Əsas Səhifə > Cəmiyyət > ŞİRİNBACI RZAYEVANIN OĞLU MƏHKƏMƏ QARŞISINDA
ŞİRİNBACI RZAYEVANIN OĞLU MƏHKƏMƏ QARŞISINDA6-07-2012, 13:41 |
VƏSATƏTLƏR TƏMİN OLUNMADI İyulun 6-da Nərimanov Rayon Məhkəməsində İlqar Rzayevin mühakiməsi başlayıb. Məlumatı “Media forum” saytına vəkil Əsabəli Mustafayev verib. Onun sözlərinə görə, prosesdə bir necə vəsatət qaldırıb, amma hakim heç birini təmin etməyib: “İlk vəsatət cinayət işinə xitam verilməsi haqda oldu. Çünki narkotikin İlqar Rzayev aid olması sübuta yetirilməyib. Cinayət işinin materiallarında bununla bağlı heç bir dəlil-sübut yoxdur. Qanunvericiliyə görə, hətta cinayət hadisəsi baş veribsə belə, şəxs yalnız o halda cinayət məsuliyyətinə cəlb oluna bilər ki, onun cinayətə aidiyyəti sübuta yetirilsin. İkinci vəsatət isə İlqar Rzayev haqda həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə dövründə azadlıqda olması haqda oldu. Amma hakim prokurorun mövqeyi ilə razılaşdı, vəsatətlərin heç birini təmin etmədi. Jurnalistlərin normal işləməsi üçün prosesdə video və foto çəkilişlər aparılması haqda vəsatət də təmin olunmadı”. Əsabəli Mustafayev deyib ki, məhkəmə prosesində xeyli insan iştirak edib, zal kiçik olduğuna görə ayaqüstə dayananlar və içəri keçə bilməyənlər də olub: “Ona görə də prosesin daha böyük zalda keçirilməsi haqda vəsatət verdim. Amma məlum oldu ki, Nərimanov Rayon Məhkəməsində ən böyük zal elə proses keçirilən zaldır”. Proses iyulun 20-də davam edəcək. İlqar Rzayev Bakının mərkəzində aparılan yeniliklər zamanı evi uçurulmuş Şirinbacı Rzayevanın oğludur. Şirinbacı Rzayeva müxalif İctimai Palatanın aprelin 22-də Bakının 20-ci sahə massivində keçirdiyi mitinqdə söz alaraq hakimiyyəti sərt tənqid edib. Bundan sonra İlqar Rzayevin ailəsinin yaşadığı evi söküblər, Şirinbacı Rzayevanı və onun digər oğlunu işdən çıxarıblar. İlqar Rzayev mayın 11-də tutulub. Nərimanov Rayon Məhkəməsi onun haqqında həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur. Geri qayıt |