRİ dövründə azərbaycanlının rütbədə yüksəlişi nadir hadisə idi. Atanızın general-leytenant rütbəsinədək yüksəlməsi, həm də 50 yaşında, heç maneələrlə qarşılaşmayıb?

– Maneələr təbii ki, vardı. Amma ailədə heç vaxt belə şeylərdən söz açmazdı.

– Heydər Əliyevlə tanışlığı hansı dövrə təsadüf edir?

– Birinci katib vəzifəsində işləyərkən, atam Almaniyada idi. Tanışlıqları da, bildiyim qədər elə o vaxtlara təsadüf edir. 1970-ci illərdə atam Bakı şəhərinə gələndən onlar əlaqəni heç vaxt itirməyiblər. Hətta xatırlayırsınızsa, Heydər Əliyevin son çıxışı da Valeh Bərşadlı haqqında idi.

– Hərbi məktəbdə neçə il işlədi?

– 1970-1980-ci illər arasında hərbi məktəbdə işləyib. 1987-ci ildə artıq atam pensiyaya çıxdı. 90-cı illərin əvvəlində isə onu Müdafiə Nazirliyinə dəvət etdilər.

– 90-cı ildə “Bərşadlı planı” deyilən hərbi doktrina hazırlanmışdı...

– Ermənistanla hərbi münaqişə başlayanda atam doktrinanı hazırladı. O prezident Elçibəyə təqdim edilmişdi və bəyənilmişdi. Amma vəzifəyə gəlmiş AXC funksionerlərinin siyasi intriqaları bu doktrinanın həyata keçməsinə mane oldu. Halbuki, müzakirə zamanı eks-prezident, o vaxtlar Ali Baş Komandan olan Elçibəyin özü “Cənab general, mən özüm də sizin əsgərinizəm” demişdi.

– Atanızı müdafiə naziri vəzifəsində əvəz etmiş Rəhim Qazıyevlə münasibətləri necə idi?

– O, həmişə deyərdi ki, Azərbaycanın ən çox çatışmayan cəhətlərindən biri istənilən sahə mütəxəssisinin öz sahəsində deyil, başqa sahədə çalışmasıdır. Deyirdi ki, hətta Elçibəy dövründə onu vəzifəyə təyin edərkən şərt kəsmişdi ki, hərbi işdə heç kim işinə müdaxilə etməyəcək. Amma Elçibəy verdiyi sözün üstündə dura bilmədi. Rəhim Qazıyev hər şeyə müdaxilə edirdi. Peşəkar hərbçi olan atam bir şeydə israr edir, Əbülfəz Elçibəyə təzyiq göstərən, hərbi təcrübəsi olmayan riyaziyyat müəllimi Rəhim Qazıyev isə öz istədiyinə nail olurdu. Keçmiş baş prokuror Murad Babayevin Modern.az-a verdiyi müsahibədə xatırlanan epizodu bir daha təkrar etmək istəmirəm. Həyat, sonradan baş vermiş proseslər, xüsusilə cəbhədəki ağır məğlubiyyətlər Valeh Bərşadlının haqlı olduğunu isbatladı.

– “Cənab general, mən özüm də sizin əsgərinizəm” demiş Elçibəydən incikliyi vardımı?

– Deyirdi ki, Elçibəy yaxşı insandır, amma zəif siyasi rəhbərdir. Çünki atama verdiyi sözə əməl etməmişdi. Bununla belə, atamı istefaya göndərəndən sonra Əbülfəz Elçibəy onun təcrübəsini nəzərə aldı, Naxçıvanski adına hərbi məktəbə rəis təyin etdi. Dünyasını dəyişənəcən o, bu vəzifədə qaldı.

– Bəs Baş Qərargahdakı digər hərbçilər: Dadaş Rzayev, Vahid Musayev, Zaur Rzayev və s. Onlar niyə Valeh Bərşadlıya dəstək olmurdu?

– Atama hərbçilər arasında çox böyük hörmət var idi. Çünki əksəriyyət onun rəhbərlik etdiyi hərbi məktəbdə yetişmişdi. Amma bu insanlar da çətin anlarda, mühüm məqamlarda siyasi xadimlərin çıxardığı qərarla müdaxilə edə bilmirdilər.

– Qarabağda gedən müharibənin sonu ilə bağlı nə deyirdi?

– Azərbaycanın hər zaman qalibiyyətinə inanırdı və cavab olaraq deyirdi ki, əgər məsələyə onun dediyi kimi yanaşsalar, əlbəttə, qalib gəlmək olar. Demişdi ki, hətta iki həftədən sonra bayrağımızı Xankəndində də ucalda bilərik. Atam bu məsələ ilə bağlı hətta Heydər Əliyevlə, onun qardaşının bağ evində görüşmüş və məsələni müzakirə etmişdi.

– Qubadlı işğal olunanda Valeh Bərşadlı bu hadisəni necə qarşıladı?

– O həmişə təəssüflənirdi. Təəssüflənirdi ki, orduda nizam-intizamın düzgün qurulmayıb, daxili hərc-mərcliyin baş alıb gedir... Deyirdi ki, biz qalib gələ bilmədik. Halbuki qələbənin beş addımlığındaydıq. O günlərdə çox pərişan idi... O hər zaman deyərdi ki, xalqımız içərisində mərd , vətənimiz uğrunda öz canını qurban verməyə hazır olan oğullar çoxdur. Amma çox təəssüflər ki, bu mərd oğlanları bir araya gətirib, vahid hərbi komanda altında döyüşə göndərən insan olmadı.

– Yəqin ki, ən azı intuisiyası ilə cəbhənin əks tərəfində olan erməni qoşunlarına hər zaman yardım göstərənin kim olduğunu da yaxşı anlayırdı, eləmi?

– Sözsüz, Rusiyanın hər zaman Qafqaza qarşı böyük maraqları olub. Qafqaz uğrunda əsrlərdən bəri günahsız yerə qanlar axıdılıb. Atam bunu anlayırdı...

– Ailəniz haqqında demək olar ki, heç nə məlum deyil?

– Atam 20 yaşında evlənmişdi. Hələ kursant ikən. Belarusda. İki qardaş, bir bacıyıq. Qardaşım Eldar Bərşadlı hərbçidir.

– İndi harada xidmət edir?

– Rusiyada.

– Onu rus-sovet generalı Şatalinlə qohumluq tellərinə malik olması doğrudurmu?

– Eldar raket-artilleriya qoşun növü üzrə Akademiyanı bitirib. Həyat yoldaşı keçmiş SSRİ daxili qoşunlarının komandanı Şatalinin qızıdır.

– Ümumiyyətlə, Valeh Bərşadlı necə ata olub? Adətən, hərbçilər, sərt təbiətli, intizam tələbkarı olurlar...

– Ciddi insan idi və evdə hər zaman nizam-intizam qaydalarını pozmamağı bizə də məsləhət görürdü. Atam hər zaman iş başında olmasına baxmayaraq, bizə vaxt ayırırdı. Onun mənə qarşı diqqəti daha çox olub, hətta bir dəfə evə gec gəlməyimə belə möhkəm hirslənirdi. O, bizlərdən də çox nəvələrini sevirdi və onlara xüsusi vaxt ayırırdı.

– Atanızın yaxın dostları arasında Kamran Hüseynovun da adı çəkilir...


– Doğrudur, onlar çox yaxın dost olublar.

– Maraqlıdır, Kamran Hüseynov Kəlbəcərin işğalından sonra onların yerləşməsi üçün böyük işlər görüb, bəs Valeh Bərşadlı Qubadlıdan olan qaçqınlara necə yardım edib?

– Onun qəbulunda həmişə doğma yurd-yuvasından ayrı düşmüş insanları görmək olardı.

– Valeh Bərşadlının hobbisi nə idi?

– Ovu çox xoşlayırdı. Hələ bağ evində kabab çəkməyini görəydiniz... Bunu ustalıqla edirdi və heç bir mahir aşpazdan geri qalmırdı. Xüsusilə, öz ad gündə kabab bişirilməsini yaddan çıxartmaz və qohumlara onun bişirilmə qaydasını da öyrədərdi. “Kabab bişirməyin üç şərti var”, deyərdi. İlk növbədə ətin duzu əvvəlcədən vurulmalı və basdırılmalıdır. Daha sonra közü çox da isitmədən kababı şişə keçirdib, bişirmək lazımdır...

– Sabah (müsahibə dünən götürülüb – red.) Valeh Bərşadlının doğum günüdür. Atanız bu günü necə qeyd etməyi xoşlayırdı?

– O, doğum gününü bağ evində, qohumların ətrafında qeyd edirdi. Atam qohumları ilə heç vaxt get-gəlişi pozmurdu. Hətta bizə bunu zaman-zaman irad da tuturdu. Vaxtınız az olsa belə, heç vaxt qohumlarla get-gəlişi pozmayın deyərdi.

– Valeh Bərşadlının doğum günündə siz, yəni ailəsi onu necə yad edəcək?

– Biz hər il atamın doğum günündə Fəxri Xiyabana gedirik, Quran oxutdururuq, qəbri üstə güllər qoyuruq...

– Sizcə, atanızın xatirəsi Azərbaycanda layiqincə qiymətləndirilirmi?

– Atamın xidmətləri danılmazdır. Bunu təvazökarlıqdan uzaq olsa da, təkcə mən yox, hamı deyir. Onun necə peşəkar hərbçi olmağını Azərbaycanda hamı bilir. Amma bu gün adına nəinki küçə, hətta evinin qarşısına barelyef də yoxdur. Haqında cəmi iki kitab nəşr olunub: Abdulla Qurbani və Viktor Tatarenkonun bədii-sənədli əsərləri.

– Əgər Valeh Bərşadlının xatirəsini əbədiləşdirmək imkanı yaranarsa, ev muzeyi təşkil etmək üçün yadigar qalmış əşyalar varmı?

– Bəli, övladları onun hərbi forması, hətta şəxsi əşyalarını belə qoruyub saxlayırlar.


Geri qayıt