Əsas Səhifə > Siyasət, Manşet > MASALLIDA ÖZBAŞINALIQ HÖKM SÜRÜR

MASALLIDA ÖZBAŞINALIQ HÖKM SÜRÜR


16-09-2011, 11:35
MASALLIDA ÖZBAŞINALIQ HÖKM SÜRÜR

İCRA BAŞÇISI KİMSƏDƏN QORXMADIĞINI SÖYLƏYİR

DİA.AZ: - Masallıda özbaşınalıq özünün ən pik həddinə çatmaqdadır. İcra başçısı Qəzənfər Ağayevin apardığı «islahat»lar nəticəsində artıq rayondakı bir sıra obyektlər tamamilə dağıdılıb və yüzlərlə kiçik iş adamı işsiz qalıb. İndiki vəziyyətdə rayon rəhbərinin bu cür səriştəsiz siyasət yürütməsi isə əhalini hökumətə qarşı çevrirə bilər ki, görünür Ağayev də bunu hələlik hesablaya bilmir.

“Dünya İnformasiya Agentliyinə (dia.az) daxil ola məlumata görə, Qəzənfər Ağayev Masallıda «islahat» eşqinə düşəndən sonra ağlına daha bir məsələ gəlib. Bu dəfə binaların balokonları və artırmalarını sökdürmək barədə qərar verən icra başçısı böyük bir narazılıq üçün ikinci bir zəmin yaratmağa başlayıb.

Rayondan aldığımız məlumatda deyilir ki, Qəzənfər Ağayev Masallı Şəhər İcra Nümayəndəsinin başçısı Laçın müəllimə göstəriş verərək, bu prosesin tezliklə başa çatdırılmasını istəyib. Bunun ardından da Laçın adlı bu şəxs hamıya xəbərdarlıq edib ki, ya özləri balkon və ya artırmaları sökməlidirlər, ya da onlar bu işi həyata keçirəcəklər.

Yaranmış vəziyyətdən narazı düşənlər isə İcra Hakimiyyətinin rəsmilərinə deyiblər ki, bu işləri çox ağır bir məcraya qədər gətirib çıxara bilər. Onların sözlərinə görə, rayonun mərkəzindəki binaların balkon və artırmalarının sökülməsi zamanı yol verilən yanlışlıqlar, etiraz aksiyalarının mütəmadi şəkil almasını şərtləndirəcək.

Çünki həqiqətən də Masallıdakı binaların artırmaları indinin məhsulu deyil və hələ sovet dövründən qalmadır. Bir çoxlarının həmin dövrü əhatə etməsi isə o deməkdir ki, ortada rəsmi icazə olub. Amma Qəzənfər Ağayev üçün bu maraqlı deyil. Elə buna görədir ki, belə bir vəziyyətin yaranmasını istəməyən vətəndaşlara onun adamları xəbər göndərərək, müəyyən məbləğdə pulun müqabilində balkon və ya artırmaları sökməyə biləcəklərini çatdırırlar. Rəqəmin bir qədər böyük olması və rayon əhlinin kasıblıq həddində yaşaması onları bu istəklərini reallaşdırmağa imkan vermir. Məhz bu səbəbdən də qeyd olunan prosesdən qazanc mənbəyi kimi istifadə etməyə çalışan icra başçısı əhalini qorxutmaq üçün bir-neçə şəxsin balkon və ya artırmasını sökməyə start verib.

Qeyd edək ki, İcra Hakimiyyətindəki mənbələr də icra başçısının artıq özbaşınalığa əl atdığını deməyə başlayıblar. Onların sözlərinə görə, Qəzənfər Ağayev heç kimdən qorxmadığını deməklə yanaşı, həm də yerli sakinlərin də problemlərini həll etmək niyyətində olmadığını dilə gətirir. Əvvəllər, bu cür fikirləri məhdud dairədə deyən icra başçısının indi açıq tezislə vurğulaması isə onu söyləməyə əsas verir ki, Qəzənfər Ağayev artıq kimsədən qorxmur və onu hakimiyyətin özü belə maraqlandırmır.


Geri qayıt